Venslə Rubionun AVROPA FƏRQİ: ABŞ-nin yeni siyasi xəritəsində iki QÜTB
Tramp Administrasiyası Avropadakı Amerika müttəfiqlərini bəzən müsbət (müdafiə xərcləri), lakin çox vaxt mənfi (Qrenlandiya) şəkildə sarsıdıb. Dövlət katibi Marko Rubio bu həftəsonu çıxışında daha barışdırıcı mesaj versə də, əsas mövzu yenə də Qitəyə qarşı “çox sərt sevgi” olaraq qalır.
Yenicag.az xəbər verir ki, bu, “Wall Street Journal”da yayımlanan təhlil məqaləsində qeyd olunub.
Bildirilib ki, Rubio Münxen Təhlükəsizlik Konfransında çıxışında “Soyuq müharibə”ni xatırladaraq dünyanın böyük hissəsinindəmir Pərdə arxasında yaşadığını, qalan hissənin isə tezliklə eyni taleyi yaşayacağına inanıldığını qeyd edib.
Nəşr vurğulayıb ki, Rubio Administrasiyanın artıq tanış olan tənqidlərini səsləndirib: kütləvi miqrasiya, müdafiə, iqlim və enerji sahəsində Avropanın siyasət səhvləri. Lakin o bu tənqidi Qərb sivilizasiyasının ortaq tarixi və dəyərlərinə bağladı: “Biz inanırıq ki, Avropa yaşamalıdır, çünki ötən əsrin iki böyük müharibəsi daim bizə xatırladır ki, taleyimiz sizinlə həmişə bir-birinə bağlı olub və bağlı qalacaq”.
Qeyd olunub ki, Rubionun çıxışı Münxendə və prezident Trampın daxili koalisiyasının, demək olar ki, bütün guşələrində rəğbətlə qarşılanıb:
“Maraqlıdır ki, bəzi sağçılar Rubionun guya yeni bir xarici siyasət “kokteyli” icad etdiyini iddia edirlər, sanki dünya dünən yaranıb. Əslində, Rubio Ronald Reyqanın “mühafizəkar beynəlxalqçılıq” yanaşmasından birbaşa faydalanır: ABŞ liderliyindən və azadlığın üstünlüyündən üzr istəmədən; Amerika xalqına və maraqlarına yönəlmiş təhdidlərə əsaslanaraq; diplomatiya və ticarətin təkbaşına dünyanın fərqlərini həll edə biləcəyinə şübhə ilə yanaşaraq”.
WSJ sözügedən dünyagörüşünün hələ də ABŞ üçün yığılan təhdidlərlə mübarizə aparmaq üçün ən yaxşı formul olaraq qaldığını, yəni Çin, Rusiya, Şimali Koreya və İran arasında formalaşan ox olduğunu bildirib.
“Tramp Amerikanın hər bölgədə böyük oyunçu olmasını istəyir, lakin onun Prezident kimi ən böyük uğursuzluğu odur ki, daha geniş prinsiplərini izah etmir və ya edə bilmir”, – nəşr diqqət çəkib.
ABŞ-nin vitse-prezidenti Vensin də ötən il eyni təhlükəsizlik konfransında çıxış etdiyini xatırladan nəşr onun da Avropa ilə ortaq mədəniyyətə işarə etdiyin vurğulayıb:
“Lakin Vens, demək olar ki, Avropaya öz dəfnini planlaşdırmaq azadlığını verdi və Moskvaya simpatiya bəsləyən Avropanın sağçı kənarlarını dəstəklədi. Rubio isə Davosun qəhrəmanı, Kanadanın Mark Karneyindən qat-qat yaxşı bir vizyon təqdim edir. Karneyin ABŞ liderliyini dünyanın “orta gücləri” koalisiyası ilə əvəzləmək ideyası həm illüziya, həm də daxili siyasətdir”.
“Rubionun mesajının böyük şərti isə Ukraynadır – istəsək də, istəməsək də, bu, Qərb sivilizasiyasının hazırkı ön cəbhəsidir. Bu baxımdan Münxendən sonra Rubionun Rusiyanın Avropadakı iki ən yaxın dostu – Macarıstan və Slovakiyaya getməsi ürəkaçan olmadı. ABŞ hələ də Qərbin tərəfində durmaq əvəzinə Ukrayna-Rusiya müharibəsində vasitəçi kimi davranır. Rubionun ortaq dəyərlər barədə gözəl sözləri Ukraynaya çürük “sülh” zorla qəbul etdirilərsə, heç bir əhəmiyyət daşımayacaq”, – WSJ qeyd edib.












