Vaşinqtonun yeni ÇİN PLANI: Avropanın strateji iflası – Məşhur tədqiqatçı Mişal Nur “Yeni Çağ” üçün yazdı
Geosiyasətin böyük teatrında pərdə, adətən, qəfil düşmür, işıqlar yavaş-yavaş azalır, aktyorlar son replikalarını pıçıldayır və səhnə gözə çarpmadan dəyişir. Lakin bir neçə gün öncə Tramp administrasiyasının yeni Milli Təhlükəsizlik Strategiyasının (MTS) açıqlanması keçidə yox, daha çox qopmuş bir kəndirə bənzəyirdi.

Onilliklər boyu qlobal nizam konkret və sarsılmaz bir fərziyyə üzərində qurulmuşdu: Amerika Birləşmiş Ştatları Avropanın təhlükəsizliyini və liberal beynəlxalq nizamın qorunmasını özünün sağ qalması ilə eyniləşdirir. Ağ Evin dərc etdiyi 33 səhifəlik sənəd isə bu fərziyyəni dağıdaraq qlobal hegemoniyadan gücləndirilmiş, merkantilist millətçiliyə dərin geri çəkilmənin siqnalını verdi.
Avropa paytaxtlarındakı müşahidəçilər üçün bu sənəd sadəcə siyasət yenilənməsi deyil, Amerikanın təhlükəsizlik çətirinin altından çıxarılma haqqında rəsmi bildirişdir.
Əslində, 2025-ci ilin payızında açıqlanmalı, lakin Çin siyasəti ilə bağlı daxili çəkişmələrə görə gecikmiş MTS “Prioritet Amerikadır” (America First) doktrinasının rəsmi dövlət idarəçiliyinə çevrilməsi deməkdir. Bayden administrasiyasının 2022-ci il strategiyası “ortaq dəyərlərdən” və “alyansların idarə olunmasından” danışdığı halda, yeni sənəd soyuq və sərt şəkildə “al-ver” və “ərazi” dilində danışır. Bu, soyuq müharibədən sonrakı Amerika intervensionizmi dövrünün rəsmi olaraq bitdiyini elan edən bir manifestdir. ABŞ artıq “dünyanın polisi” deyil, Medlin Olbraytın vaxtilə təsəvvür etdiyi mənada “əvəzedilməz millət” də deyil. Vaşinqton indi baxışlarını içəriyə – Vətən torpağına, həmçinin cənuba – Qərb yarımkürəsinə çevirir və ənənəvi transatlantik tərəfdaşlarını yeni reallığın sərt küləkləri ilə üz-üzə buraxır.
Transatlantik boşanma
Yeni strategiyanın ən sarsıdıcı tərəfi və Brüssel, Berlin, Parisdə ayrıca müzakirələrə hakim olacaq hissəsi alyans şəbəkəsinin radikal şəkildə yenidən tərif edilməsidir. Yetmiş il ərzində NATO Qərb təhlükəsizliyinin təməl daşı olub. Lakin yeni MTS onu təməl daşından çox, boyuna asılmış ağır yük kimi təqdim edir.
Sənəd Amerikanın rolunu “ön xətt lideri”ndən “arxa sırada icraçı”ya çevirir. Bu semantik dəyişikliyin əməli baxımdan çəkisi olduqca böyükdür. Bu o deməkdir ki, gələcək qitə böhranlarında ABŞ artıq ilk reaksiya verən tərəf olmayacaq, yalnız öz konkret milli maraqları birbaşa təhlükə altında olduqda uzaqdan logistik təminatçı roluna razılıq verəcək. NATO üzvlərindən müdafiə xərclərini ÜDM-in 5 faizinə qaldırmağı tələb etməsi – bir çox Avropa sosial rifah dövlətləri üçün iqtisadi cəhətdən dağıdıcı ola biləcək rəqəm – sadəcə bir güzəşt aləti deyil, rədd edilir deyə əvvəlcədən hesablanmış ultimatumdur və bununla da Amerikanın geri çəkilməsini əsaslandırır.
Bundan əlavə, Avropa barədə istifadə olunan ritorika dövlət sənədi üçün misilsiz dərəcədə sərtdir. Vitse-prezident C.D. Vensin fikirlərini təkrarlayaraq Avropada “sivilizasiyanın süqutu” və ya “iqtisadi tənəzzül” təhlükələrinə istinad etməklə, MTS transatlantik münasibətlərdən illərlə formalaşmış sentimental pərdəni qoparır. Mətn Vaşinqtonun Avropaya Qərb sivilizasiyasının bərabər dayağı kimi deyil, baxımı həddən artıq bahalaşan, qocalmış və xəstə qohum kimi baxdığını göstərir. Dövlət katibi Marko Rubionun son NATO xarici işlər nazirləri görüşündə iştirak etməməsi bu “mətn “partlayışı”nın diplomatik xəbərçisi idi.
Avropalı siyasətçilər üçün mesaj aydındır: avtomatik ABŞ müdafiəsi dövrü bitdi. Əgər Avropa öz ətrafını qorumağı bacarmırsa, Birləşmiş Ştatlar bunun üçün qan tökməyəcək. Bu, Qərbin ürəyində boşluq yaradır və Avropa paytaxtlarını uzun müddət təxirə saldıqları seçimlə üz-üzə qoyur: müdafiəni federallaşdırıb suveren güc bloku olmaq, yaxud parçalanıb əhəmiyyətsizliyə sürüklənmək.
Çinlə bağlı praqmatik dönüş
Bəlkə də, MTS-də ən mürəkkəb və təəccüblü dərəcədə ölçülüb-biçilmiş dəyişiklik Çin Xalq Respublikasına aiddir. Aylarla davam edən daxili müzakirələrdən sonra maliyyə naziri Bessentin kabinetin daha “şahin” instinktlərini müəyyən qədər yumşaltdığı bildirilir və yekun sənəd yaxın keçmişin həddindən artıq aqressiv ritorikasından uzaqlaşmanı nümayiş etdirir.
Çinin “qarşısı alınmalı” olan mövcudluq səviyyəsində ideoloji təhlükə kimi çərçivələndiyi dövrlər geridə qaldı. Onun yerini Çinin “yaxın-bərabər rəqib” və “əsas iqtisadi rəqib” kimi tanınması tutub. Buradakı incəlik həyati əhəmiyyət daşıyır. Ölkəyə siyasi yüklü “ÇXR” yox, sadəcə “Çin” deyə müraciət olunması və diqqətin qaçılmaz müharibəyə hazırlaşmaq yox, “iqtisadi gələcəyi qazanmaq” üzərinə yönəldilməsi Tramp administrasiyasının amansız dərəcədə realist bir xətt tutduğunu göstərir.
Sənəd tam miqyaslı ayrışmanın mənasızlığını etiraf edir. Bunun yerinə “qarşılıqlılıq və ədalət”i müdafiə edir. Bu, 2025-ci ilin noyabrına olan vəziyyət etibarilə tarif müharibələrində müşahidə olunan “barış dövrü” ilə üst-üstə düşür. Belə görünür ki, Vaşinqton həm Sakit okeanda hərbi (və ya soyuq) müharibə aparıb, həm də daxili sənaye bazasını yenidən qura bilməyəcəyini hesablayıb. Diqqət tam əlaqələri qırmağa yox, nadir torpaqlardan və kritik minerallardan asılılığın azaldılmasına yönəlib.
Bu, təslimiyyət deyil, rasionalizasiyadır. MTS açıq şəkildə hərbi toqquşmanın qarşısını almaq istəyini ifadə edir və belə bir münaqişənin dəyərinin əsas məqsədi – Amerikanın daxili iqtisadi bərpasını – relsdən çıxaracağını qəbul edir. Dünyanın qalan hissəsi üçün bu, sabitləşdirici bir inkişafdır. Bu o deməkdir ki, rəqabət kəskin olaraq qalacaq, amma Tayvan boğazında yox, idarə heyəti otaqlarında və elmi-tədqiqat laboratoriyalarında gedəcək. Mətn Tayvanı əvvəlki versiyalarla müqayisədə daha çox xatırlayır, lakin bunu münaqişədən əvvəl tez-tez müşayiət olunan alovlandırıcı ritorika deyil, çəkindirmə və status-kvonun qorunması kontekstində edir. Vaşinqton sanki yüksələn Çin gücünün çoxqütblü reallığını qəbul etdiyini və onu geriyə çevirməyə uğursuz cəhdlər etməkdənsə, idarə etməyə çalışdığını siqnal verir.
Monro Doktrinasının qayıdışı
Əgər ABŞ Avropadan geri çəkilir və Asiya ilə münasibətləri sabitləşdirirsə, enerjisini hara yönəldir? MTS bununla bağlı aydın, tarixi bir cavab verir: Qərb yarımkürəsi.
XIX əsr geostrategiyasının dirçəlişi kimi, sənəd Monro Doktrinasının tətbiqini açıq şəkildə tələb edir. Bu daxilə yönəlik dönüm “Amerika öncə” ideologiyasının məntiqi nəticəsidir. Strategiya belə fərz edir ki, bir supergüc öz məhəlləsi miqrasiya böhranları, narkotik ticarəti və düşmən aktorların təsiri ilə parçalanmış halda qalarkən xaricdə güc nümayiş etdirə bilməz. Monro Doktrinasına “Tramp Korrelyarisi”nin əlavə olunması Latın Amerikasına daha müdaxiləçi yanaşmanı işarə edir: region artıq sadəcə “arxa bağça” kimi deyil, ABŞ vətəninin ətrafında qoruyucu xəndək kimi görülür.
Bu “yarımkürə istehkamı” yanaşması strateji yığışmanı nəzərdə tutur. Bir vaxtlar Yaxın Şərqdə dövlət quruculuğuna və ya Almaniyanın düzənliklərində qarnizon saxlamağa ayrılan resurslar indi sərhəd təhlükəsizliyinə, reindustrallaşmaya və Amerikalar daxilində hegemonluğa yönləndiriləcək. Yaxın Şərq və Afrika üçün bu strategiya tamamilə tranzaksion bir gələcəyi təsvir edir: demokratiya üzrə daha artıq moizə yoxdur, yalnız terrorla mübarizə və enerji dəhlizləri barədə razılaşmalar var. ABŞ faktiki olaraq özünü qlobal siyasi mənəviyyat ixracatçısı rolundan istefaya göndərir.
Bu sənədin nəticələri illərlə dalğa-dalğa yayılacaq. Qlobal Cənub üçün bu, qəribə bir rahatlıq forması təklif edir: laqeyd Amerika hərbi müdaxiləyə daha az meyilli olacaq. Amma Avropadakı ənənəvi müttəfiqlər üçün bu, dərin mövcudluq dəhşəti anıdır. 1945-ci ildən sonrakı dünyanın memarlığı Amerikanın iştirakı zəmanəti üzərində qurulmuşdu. Bu zəmanət rəsmi şəkildə geri götürülüb.
ABŞ yüksək divarlar və tariflər arxasında öz “təpənin başındakı parlaq şəhər”ini yenidən qurmağa çəkilərkən dünyanın qalan hissəsi qaranlıqda yol tapmağa məhkum edilir. Yeni Milli Təhlükəsizlik Strategiyası bir çoxlarının sezib, amma dilə gətirməkdən qorxduğu şeyi təsdiqləyir: uzun Amerika əsri gurultu ilə yox, hesablanmış, soyuq bir qapı çırpılması ilə başa çatır. Beynəlxalq nizam çökmür, amma, şübhəsiz ki, idarəçilərini dəyişir.
Müəllif:
Mişal Nur
Davamlı İnkişaf üzrə Qlobal Strateji İnstitut (Global Strategic Institute for Sustainable Development – GSISD) nəzdində çalışan beynəlxalq münasibətlər üzrə tədqiqatçı












