Keçmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış general-mayor Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevə qarşı dələduzluq etməkdə mühakimə olunan 15 saylı Vəkil Bürosunun vəkili, “Mərkəz” Vəkil Bürosunun rəhbəri olmuş Elçin Qəmbərovun ittiham aktı məlum olub.
Yenicag.az xəbər verir ki, Elçin Qəmbərov “Mərkəz” vəkil bürosunun müdiri vəzifəsində işləyərkən 2021-ci ilin aprelin ortalarında Elgün Şıxəliyevdən onun atası barəsində seçilmiş həbs qətimkan tədbirinin bəzi vəzifəli şəxslərlə olan yaxın münasibətlərindən istifadə etməklə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına nail olacağını vəd verib. Elçin Qəmbərov Elgün Şıxəliyevdən 320 000 ABŞ dolları (544 min manat) alıb. O, 2021-ci ilin avqustunda gələcəkdə yenidən həmin pul vəsaitini almaq və Elgünün etibarını qazanmaq məqsədi ilə həmin pul vəsaitini E.Şıxəliyevə geri qaytarıb.
İttiham aktına görə, daha sonra Elçin Qəmbərov 2021-ci ilin sentyabrında Elgün Şıxəliyevin pulunu ələ keçirmək məqsədilə rəhbəri olduğu büronun vəkili Arzu Cavadova xidmət haqqı formasında 300 000 ABŞ dollar məbləğində pul vəsaiti müqabilində Mövlam Şıxəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin bəzi vəzifəli şəxslərlə olan yaxın münasibətlərindən istifadə edərək, məhkəmə baxışı zamanı ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına nail ola biləcəyini bildirib. O, rəhbəri olduğu büronun xidməti iş otağında Elgün Şıxəliyevlə görüşüb və ondan xidmət haqqı adı ilə xüsusilə külli miqdar hesab edilən 527 000 manat ekvivalentinə bərabər 300 000 ABŞ dollar məbləğində pul vəsaitini alıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin Qəmbərov ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ilin aprel ayında “Mərkəz” vəkil bürosunun müdiri işləyəndə iş barəsində həmin vəkil bürosunun vəkili Arzu Cavadovla söhbət edib:
“Bu zaman Arzu Cavadov ona Mövlan Şıxəliyevin vəkili olduğunu bildirib. Həmin vaxt Mövlam Şıxəliyev barəsində cinayət işinin ibtidai istintaqı davam edirdi. Mövlam Şıxəliyevin barəsində həmin iş üzrə həbs qətimkan tədbiri seçilmişdi. Arzu Cavadovla söhbət zamanı ona yuxarı dövlət orqanlarında bəzi vəzifəli şəxsləri tanıdığımı, Mövlam Şıxəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsində köməklik edə biləcəyimi dedim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir neçə gün sonra vəkil bürosunun inzibati binasında Arzu Cavadova Mövlam Şıxəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsi məsələsini “həll edəcəyi”ni, bunun üçün onlardan 320 000 ABŞ dollar məbləğində pul alacağını, həmin pulun xidmət haqqı kimi onun özünə lazım olduğunu söyləyib:
“Bu danışıqdan bir həftə sonra vəkil bürosunun inzibati binasında olan otaqda Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyev vəkil Arzu Cavadovun iştirakı ilə mənə 320 000 ABŞ dolları verdi. Əslində isə həmin pul məbləğini alanda niyyətim Elgün Şıxəliyevi aldadaraq onun pulu aldatma yolu ilə ələ keçirmək olub. Hər hansı vəzifəli şəxslə əlaqə qurmaq niyyətim olmayıb. Pul vəsaiti mənə veriləndən sonra Elgün Şıxəliyev və Arzu Cavadov tez-tez zəng etdi, məsələnin nə yerdə olduğunu soruşdular. Mən isə onlara gözləmək lazım olduğunu dedim. Bu haldan sonra bir neçə ay ərzində məsələnin həll edilməsi üçün heç bir hərəkət etmədim, heç kimlə əlaqə qurmadım”.
Elçin Qəmbərov qeyd edib ki, 2021-ci ilin avqustunda Mövlam Şıxəliyev barəsində olan cinayət işi istintaq orqanı tərəfindən məhkəməyə göndərilib:
“Elgün Şıxəliyevin mənə olan inamını daha da artırmaq, yəni guya ona yalan danışmadığımı inandırmaq üçün, lakin iş məhkəmənin icraatında olan zaman yenidən həmin pul vəsaitini Elgün Şıxəliyevdən almaq məqsədilə Arzu Cavadova qaytardım. Cinayət işi məhkəmə baxışında olarkən Arzu Cavadova Mövlam Şıxəliyevə köməklik göstərilməsinin mümkün olduğunu, tanıdığım vəzifəli şəxslərlə yenidən əlaqə qura biləcəyimi dedim. Bu xidmət üçün bu dəfə 300 000 ABŞ dolları istədim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2021-ci ilin sentyabrında Elgün Şıxəliyev yenidən Arzu Cavadovun iştirakı ilə ona 300 000 ABŞ dollar verib:
“Elgün Şıxəliyevdən aldığım pulları adlarını çəkmək istəmədiyim müxtəlif şəxslərə olan borclarımın qaytarılmasına xərclədim. Pulları qaytara bilmədiyim üçün Elgün Şıxəliyev barəmdə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdi”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Elgün Şıxəliyev bildirib ki, 2021-ci ilin aprel ayında atası Mövlam Şıxəliyevin barəsində Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb:
“Bununla əlaqədar həmin cinayət işi üzrə atamın barəsində həbs qətimkan tədbiri seçildi. Atam Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov olub. Bir neçə gün sonra Arzu Cavadov atama köməklik edə bilən şəxsin olduğunu dedi, həmin şəxsin köməkliyi ilə həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsinin mümkünlüyünü bildirdi. Bununla yanaşı, həmin şəxsin vəkil Elçin Qəmbərov olduğunu, bu məsələni Elçin Qəmbərovun 320 000 ABŞ dollar xidmət haqqı müqabilində vəzifəli şəxslər vasitəsilə həll edə biləcəyini qeyd etdi. Həmçinin bu məbləğin Elçin Qəmbərovun özü üçün lazım olduğunu bildirdi. Bir müddət fikirləşdikdən sonra bu təkliflə razılaşdım. Elçin Qəmbərovun sözlərinə inandım, 320 000 ABŞ dolları topladım, Arzu Cavadovla birlikdə Mərkəz vəkil bürosunun rəisi Elçin Qəmbərovun otağına getdim. 320 000 ABŞ dollarını Elçin Qəmbərova verdim”.
Zərərçəkmiş qeyd edib ki, bundan sonra həm özü, həm də Arzu Cavadov Elçin Qəmbərovla əlaqə saxlayıb, işin nə yerdə olduğunu maraqlanıblar:
“Elçin Qəmbərov isə hər dəfə məsələnin yaxın vaxtlarda həll olunacağını, vəzifəli şəxslərlə danışıqlar apardığını dedi. Bir neçə ay keçdikdən sonra, yəni təxminən avqust ayında Elçin Qəmbərov öz verdiyi vədi tutmadı. Habelə Elçin Qəmbərova zəng etdikdə, məsələnin yaxın günlərdə həll olunacağını desə də, məsələnin həll olunmadığını anladım”.
Elgün Şıxəliyev qeyd edib ki, 2021-ci ilin avqustunda atası Mövlan Şıxəliyevin barəsində olan cinayət işi məhkəməyə göndərilən ərəfələrdə Elçin Qəmbərov məsələni həll edə bilmədiyini, pulu qaytarmaq istədiyini deyib:
“Bununla bağlı olaraq Elçin Qəmbərov bütün məbləği, yəni 320 000 ABŞ dollarını Arzu Cavadov vasitəsi ilə mənə qaytardı. Həmin ilin sentyabrında Elçin Qəmbərov Mövlam Şıxəliyevin vəkili Arzu Cavadova artıq cinayət işinin məhkəmədə olduğunu, vəzifəli şəxslərlə danışdığını, məsələnin demək olar ki, həll olunduğunu bildirdi. Bunun müqabilində 300 000 ABŞ dollar məbləğində xidmət haqqı kimi pul istədi. Bu dəfə də Elçin Qəmbərov qeyd etdi ki, bu məbləğ onun özü üçün lazımdır. Elçin Qəmbərovun tanınmış vəkil olduğunu, habelə müxtəlif dövlət orqanlarında tanışlarının olmasını düşünərək sözlərinə inandım. 300 000 ABŞ dollarını vəkil Arzu Cavadovla birlikdə Elçin Qəmbərovun xidməti iş otağında ona verdim”.
Elgün Şıxəliyev deyib ki, bundan sonra Elçin Qəmbərov atasına hər hansı köməklik göstərməyib:
“Dəfələrlə verilən pul vəsaitinin qaytarılması ilə bağlı ona müraciət etsəm də, verilən pul vəsaitini qaytarmadı. Buna görə də artıq aldadıldığımı anladım və Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə ilə müraciət etdim”.
Qeyd edək ki, Elçin Qəmbərovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib.
Elçin Qəmbərovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham verilib. M.Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb. Həmçinin M.Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.
www.yenicag.az