Müsahibimiz son günlərin ən çox müzakirə olunan kitablarından biri olan “Canavar qulağı” hekayələrinin müəllifi Vasif Qurbanzadədir. Onunla 2020-ci ilin oktyabrında səngərdə tanış olmuşuq. Müharibədən sonra ikinci kitabı bu günlərdə işıq üzü gördü. Bu gün həmin kitab haqqında danışacağıq.
Yenicag.az həmin müsahibəni təqdim edir:
– Müharibəni hamıdan çox siz istəyirdiniz. Nəticələr necə, ürəyinizcədir?
– Müharibədə özümüzü tanıdıq. Eləcə də düşmən tanıdı bizi, yerini bildi. Bu gün etiraf etməsələr də, 2020-ci ildən bu yana baş verən hadisələrdə Azərbaycanın düşmənlərinin alacağı böyük dərs var. Buna çox şadam. Bu hala gələn yolda itkilərimiz oldu, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlıq versin! Allah dövlətimizi qorusun!
– “Canavar qulağı” 44 günlük Vətən müharibəsi barədə yazdığınız ikinci kitabdır. Birinci kitab (“2914 – Biz sülh istəyirdik” – S.M) daha geniş və fərqli idi. Birinci kitabda nə yarımçıq qaldı ki, ikinci kitabda onu deyə bildiniz?
– Əvvəlki kitab müharibə gündəliyidir. Orada müharibəni doğuran səbəblər, Azərbaycan əsgərinin vətən torpağının işğaldan azad edilməsi yolunda özünü qurban vermə əzmi, xalqın bir çağırışla birləşməsi, Ali Baş Komandanın yüksək dəqiqliklə hesablanmış siyasi manevrləri, iradə göstərməsi, güc nümayişi günbəgün ətraflı şəkildə şərh olunub. Səngərdə yaşananlarla bərabər siyasi arenada baş verən hadisələrin cəbhəyə təsirini təsvir etməyə çalışmışıq. “Canavar qulağı”nda isə müharibə vaxtı təsirləndiyimiz bir neçə hadisəni hekayəyə çevirmişik. “2914 – Biz sülh istəyirdik…” salnamədir, “Canavar qulağı” isə hekayələr…
– Niyə məhz “Canavar qulağı”?
– Bu sualla birinci dəfə deyil qarşılaşıram. “Canavar qulağı” kitabdakı hekayələrdən birinin adıdır. Kəlbəcər istiqamətində düşmənin “Canavar qulağı -sağ” və “Canavar qulağı – sol” postları vardı. Ağır relyefdə kifayət qədər gücləndirilmiş bu postlar 27 sentyabrda səhər saatlarında azad edildi. Bir neçə gün sonra düşmən tərəfindən yenidən tutulan postda xidmət aparan döyüşçülər son nəfəsə qədər döyüşmüşdülər. “Canavar qulağı” hekayəsini onlara həsr etmişik. Hekayənin baş qəhrəmanı postu azad edən taborun komandiri mayor Rahib Babayevdir. Rahib düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuşdu. Cəbhənin o istiqamətində korpus komandirinin səriştəsiz biri olduğuna görə savaşın ilk günlərində vəzifədən alınmağı və müəyyən neqativ hallar Murov briqadası döyüşçülərinin fədakarlarının belə lazımı qiyməti ala bilməməsinə gətirib çıxarmışdı. Bu hekayə ilə o istiqamətdə döyüşən hərbçilərimizi, şəhid olan dostlarımızı yad etmək istədik.
– Mən hələ ki kitabdan iki hekayə oxumuşam. “Baş” və “Sitəm”… Bu hekayələrdə konkret heç bir ada rast gəlmədim. “Canavar qulağı”nda neçə şəhid haqqında hekayə var?
– “Baş” hekayəsi 1990-cı illərdə qəhrəmanlıqlarına rəğmən məğlubiyyət yaşamış zabit ilə 2020-ci ildə qələbə qazanmış zabitin qarşılaşmasıdır. Amma qalib zabit o vaxt məğlub olan zabitin xilas etdiyi gələcəkdir. “Sitəm” hekayəsi isə 1990-cı illərdə savaşıb, qazi olmuş döyüşçülərimizin də Vətən müharibəsində kənarda qalmamağından bəhs edir. Ümumiyyətlə, “Canavar qulağı”nda ayrı-ayrı şəhidlər haqqında hekayələr çox deyil. Burada daha çox vətəndaş hissiyyatı və səngərdəki qəhrəmanlıqları hansısa şəhidin timsalında oxucuya çatdırmaq cəhdi var. Bərdədə baş verən terror aktı 4 yaşlı qız uşağının şəhidliyi fonunda təqdim olunub. Gəncədəki terror aktı yaralı halda kameralara gülümsəyən balaca Bəxtiyarın şəxsində Azərbaycan uşaqlarının belə dözümlülüyü, fədakarlığı fonunda… Burada əsgərə aş bişirib aparan Səmayə nənə də var, qocalıq təqaüdünü ordu fonduna keçirən şəkili Hikmət baba da… İki oğlu ilə birlikdə müharibəyə gedib şəhid olan Müşfiq Abbasov da var, bir gündə iki övladını şəhid verən Sevinc ana da… əsgərlərini qurban verməmək üçün geridə saxlayıb düşmənin üzərinə tək gedən polkovnik Həmdəm Ağayev də var, tarix müəllimi, hafiz Elgün Quliyev də, Daxili Qoşunların baş çavuşu Cəlil Xeyrullayev də…
– 44 günlük Vətən müharibəsini cəbhədə-səngərdə apardığınız xidmətin şahidi olmuşam və bunu dəfələrlə işıqlandırmağa çalışmışam. Bir yazıçı kimi necə, prosesi tam ifadə edə bilmisiniz?
– Bir cümlə ilə deyə bilərəm ki, Vətən müharibəsini yazıçı kimi heç Heminquey də ifadə edə bilməzdi.
-Səbəb?
– Vətən müharibəsində əsgərimiz şair şer yazan kimi, rəssam şəkil çəkən kimi, bəstəkar musiqi bəstələyən kimi ilhamla döyüşürdü. Biz dövlət olaraq da, millət olaraq da müharibəyə yeni şəkil verdik, yeni mənzərə qazandırdıq. Ordumuzun daxil olduğu kəndləri tərk etməyən mülkilər vardı… Onları orada saxlayan nə idi? – Azərbaycanlıların mərhəməti… Gücsüzü əzmək hirsinə boğulmaması… Osmanlıdan sonra dünyada belə hal olmayıb ki, düşmən saydığın, hər bir fərdinin qanını içməyə hazır olduğun bir ordu sənin yaşadığın kəndə girsin, amma onun səni öldürməyəcəyinə əmin olasan. Azərbaycan əsgərinin əsas uğuru budur. O güclüdür, güclü olduğu qədər də mərhəmətlidir.
– Ordu tarix yazdı, bəs yazıçılar onu xalqa tam çatdıra bildi? Bilmədisə, səbəbi nədir?
– Əslində, tək ordu yox, Azərbaycan xalqı tarix yazdı. Bu qələbə birincidən axırıncıya xalqın qələbəsidir. Məncə, yazıçıların savaşı, qələbəni işıqlandırmasına gəldikdə, bu sahədə heç bir iş görə bilmədik. Şəhidlər haqqında o ada layiq olmayan, heç kimin oxumadığı kitablar yazılır. Bunu əsasən özünü gözə soxmaq istəyən kəslər edir. Bir də döyüşçülərlə söhbətlər əsasında yazılan kitablar var ki, burada da həyəcan, emosiya əskikiyi var. Müharibəni görmədən, mərmi partlayışını, güllə vıyıltısını duymadan, döyüş yoldaşını, dostunu itirmək ağrısını hiss etmədən, partlayışlar zamanı torpağın qaynar qovurğa kimi üstünə çilənməyini yaşamadan, yanmış barıt qoxusundan burnunun kökü yanmadan, boğazın qovuşmadan yazdığın əsər müharibəni tam ifadə edə bilməz. Ona görə də professionallar müharibə mövzusuna girmədi. Qeyri-professionalların da yazdığı heç kimə lazım deyil.
– İctimaiyyət hələ də filmlərin çəkilməməsindən narazıdır. Ssenari yoxdur, yoxsa başqa səbəbləri var?
– Əslində, bu suala cavab verməkdə çətinlik çəkirəm. Mənim fikrimcə, ssenari yoxdur. Bizdə film sənayesi də demək olar ki, hələ qurulmayıb. Hazırda bu sahədə ciddi işlər gedir bildiyim qədəri. Amma prodactionların imkanları zəifdir. Bu o deməkdir ki, ssenari olsa belə, ortaya ciddi iş qoymaq potensialı yoxdur.
– “Canavar qulağı” müharibə haqqında sonuncu kitabdır, yoxsa davamını gözləyək?
– Yazıçı dostlar deyir ki, sən müharibə mövzusundan qaça bilsən daha yaxşı əsərlər yaza bilərsən. Amma bunu bacarmıram hələ. Artıq bitirdiyim bir roman var. Üzərində işləmək lazımdır. Vaxtım və həvəsim olsa onu ortaya çıxarmaq pis olmaz.
– Vaxt, yoxsa həvəs olsa?..
– Bilirsiniz, qələm adamının işi yazıb yaratmaq olmalıdır. Mən isə qələm adamı deyiləm, yazılarımla boş vaxt tapanda məşğul oluram. Boş vaxtım isə az olur. Məsələn, son beş ayda bir cümlə də yazmamışam. “Canavar qulağı”nda çıxan hekayələr iki il əvvəldən hazırdır. Müharibə hekayələri yazmağı “İpəkyolu” nəşriyyatının müdiri xahiş etmişdi. Bir ay hər yerə metro ilə getdim və bu hekayələri telefonda yazdım və təqdim etdim nəşriyyata. Amma xahiş etdim ki, çap etməsinlər bir az əl gəzdirək. İki il keçdi, amma lazımı düzəlişləri etməyə zaman olmadı. Axırda elə necə yazılıbsa, elə də çap etdilər. Amma redaktə olunsaydı, yaxşı olardı. Xeyirlisi olsun!
– Özünüz oxumusunuzmu?
– Xeyr! Həm kitabın poliqrafik keyfiyyəti ürəyimcə olmadı, həm də elə ilk hekayədə düzəltməli olduğum, amma düzəltmədiyim səhvlərlə qarşılaşıb həvəsdən düşdüm.
– Belə çıxır ki, kitabın elə ilk tənqidçisi özünüzsünüz?
– Əlbəttə, səhvlərimi görürəm və özümü danlayıram…
Səxavət Məmməd
www.yenicag.az