Bu gün Nizami Kino Mərkəzində “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyilə 2-ci Qarabağ savaşı haqqında çəkilən “Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə” sənədli filminin təqdimat mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, “Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə” sənədli filmi layihəsinin məqsədi Azərbaycan həqiqətlərinin Vətən müharibəsi kontekstində təbliğini nəzərdə tutan foto-video material və arxiv sənədləri əsasında xüsusi bədii üslubda çəkilmiş sənədli filmin nümayişi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.
Təqdimat mərasimində öncəliklə Azərbaycan himni səsləndirilib, daha sonra isə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Cavid Əliyev bildirib ki, sənədli filmdə Vətən Müharibəsində qazanılan uğurlardan bəhs edilib. Unutmaq olmaz ki, Vətən müharibəsində əldə olunan Zəfərdə gənclərimizin rolu danılmazdır.
Daha sonra çıxış edən Qarabağ qazisi Natiq Mehdiyev sənədli filmin ərsəyə gəlməsində rolu olan hər kəsə təşəkkür edib. O, vurğulayıb ki, bu cür layihələr şəhidlərin unudulmaması ilə yanaşı, gənclərdə vətənpərvərlik hissinin təbliğatında da böyük əhəmiyyətə malikdir.
Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə isə öz növbəsində qeyd edib ki, şəhidlərə həsr olunan sənədli filmlərin sayı getdikcə artırılmalıdır. Şəhidlərimiz təkcə Vətən uğrunda deyil, həm də hər birimizin təhlükəsizliyi uğrunda canlarını fəda ediblər. Gəncliklərini qurban verib şəhid olan gənclərimizə hər birimiz mənəvi borcluyuq.
Şəhidlərin haqqının əvəzolunmaz olduğunu bildirən Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili çıxışı zamanı bildirib ki, şəhidlər ölümsüzdür. Biz elə yaşamalıyıq ki, onların ruhu daima şad olsun.
Təqdimat mərasimində şəhidlərin ailə üzvləri, QHT və media rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, film “Yeni Çağ” Media Qrupu tərəfindən istehsal olunub. Filmin təqdimatı təkcə Azərbaycanda deyil, Türkiyədə də həyata keçiriləcək.
www.yenicag.az