44 günlük Vətən Müharibəsində Azərbaycan təkcə hərbi sahədə deyil, diplomatik arenada və informasiya müharibəsində də birmənalı qələbə qazandı. Prezident İlham Əliyevin dünyanın əsas informasiya resurslarına, nəhəng media korporasiyalarına müsahibələri, bəzən qərəzli və birtərəfli mövqe əks etdirən suallara təmkin, səbr nümayiş etdirərək tarixi fakt və dəlillərə söykənmiş cavabları ölkəmizin haqq səsini bir daha bütün dünyaya nümayiş etdirmiş oldu.
2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin hücumu tərəflər arasında irimiqyaslı hərbi əməliyyatların başlaması ilə nəticələndi. Münaqişə başlayan gündən aparıcı dünya mətbuatı, əsas informasiya resursları Dağlıq Qarabağ haqqında silsilə yazılara start verdi. Bütün formatlarda təqdim olunan materiallarda təəssüf ki, jurnalistikanın prinsip və funksiyalarına az əməl olunduğunun şahidi olduq. Qərb mətbuatı və Rusiya kütləvi informasiya vasitələrindən fərqli olaraq, dost və qardaş Türkiyə həm də informasiya cəbhəsində Azərbaycana tam və birmənalı dəstək verdi. Münaqişə ilə bağlı obyektiv mövqe sərgiləyən, hadisələri olduğu kimi təqdim edən bir sıra Şərq ölkələrinin kommunikasiya vasitələri sırasında Qətər Əmirliyinə məxsus “Al-Jazeera” beynəlxalq telekompaniyası ön sıralarda gəldi. Dağlıq Qarabağ mövzusu “Al-Jazeera” auditoriyası üçün yad mövzu deyildi, çünki qurum təkcə Vətən Müharibəsi günlərində deyil, müxtəlif vaxtlarda münaqişə ilə bağlı fərqli formatda materiallar təqdim etmişdi.
“Al-Jazeera”nin ərəb bölməsi materiallarının təhlili onu deməyə əsas verir ki, Dağlıq Qarabağ mövzusu qurumun prioritetləri sırasındadır. 2008-ci 17 mart tarixində yayımlanmış “Dağlıq Qarabağ: münaqişənin kökləri və həlli yolunda duran maneələr” adlı yazıda “Qarabağın yüksəklikləri” kimi təqdim edilən Dağlıq Qarabağ Azərbaycanın bölgələrindən biri, paytaxt Bakıdan 270 km Qərbdə və təxminən 4800 kv. km əraziyə malik bölgə kimi qeyd edilir. Dağlıq Qarabağın dağları və çayları, iqlimi, iqtisadi qaynaqları və insan fəaliyyəti, yol nəqliyyatı, əhalisi haqqında məlumat verilir. Müəllif yazır ki, Dağlıq Qarabağ Osmanlı, Fars və Rusiya imperiyaları arasında görüş nöqtəsi olduğundan, bu bölgənin əhalisi çox sayda müharibələrin, hərəkatların, köçlərin və köçkünlüyün şahidi olmuş, bu səbəbdən də Dağlıq Qarabağın demoqrafik tarixində müxtəlif əsrlərdə etnik qruplar və ya xalqlardan birinin çoxluq təşkil etməsi təəccüblü deyil: “Qafqaz bölgəsindəki ermənilərlə azərbaycanlılar arasında düşmənçilik ruhu qədimdir və özünəməxsus etnik, dini və tarixi səbəblərə malikdir, xüsusən də Osmanlı imperiyasının bu bölgələrdə bir neçə əsr əvvəl hakimiyyəti dövründə. Bununla yanaşı, xüsusilə Dağlıq Qarabağ bölgəsində münaqişənin alovlanmasının əlamətləri 1920-ci illərə təsadüf edir. Münaqişənin ölçülərini anlamaq üçün əvvəldən bu bölgənin coğrafi cəhətdən Azərbaycanın mərkəzində yerləşdiyini, ancaq demoqrafik cəhətdən 95% erməni əksəriyyətinin yaşadığını söyləməyə dəyər”. Keçmiş Sovet İttifaqının rəhbəri İosif Stalinin siyasətinə toxunan və bu siyasətin İttifaqa daxil olan respublikalar daxilindəki etnik qruplar arasında nifaq salmaqdan ibarət olduğunu önə çəkən müəllif səbəb kimi bu irqlərin həmişə Moskvadakı mərkəzi hökumətin himayəsinə ehtiyac duymaları kimi əsaslandırır. Eyni zamanda məqalə müəllifi Qarabağın Azərbaycana guya Stalin tərəfindən “birləşdirilməsi” barədə səhv informasiyanı tarixi araşdırma etmədən qeyd edir. Müəllif 1988-ci ildə münaqişənin alovlanmasından, ermənilərin Dağlıq Qarabağı daimi olaraq Ermənistana birləşdirmə niyyətindən, bu təklifin Azərbaycan tərəfdən ciddi etiraza səbəb olmasından, Sovet İttifaqının dağılmasından, Azərbaycan və Ermənistanın öz müstəqilliklərini elan etməsindən, Azərbaycanın Qarabağın “müstəqilliyini” elan etməsinə etirazından və separatçıların Ermənistanla əvvəlcədən razılaşdırılaraq həyata keçirdiyi bir “oyun” olaraq qəbul etməsindən, Ermənistanın isə öz növbəsində separatçı erməni siyasi liderlərinə dəstəyini elan edərək pul və silah təminatından, 1992-ci ildən 1994-cü ildə imzalanan atəşkəsə qədər davam edən müharibənin nəticələrindən yazır. Regional və beynəlxalq maraqların mürəkkəbliyindən, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində Türkiyənin birmənalı olaraq Azərbaycanın, Rusiyanın isə Ermənistanın yanında olmasından yazan müəllif İranın Ermənistanı dəstəkləməsinə, ABŞ-ın isə münaqişə ilə bağlı mövqeyinin erməni lobbisinin təzyiqi səbəbindən ziddiyyətli olmasına diqqət çəkir. Materialda qeyd edilir ki, 1992-1994-cü illərdə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda başlayan müharibə bir milyona yaxın insanın köçkün olması ilə nəticələndi. Azərbaycan bu müharibədə ümumi ərazisinin 20%-ni təşkil edən Dağlıq Qarabağ bölgəsindən əlavə altı rayonunu da itirdi. “Al-Jazeera” Vətən Müharibəsi başlayana qədər Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, regionda toqquşan maraqlar, problemin həlli istiqamətində aparıcı dövlətlər və beynəlxalq təşkilatların fəaliyyətini təhlil etmiş, eyni zamanda Aprel müharibəsi və Tovuz döyüşləri ilə bağlı materiallar təqdim etmiş, bəzi araşdırmalarında AzərTAC İnformasiya Agentliyinin xəbərlərinə istinad etmişdi. Qurumun Türkiyə müxbiri Zahir əl-Baik Tovuz döyüşləri müddətində rəsmi Ankaranın məsələ ilə bağlı mövqeyini əks etdirən təhlili yazılar vermişdir. 2020-ci il 27 sentyabr tarixindən etibarən “Al-Jazeera” 44 gün ərzində davamlı olaraq münaqişəni diqqətdə saxlamış, fərqli materiallar və qaynar reportajlar təqdim etmişdir. Vətən müharibəsinin ilk günlərində “Al-Jazeera”nin Azərbaycana ezam olunmuş müxbiri Sinem Köseoğlu və Ermənistanda olan xüsusi müxbir Bernard Smith reportajlarında Qarabağı mübahisəli ərazi kimi təqdim etmiş və etnik baxımdan orada ermənilərin üstün olması fikrini səsləndirmişlər ki, bu da reportajın yanlışlarındandır. “Qarabağda döyüşlərin alovlanması fonunda Ermənistan üçtərəfli zirvə görüşünün keçirilməsinin mümkünlüyünü qəbul etmir, Azərbaycan isə döyüşlərin dayandırılması üçün şərt olaraq qarşı tərəfin işğal olunmuş ərazilərdən çıxması tələbini irəli sürür” başlıqlı məqalə 2020-ci il 30 sentyabr tarixində yayımlanmışdır. Materialda dördüncü gündür ki, Füzuli, Cəbrayıl və Tərtər şəhərlərinə nəzarət etmək üçün Dağlıq Qarabağ bölgəsində Ermənistan və Azərbaycan orduları arasında qarşıdurmaların davam etməsindən, Türkiyənin Azərbaycana dəstəyindən, Ermənistan ordusunun Tərtər şəhərinə ağır artilleriya və raketlərlə intensiv hücumundan və bütün bunların ölüm, yaralanma və maddi itki ilə nəticələnməsindən bəhs edilir. Azərbaycan Ordusunun erməni qüvvələrinin əks hücumunu dəf etməsindən, Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan hərbi qüvvələrini hədəf alan videomaterialından bəhs edir və erməni tərəfini bombardmanın mülki əhaliyə yönəltməkdə günahlandırır.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla Dağlıq Qarabağ bölgəsi ilə bağlı danışıqların aparılma ehtimalını rədd etməsindən, Türkiyənin F-16 qırıcılarının bölgədəki döyüşlərdə iştirakını inkar etməsindən, Suriyadakı döyüşçülərin varlığını inkar etməsindən bəhs edilir. Türkiyənin Azərbaycanla Ermənistan arasındakı münaqişənin tərəfi olmaması, Türkiyənin Azərbaycana yalnız mənəvi dəstək verməsi də məqalədə əks olunur.
Məqalədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təmsil etdiyi ölkənin Azərbaycana dəstəyindən, Kremlin sözçüsü Dmitri Peskovun Çavuşoğlunun Ankaranın Dağlıq Qarabağ münaqişəsində diplomatik və hərbi yolla Azərbaycanı dəstəkləməyə hazır olması ilə bağlı Türkiyənin mövqeyi ilə razılaşmadıqlarından, Fransa prezidenti Emmanuel Makronun eyni fikirdə olmasından, İran Prezidenti Həsən Ruhaninin “Bakı ilə İrəvan arasındakı mübahisə dialoq yolu ilə həll edilməlidir” fikrindən söz açılır.
2020-ci il 1 oktyabr tarixində yayımlanmış “Dağlıq Qarabağ döyüşləri… Ərdoğan Azərbaycanı dəstəkləməyə davam edir və Rusiya ritorikasını artırır” adlı yazıda “Reuters”ə istinadən Ermənistanın Azərbaycana qarşı mübarizə aparmaq üçün xaricdən çox sayda erməni könüllüsünü cəlb etməsindən söz açılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanla döyüşlərdə Azərbaycana dəstəyini ifadə etməsi, Ermənistanın Qarabağı işğalı, dinc əhaliyə qarşı törətdiyi qırğınlar və ümumən baş verənlər qarşısında ikili yanaşmalar sərgiləməsi də qeyd edilir. Müəllif erməni qüvvələrinin bölgədən çəkilmədiyi təqdirdə atəşkəsin mümkün olmayacağına diqqət yetirir. Lakin materialda “mübahisəli Dağlıq Qarabağ” ifadəsi işlədilir ki, bu sözə “Al-Jazeera”nın bəzi başqa materiallarında da rast gəlmək mümkündür.
“Al-Jazeera”nın növbəti materialı Prezident İlham Əliyevin bu telekanala verdiyi müsahibədə toxunduğu fikirlərə istinadən hazırlanıb. 2020-ci il oktyabrın 2-də verilən “Azərbaycan Prezidenti “Al-Jazeera”yə döyüşlərdən danışır … Qarabağdakı döyüşləri dayandırmaq üçün beynəlxalq çağırışlar edilir… Ərdoğan bölgənin azad olunmasının vacibliyini vurğulayır” başlıqlı materialda qeyd edilir ki, Azərbaycan Prezidenti Ermənistanı bölgədəki gərginləşmə və münaqişənin davam etməsindən məsul tutub, “keçmişdə işğal etdiyi” əraziləri qorumağa çalışmaqda günahlandırıb, vəziyyətin gərginləşməsinin ilk səbəbini Ermənistanın sülh istəməməsində görüb. Materialda BMT Təhlükəsizlik Şurasının qətnamələrindən, bu qərarların həyata keçirilməsini asanlaşdırmaq üçün yaradılan Minsk Qrupunun fəaliyyətindən danışılır.
Ümumiyyətlə, Prezident İlham Əliyevin bu kanala müsahibəsindən sonra şəbəkənin saytlarında yayımlanmış materiallarda Azərbaycan dövlət başçısının söylədiyi fikirlərdən, Azərbaycanın hərbi sahədə artan qüdrətindən, Bayraktar TB2, TB2s, İsgəndər M kimi silahların müharibədəki tətbiqindən söhbət açılmış, həm Azərbaycan (Fuad Şahbaz), həm Ermənistandan (Richard Giragosian) olan şərhçilərdən, həm də digər ölkədən olan beynəlxalq ekspertlərdən (Rob Lee) fikir alınmış, Bentley Universitetinin müəllimi, erməni əsilli konfliktoloq Asbed Kotchikian “Al Jazeera” üçün yazdığı “Dağlıq Qarabağ konflikti yeni regional nizamı sürətləndirir” məqaləsində isə Türkiyənin və Rusiyanın mövqeyi təhlil edilmişdir.
2020-ci il 9 oktyabr tarixində Zahir əl-Baikin yazdığı “Ermənistan Qarabağın müstəqilliyini tanımağa hazır olduğunu elan etdikdən sonra … Azərbaycanın danışıqları bərpa etmək üçün şərtləri və həll məsələsində Türkiyənin mövqeyi” sərlövhəli yazıda Ermənistanın Baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımağa hazır olması, Azərbaycan Prezidenti İlham Əliyevə istinadən ölkəsinin Qarabağdakı “kritik” hərbi münaqişə mərhələsi bitdikdən sonra Ermənistanla danışıqlara qayıdacağını bildirməsi, Azərbaycan Ordusunun Qarabağda həyata keçirilən əks-hücum əməliyyatının Azərbaycan torpaqlarının işğalına son qoyacağına inamı, Moskvanın Ermənistanın təhlükəsizliyi ilə bağlı öhdəliklərinin Qarabağa aid olmadığı, atəşkəslə bağlı Moskva danışıqları, Kremlin “9 oktyabrda Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvaya məsləhətləşmələr üçün dəvət edildi” fikirləri əks olunur.
Materialın sonunda qeyd edilir ki, sentyabrın 27-dən etibarən Azərbaycan 1992-1994-cü illərdə Azərbaycan-Ermənistan silahlı münaqişəsindən sonra Bakının nəzarəti itirdiyi (bitişik 7 ərazi və) Qarabağ bölgəsindəki erməni qüvvələri ilə mübarizə aparır. Bakı iddia edir ki, ordusunun hazırkı əməliyyatlarının məqsədi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərini geri qaytarmaqdır. İrəvan da öz növbəsində Bakını rəsmi olaraq “Qarabağ Respublikası”na qarşı təcavüzdə günahlandırır. Ermənistan eyni zamanda Türkiyəni Azərbaycanla yanaşı münaqişəyə birbaşa hərbi müdaxilədə suçlayır. Lakin Bakı və Ankara bunu inkar edir. Ankara ehtiyac duyarsa, Bakıya hər cür yardım göstərməyə hazır olduğunu təsdiqləyir.
Rusiyanın konfliktin həlli istiqamətində tutduğu mövqe, ümumən region dövlətlərinin, həmsədr ölkələrinin mövqeyi zaman-zaman “Al-Jazeera”nın araşdırma mövzusu olmuşdur. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan XİN başçılarını məsləhətləşmələr üçün Moskvaya dəvət etməsindən sonra bütün diqqət rəsmi Moskvanın bu istiqamətdə fəaliyyətinə yönəlmiş, yerli və xarici mətbuat orqanları münaqişədə Rusiyanın mövqeyinə diqqət çəkmişlər.
Uzun müddət dünyanın tanınmış media orqanlarında çalışan Mansur Mirovalev “Al-Jazeera”də təqdim etdiyi “Dağlıq Qarabağ konfliktində Rusiyanın oynadığı rol nədir?” adlı yazısında münaqişədə Rusiyanın məqsədi və rolunu araşdırmışdır.
2020-ci il 20 oktyabr tarixində “Al-Jazeera”nın saytında “Azərbaycan Qarabağ ətrafındakı üçüncü şəhərə nəzarəti ələ keçirib … böhranı həll etmək üçün Vaşinqtonda üçtərəfli görüş keçirilir” adlı reportajda Azərbaycan ordusunun Qarabağ yaxınlığındakı üçüncü şəhər üzərində nəzarəti ələ almasından, ABŞ Dövlət Departamentinin isə bölgədəki böhranı müzakirə etmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona çağırmasından yazılır. Azərbaycan Prezidentinə istinadən ordunun böyük bir irəliləyiş göstərdiyi, Qarabağın cənubundakı Ermənistanla sərhəddə yerləşən Zəngilan şəhərinin nəzarətdə olduğu vurğulanır. “Al-Jazeera”nın müxbiri Almutaz Billah Həssan yazır ki, bu şəhərin əhəmiyyəti Qarabağı əhatə edən 7 əsas şəhərdən biri və Ermənistanın nəzarətində olması ilə əlaqədardır, bu da bölgənin yaxınlığındakı 3 şəhəri və eləcə də kəndlərində Azərbaycan Ordusunun irəliləməsi deməkdir. Məqalədə BMT Təhlükəsizlik Şurası üzvlərinin qapalı iclası zamanı tərəfləri Baş Katibin atəşkəs çağırışlarına əməl etməli olduğuna diqqət çəkilir, Minsk Qrupunun fəaliyyəti xatırlanır. Bununla yanaşı, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun “30 il əvvəl Qarabağ probleminə bir həll tapmayan Minsk Qrupunun beyin ölümü gerçəkləşib” fikrinə yer ayırıb. Bir məqama da toxunaq ki, “Al-Jazeera” təqdim etdiyi materiallarda rəsmi mövqenin dərcini əhəmiyyətli hesab etmiş, tədqiq edilmiş materialların əksəriyyətində Prezident İlham Əliyevin fikirlərinə, açıqlamalarına yer ayırmış, Azərbaycan Müdafiə Nazirliyinin mövqeyini yayımlamış, Azərbaycan Ordusunun qənimət kimi ələ keçirdiyi hərbi texnikanın və döyüş sursatlarının fotolarını rəsmi mənbələrə istinadən yaymışdır.
“Al-Jazeera” 2020-ci il 25 oktyabr tarixində “Qarabağda döyüşlər davam edir, Azərbaycan Ordusu Ermənistana məxsus tankların və istehkamların darmadağın edilməsinə dair açıqlama verir” adlı reportajında müxbir Məhəmməd əl-Bəqali cəbhə xətti boyunca Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın bölgələrində şiddətli qarşıdurmaların davam etməsindən, Ermənistan ordusunun bölgənin yaxınlığında yerləşən Tərtər şəhərindəki bir qəsəbəni bombalaması nəticəsində bir nəfərin ölməsi və onlarla insanın yaralanmasından, ABŞ Dövlət katibinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündən danışmış, atəşkəsə və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə diqqət çəkmişdir.
Materialda Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın “Le Figaro” qəzetinə verdiyi açıqlamadan da sitat gətirilmişdir: “Biz bu gün də dayanmağa hazırıq, amma Ermənistan təəssüf ki, atəşkəsi kobud şəkildə pozur. Əgər dayanmasalar, işğal altında olan bütün torpaqları azad etmək məqsədilə sona qədər davam edəcəyik”. Rusiyanın vasitəçiliyi ilə həyata keçirilən iki atəşkəs razılaşmasının pozulması, sentyabrın 27-də Azərbaycan Ordusunun Ermənistanın cəbhə xəttindən uzaq şəhərlərə raket hücumuna cavab olaraq işğal altındakı Qarabağ bölgəsində əməliyyata başladığı zaman döyüşlərin sürətli bir şəkildə sona çatacağı gözləntilərini alt-üst etdi. Əməliyyatlar zamanı Azərbaycan Ordusu Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərini, 3 qəsəbəni, 130-dan çox kəndi, bir sıra strateji yüksəklikləri idarə edə bildi. 2020-ci il 27 oktyabr tarixində “Al-Jazeera”nın saytında “Qarabağ … Ermənistan cəbhədə məğlub olur, İran təşəbbüs irəli sürür və Türkiyə və Rusiya döyüşlərə son qoymağa çağırır” adlı məqalə yayımlanmışdır. Materialda Prezident İlham Əliyevin xalqa müraciətində yeni ərazilər üzərində nəzarətin ələ keçirilməsindən, işğal altında olan torpaqların istər diplomatik, istərsə də hərbi yolla geri qaytarmaq əzmində olduğundan danışılmışdır. Son dörd həftədə Azərbaycan ordusunun strateji yüksəkliklərdən əlavə, Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərini, bir neçə qəsəbəni və 130-dan çox kəndi azad etdiyi bildirilir. Bununla belə, materialda Bərdə, Goranboy və Tərtər şəhərlərinin atəşə tutulması nəticəsində iki qadın və bir qız olmaqla 4 mülki şəxsin öldürüldüyü bildirilmiş, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə istinadən Bərdə şəhəri yaxınlığında bir kəndə hücumunda Ermənistan ordusunun kasetli bombalardan istifadə etməsi vurğulanmışdır. Eyni zamanda materialda Türkiyə Xarici İşlər Nazirliyinin Bərdədəki mülki vətəndaşların bombardman edilməsini kəskin şəkildə qınayan və Ermənistanı müharibə cinayətləri olaraq xarakterizə etdiyi əməlləri dayandırmağa çağıran bəyanatına da yer verilmişdir. Materialda Türkiyə və Rusiya prezidentlərinin, eləcə də hər iki ölkənin Xarici İşlər nazirlərinin vəziyyətlə bağlı telefon danışığı, ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilən humanitar atəşkəsin pozulmasından bir gün sonra ABŞ Prezidenti Donald Trampın münaqişə tərəfləri arasında nizamlanmanın əldə edilə biləcəyinə dair nikbinliyi vurğulanmışdır. Məqalədə ABŞ dövlət katibi Mike Pompeonun Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinə döyüşləri dayandırmaq və münaqişənin diplomatik yolla həlli ilə bağlı çağırışı, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin ölkəsinin Dağlıq Qarabağ bölgəsinə qalıcı bir həll təklifi hazırladığı barədə fikrləri əks olunmuşdur. 2020-ci il 8 noyabr tarixində “Al-Jazeera” Bakıda Şuşa şəhərinin 28 illik işğaldan azad edilməsinin qeyd olunmasından bəhs edən materiala yer vermişdir. Materialda Prezident İlham Əliyevin Şuşanın azad edilməsi ilə bağlı fikirlərinə yer verilmiş, Şuşanın fəthinin altı həftəlik döyüşlərdən sonra Azərbaycan üçün böyük bir qələbə olduğu vurğulanmışdır. Materialda Şuşa şəhərinin əhəmiyyəti, azərbaycanlılar üçün rəmzi əhəmiyyətə malik olması qeyd edilərək, Anadolu Agentliyinin müxbirinə istinadən paytaxt Bakının küçələri və xiyabanlarının insanların alqışları arasında ölkənin bayraqları ilə bəzədilməsi və qələbəni qeyd etmək üçün avtomobillərin siqnal səsləri qədər incəlik nəzərə alınaraq yazılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Türkiyənin müdafiə və xarici işlər nazirlərini qəbul etməsi və Qarabağ bölgəsi ilə bağlı davam edən münaqişədə Azərbaycanla birlikdə olduğuna görə Ankaraya təşəkkür etməsi də materialda vurğulanmışdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşanın azad olunması ilə bağlı açıqlamasına da yer verilmişdir. Qarşı tərəfin mövqeyini də dərc edən “Al-Jazeera”nın materialından aydın olur ki, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü, öz növbəsində Şuşada hələ də toqquşmaların davam etdiyini və məsələlərin həll olunmadığını söyləmişdir.
“Al-Jazeera” 2020-ci il 10 noyabr tarixində “Rusiyadan yeni bəyanat… Türkiyə Azərbaycanı qələbə münasibətilə təbrik edir və Ermənistan onu güzəştə getməyə məcbur edən əsas səbəbləri izah edir” başlıqlı məqaləsində Türkiyə rəsmilərinin təbrik və dəstək mesajları ilə yanaşı, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Qarabağda atəşkəs razılığına gəldikləri barədə fikirlərinə yer ayırmışdır. Materialda “TASS” xəbər agentliyinə istinadən Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun “Ermənistan, Azərbaycan və Rusiyanın əldə etdiyi razılığa istinad edərək Qarabağda türk əsgərlərinin yerləşdirilməsinə dair heç bir razılaşma olmayıb” sözləri verilsə də, Azərbaycan Prezidenti İlham Əliyevin “növbətçi rus və türk əsgərləri” ilə barışıq güc mərkəzinin yaradılacağını söyləməsi, Türkiyənin atəşkəsin izlənilməsində rol oynayacağını deməsi əlavə edilmişdir.
Bundan əlavə, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ bölgəsi ilə bağlı Azərbaycanla bağlanan müqaviləni imzalamasının ölkəsinin ordusunun ehtiyatlarının tükənməsindən sonra baş verdiyini söyləməsi, “Facebook” hesabı vasitəsilə canlı yayımda ölkəsinin ordu komandirlərinin ona Qarabağ döyüşlərinin dayandırılmasının lazım olduğunu səsləndirməsi materialda xüsusi vurğulanmışdır.
Azərbaycan Prezidentinə istinadən razılaşmanın ölkəsinin qələbəsi olduğunu elan etməsi, qazanılmış qələbələrin Ermənistan Baş nazirini müqaviləni zorla qəbul etməyə məcbur etməsi fikri də “Al-Jazeera”nın məlumatında əks olunmuşdur.
2020-ci il 11 noyabr tarixində Zahir əl-Baik “Azərbaycanla Ermənistan arasında Qarabağ anlaşması.. bu, Türkiyənin rolu və dividendləridir” adlı araşdırma təqdim edib.
“Al-Jazeera”nın təqdim etdiyi növbəti material “Ermənistan 28 ildən sonra itirdi … Azərbaycan əsgəri Qarabağın Şuşa şəhərində azan oxuyur” başlıqlı məqalədir.
2020-ci il 12 noyabr tarixində verilmiş məqalədə Azərbaycan əsgərinin Şuşa şəhərində səsləndirdiyi azan anının videosunun böyük əks-səda doğurmasına və sosial şəbəkə istifadəçiləri tərəfindən çoxsaylı paylaşımlar edilməsinə diqqət çəkilir.
2020-ci il 3 dekabr tarixində “Azərbaycan və Ermənistan Qarabağ döyüşlərindəki ölümlərinin sayını açıqlayırlar” xəbəri “Reuters”ə istinadən verilib. Xəbərdə Vətən Müharibəsi tarixinə və proseslərin sonrakı gedişinə nəzər salınmış, Minsk qrupu üzvlərinin atəşkəs barədə razılığa gəlmək səylərinə baxmayaraq, münaqişənin davam etməsi və nəhayət Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanmasına razılıq verilməsi qeyd edilmişdir. Azərbaycanın itirilmiş torpaqlarına nəzarəti ələ keçirdiyi qeyd edilərək, bölgəyə 2000-ə yaxın rus sülhməramlı qüvvəsinin yerləşdirilməsi də diqqətə çatdırılmışdır. Azərbaycan Müdafiə Nazirliyinə istinadən Azərbaycanın 2783 şəhid verdiyi də xəbərdə əks etdirilmişdir. Erməni tərəfinin fikirlərinə də yer ayrılan xəbərdə onlar tərəfdən 2317 ölü faktının olması qeyd edilmişdir.
“Al-Jazeera Mubasher” Zəfər Paradı haqqında yazaraq Azərbaycanın Ermənistan üzərindəki qələbəsindən, hərbi paradda Türkiyə istehsalı olan pilotsuz “Bayraktar TB2” döyüş təyyarələrinin qürurla nümayişindən, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşlıq nitqindən bəhs edilmişdir. Prezident İlham Əliyevin “Biz Ermənistan ordusunu döyüş meydanında özümüzə tabe edə bildik və işğal altındakı torpaqlarımızı geri aldıq” fikirlərinə yer ayrılmış xəbərdə Prezident R.T.Ərdoğanın “Bu gün Türk dünyası üçün qələbə və qürur günüdür” sözləri də verilmişdir.
44 günlük Dağlıq Qarabağ müharibəsinin “Al-Jazeera”nın ərəb bölməsi materiallarının təhlili göstərir ki, bu korporasiya təkcə Vətən Müharibəsi günlərində deyil, müxtəlif vaxtlarda konfliktin tarixi, kökləri haqqında araşdırmalar təqdim etmiş, münaqişəyə daha sistemli və ardıcıl yanaşmışdır. Münaqişə ilə bağlı hər iki tərəfin mövqeyini əks etdirməyə çalışan qurumun bəzi araşdırmalarında Qarabağ mübahisəli ərazi kimi göstərilsə və bəzi məlumatlar araşdırılmadan təqdim edilsə də, ümumilikdə “Al-Jazeera” obyektiv mövqe sərgiləyərək həqiqətləri təqdim etməyə çalışmışdır.
Həqiqət isə Prezident İlham Əliyevin beynəlxalq arenada ifadə etdiyi bu ifadədədir: Qarabağ Azərbaycandır!
Pərvanə İbrahimova,
Könül Niftəliyeva,
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosentləri
www.yenicag.az