!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Vəhşi" adlandırılan batalyonun döyüşçüsü: "O ağrıları çəkməkdənsə, ölsəm yaxşıydı"

!Reklam – Yazi

Ermənilərin məşhur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmamız davam edir.

Ötən yazıda Gəncə batalyonunun döyüşçüsü Kərimov Kamilin “Həsənqaya əməliyyatı”ndakı fəaliyyəti və qısa döyüş yolundan bəhs etmişdik.

Bu dəfəki müsahibimiz Gəncə batalyonunun döyüşçüsü Umudvar Məmmədovdur. Yazıda Umudvar Məmmədovun orduya gəlişi, “Həsənqaya əməliyyatı”nda iştirakı və döyüş yolundan bəhs edəcəyik.

Qısa arayış:

Məmmədov Umudvar Məiş oğlu 1971-ci il mart ayının 22-də Tərtər rayonunun Bayandur kəndində anadan olub. 1989-cu ilin iyun ayında Sovet Ordusunda hərbi xidmətə yollanıb və 1991-ci ilin iyun ayına qədər burada xidmət edib. Xocalı faciəsindən sonra milli orduya yazılıb, Gəncə batalyonunda döyüşüb.

Yazıya keçməzdən öncə qısa xatırlatma verək ki, Umudvar Məmmədov 1990-cı il 20 yanvar faciəsinə etiraz olaraq Sovet ordusundan bir qrup əsgərin qaçışını təşkil edib. Bu qaçışdan sonra o başqa hərbi hissəyə köçürülüb. Orada da kütləvi şəkildə olmasa da, 3-3, 5-5 əsgərləri qaçırdıb. Bütün bunlarla bağlı məlumatı  “Sovet ordusunda film kimi qaçış – Azərbaycanlıların 20 yanvar etirazı” adllı yazını sizə təqdim etmişdik.

Umudvar Məmmədovun ordu sıralarına gəlişi barədə

Umudvar Məmmədov hərbi xidmətdən sonra Daşkənddə yaşayan qardaşının yanına gedir. Bir müddət orada yaşadıqdan sonra 1992-ci il mart ayının 5-ində Tərtər rayonuna qayıdır. Qarabağda gedən döyüşlərə qoşulmaq istəsə də, yerli özünü müdafiə batalyonlarındakı vəziyyəti görüb bu addımı atmır. Ta ki, Tərtər rayon Kəngərli kənd sakini Xalis Mirzəyevlə Elzabit Umudvar Məmmədovla görüşənə qədər. Sovet ordusunda xidmət edən əsgər yoldaşlarının Gəncə batalyonunda xidmət etdiyini bilən Umudvar Məmmədov da Gəncə batalyonuna yazılır. Və beləcə Umudvar Məmmədovun Qarabağ müharibəsindəki döyüş yolu başlayır.

Umudvar Məmmədovun özünü dinləyək:

– Elzabitlə Xalis bizə mənimlə görüşmək üçün gəlmişdilər. Dedilər, Gəncə batalyonunun tərkibindəyik, Qarabağ döyüşlərində iştirak etməyə gəlmişik. Mən də dedim ki, rayona döyüşməyə gəlmişəm, ancaq yer tapmıram. Elzabitgil mənə dedilər ki, birdən bizim batalyona qoşularsan, başına bir iş gələr. Dedim, gedin, mən də sabah batalyona yazılmağa gələcəm.

28 mart 1992-ci ildə Gəncə batalyonuna yazıldım. Hər adamı da batalyona götürmürdülər. Elzabit məni tanıdığı üçün batalyona yazıldım və mənə silah verdilər. Milli Qəhrəman Vəzir Orucov ilk dəfə bizim batalyona gəlmişdi. O zaman Tərtər batalyonu qurulmamışdı. Vəzir Orucov Rusiya vətəndaşı olduğu üçün Mehman Ələkbərov onu batalyona qəbul etməyə tərəddüd edirdi. Mehman Ələkbərovun ustalığı onda idi ki, tanımadığı, zəmanəti olmayan adamları batalyona qəbul etmirdi. Vəzir ilk döyüşdə heç bir batalyonun tərkibində olmadan yaralı polisin silahını götürərək döyüşə girmişdi.

Bayrağın asılma tarixçəsi

– 23-cü post deyilən yer vardı, Çaylağın yanında yerləşirdi. Onun yanında təxminən 100 metr hündürlüyündə qüllə var idi. Aprel ayında bayraqla gəlirdik. Elzabitə dedim ki, qülləyə çıxıb bayrağı as. Elzabit qülləyə çıxanda ermənilər atəş açmağa başladı. Elzabit düşmək istəyərkən ona dedim ki, bayrağı asmasan, səni mən güllələyəcəm.

Elzabitlə söhbət zamanı bildirir ki, bir yandan hündürlük, bir yandan güllə atırlar, bir yandan da Umudvar deyir ki, bayrağı asmasan, güllələyəcəm. Məcburən bayrağı asmalı oldum.

İlk döyüş

– İlk döyüşümüz Marağa, Marquşavan istiqamətində oldu. Bir traktorumuz vardı. Onun ətrafına dəmirlər bərkitmişdilər. Guya traktoru zirehli etmişdik. Elə o traktoru Marquşavanın girəcəyində vurdular. Həmin döyüşdə Marquşavanı aldıq. Mehman Ələkbərov çiynindən və ayağından yaralandı. Lakin döyüş meydanını tərk etmədi. Onun bir xüsusiyyəti var idi, həmişə hamıdan öndə gedirdi.

Qəbiristanlığa çatanda ermənilər bizi atəşə tutdular. Baş qaldırmaq mümkün deyildi.

Erməninin BMP-2-si göründü. Mehman narlıq tərəfdə idi. Qışqırdı ki, qumbaraatanın mərmisini gətirin. Mərmini daşıyan dedi ki, gələ bilmərəm, baş qaldıra bilmirəm. 4 mərmini götürüb qaçdım. Qumbaraatanımız Şamaxıdan idi. O, BMP-2-ni vurdu. Biz Marquşavanı tutandan sonra qarışıqlıq düşdü. Yollar bağlandı. Xırda yaralardan dünyasını dəyişənlər oldu. Bir vaxt baxdım ki, əsgər yoldaşlarım geriyə gəlirlər. Soruşdum ki, nə olub? Dedilər, geri çəkilirik. Niyə geri çəkildik, bilmədik. Dedilər, az sayda uşaqlar qalıb. Hüseynov Nadir adlı polislə rastlaşdıq. Dedi, burada nə gəzirsiniz? Hamı çıxıb. Elə bir təxribat idi ki, heç kim baş açmırdı. Neçə dəfə olub ki, girib itki verərək postu və ya kəndi almışıq, ancaq sonra geri çəkilmişik. Marquşavandan çıxmadım. Tərtərin Xoruzlu kəndindən Oqtay var idi. O gördü ki, mən çıxmadım. Hamı gəlib batalyona. Evdən qardaşım gəlib məni soruşub. Oqtay deyib ki, Umudvar çıxmadı. Gecə narlıq deyilən ərazi var, oranı sürünə-sürünə keçmişəm. (Söhbətimizin bu yerində Umudvarın gözləri dolur).

Sürünəndə artıq başa düşdüm ki, çoxları elə bilib, ölmüşəm. Fikirləşirdim ki, anam neynəyəcək. Evə gələndə gördüm ki, qohumlar, qonşular hamısı bizdədir, ağlaşırlar.

Postda durmaq başqadır. Ancaq döyüşün abhavası tamam başqadır. Başımı yastığın altına salıb yatmağa çalışdım. Səs-küy, atışma, texnikaların səsləri, çığırtılar beynimin içində idi sanki. 2 gün beynimdə o uğultu qaldı.

İkinci döyüş

– İkinci döyüş yenə Marquşavandan başladı. Marağa, Marquşavan, Aşağı Çaylı, Yuxarı Çaylı, Həsənqaya və iki əlavə kənd azad olundu. Bu döyüşlərdə Ukraynadan gələnlər də fəal iştirak etdi.

– Ümumiyyətlə, Qarabağ müharibəsində “Qruppa – U” (Ukraynalı döyüşçülər) çox yaxşı iştirak edib.

– Bəli. Döyüşə gedəndə onlar bizə deyirdi ki, siz döyüşə gedirsiniz, yoxsa restorana? Hamı könüllülər idi. Hamımız “kimdi erməni?” deyib, düşürdük yola. Onların sayı az olsa da, peşəkar idilər. Bir döyüşdə ukraynalı döyüşçülərdən birinin qardaşı şəhid oldu. Özü döyüşü davam etdirdi. Sağ qalan qardaş deyirdi ki, biz onsuz da buraya gələndə bilirdik ki, ölə də bilərik.

Əslində döyüşlərə tibbi manqalar da getməli idi. Belə manqalar olmadığı üçün 1 nəfər yaralananda onun yanındakılar yaralını döyüş medanından çıxarırdı. Belə olanda da mövqelər boşalırdı. Ancaq ukraynalılar elə deyildilər. Qardaşı ölürdü, özü davam edirdi.

Həsənqaya əməliyyatı haqqında

– Marquşavan döyüşündə Elzabit, Əlibala və mən yaralanmışdıq. Erməni kəşfiyyatı meşə postu tərəfdən Tərtərə doğru keçmək istəyərkən atışma düşdü. Orada Əlibala ayağından, mən də əlimdən yaralandım. Döyüşdən əvvəl Əlibala ilə Gəncədə xəstəxanada idik. Uşaqlar yanımıza gəlmişdi. Əlibala mənə dedi ki, uşaqlar yaxın günlərdə ağır döyüşün gözlənildiyini deyirlər. Nə qədər batalyon olsa da, hərənin öz ətrafı var idi. Hamı öz ətrafındakılarla döyüşə girirdi.

Söhbəti eşidəndən sonra dedim ki, gedirəm döyüşə. Dedilər, getmə, yük olarsan. Bacım Gəncədə yaşayırdı. Onunla birgə gəldik Tərtərə. Evdəkilərə dedim ki, getməliyəm xəstəxanaya. Görüşüb gəldim batalyona. Uşaqlarla görüşdük. Əlim sarıqlı idi. Uşaqlara dedim ki, əlimin sarıqlı olduğunu bildirməyin.

Səhərə yaxın döyüş başladı və 3 saata yaxın davam etdi. Mehman Ələkbərov “QAZ-66″nın arxasına yerləşdirdiyi pulemyotla düşməni güllə yağışına tutmuşdu. Bir yandan da qumbaraatanlar. Hər kəs mərmini düşmənə yağdırırdı. Sayımız qat-qat az olsa da, heç kim geri çəkilmədi. İtkisiz o döyüşü udduq. Biz bilmirdik ki, o ermənilər kimdir. Sonradan bilmişik ki, düşmənin “Arabo” adlı batalyonunu məhv etmişik.

Döyüşdə yaram ağrımağa başladı. O ağrıları çəkməkdənsə, ölsəm, daha yaxşı idi.

Bəziləri döyüşü aparanların haqqına girərək, olanları öz adına çıxmaq istəyir. Ancaq bunu etmək istəyənlər bizim yanımızda əksini deyirlər.

Döyüşdən sonra xəstəxanaya qayıtdım. Anar və Nazilə adlı həkimlər var idi. Barmaqlarımı Nazilə həkim kəsdi.

Qeyd edək ki, 1992-ci il iyul ayının 30-da Müdafiə Nazirliyinin əmrilə Gəncə batalyonu ləğv edilir. Silahlar əsgərlərdən alınır.

Gəncə batalyonunun əsgərlərindən silah alınarkən deyilir ki, Allahınıza şükür edin ki, sizi həbs etmirik. Bunu deməklərinə səbəb isə döyüş qaydalarının əsgərlər tərəfindən pozulması və ermənilərin tam məhv edilməsi olub.

Onu da bildirək ki, “Arabo”nu qırdıqdan sonra Gəncə batalyonu “Vəhşi batalyon” adlandırılmağa başlanıb.

Umudvar Məmmədov özünümüdafiə batalyonları ləğv edildikdən sonra yenidən ordu sıralarına yazılmaq istəsə də, onu qəbul etmirlər.

Səxavət Məmməd

COP29

www.yenicag.az

10925
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv