“Vətən sevgisi artıq gənclərimizin amallarına çevrilib” – Ülvi Quliyev

30 illik həsrətdən sonra Qarabağımıza, dədə-baba torpaqlarımıza qovuşduq. Bu illər ərzində bizləri yandırıb-yaxan təkcə torpaq nisgili deyildi. Yağı düşmən milli qürurumuzu hədəf seçmişdi. Son 30 ildə onu da gördük ki, məsələnin qansız-qadasız, danışıqlar masasında həll ediləcəyinə bizləri inandıranlardan bir çoxu, əslində, səmimi deyilmişlər. Biri türkofobiya, digəri islamofobiya kimi xəstəliyə yoluxması səbəbindən xalqımızın tarixi haqqını bərpa etməsinə ya açıq-aşkar mane olurdu, ya bunu gizli edirdi, ya da məsələyə biganə qalmışdı. Əlbəttə, səbəb bu uydurma fobiyalar deyildi, böyük güclərin coğrafi baxımdan kiçik dövlətlər hesabına öz siyasi maraqlarını təmin etmək istəyi idi. Bəziləri buna görə beynəlxalq hüququ da tapdalayır, hətta imzaladıqları qətnamələri belə unudurdular.

Prezident İlham Əliyev BMT-nin və digər mötəbər beynəlxalq təşkilatların tribunasından dünya birliyinə səslənərək deyirdi ki, necə ola bilər, başqa dövlətlərə aid olan eyni mahiyyətli qətnamələr cəmi bir-neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə, onlara əməl olunmur?! Hətta müharibədən sonra şahidi olduqlarımız da sübut edir ki, qələbəmizi istəməyənlər az olmayıb, bəziləri bu gün də onu həzm edə bilmir, hər vəchlə ona kölgə salmağa çalışırlar. Böyük güclərin siyasi maraqları, təhdid və təzyiqləri qarşısında duruş gətirmək, həmin güclər arasındakı ziddiyyətlərdən ümummilli maraqlarımız naminə ustalıqla istifadə etmək, qardaş və dost ölkələr timsalında strateji müttəfiqlər qazanmaq, tarixi haqqımızı və beynəlxalq hüququ bərpa etmək üçün ən uyğun məqamı seçə bilmək və beynəlxalq aktorları fakt qarşısında qoymaq bacarıqla yanaşı, siyasi iradə, qətiyyət və çeviklik tələb edirdi. Qəhrəman əsgərimizin ürəyində Vətən sevgisi və əlində ən müasir silahı olmasaydı, Prezidentimizin dediyi kimi, döyüşə həvəslə və ürəklə getməsəydi, torpaq və milli qürurumuz uğrunda şəhid olmağı, sağlamlığını itirməyi Allahın ən böyük lütfü hesab etməsəydi, xalqımızın birliyini görməsəydi və önündə dayanan Ali Baş Komandanının qətiyyətinə sonsuza qədər inanmasaydı, Zəfər Gününü hələ çox onilliklər gözləməli olacaqdıq. Düşündüyümüzdən də dəfələrlə artıq olan xarici siyasi müqavimətlərin qırılması hesabına qazanılan bu Zəfəri haqlı olaraq “Tarixi Qələbə” adlandırırıq. Müharibə günlərində unutmadığımız səhnələrdən biri də o idi ki, Müzəffər Ali Baş Komandanımız hər müraciətində düşməndən torpaqları qan tökülmədən təhvil verməsini tələb edirdi. Şəhidlik nə qədər uca və qazi adı nə qədər şərəfli olsa da, Ali Baş Komandanımızın amalı o idi ki, torpaqlarımızın azad olunmasında itkilərimizin sayı mümkün qədər az olsun.

Müharibə günlərində televiziya ekranlarından izlədiyimiz tarixi anlardan – unudulmaz epizodlardan birini yada salmaq istəyirəm. Ali Baş Komandan və Birinci xanım Mehriban Əliyeva hərbi hospitalda müalicə alan yaralı əsgər və zabitlərimizə baş çəkmişdilər. Görüşdən sonra Mehriban xanım çox çalışdı ki, onun göz yaşlarını görən olmasın. Bu səhnə azərbaycanlı anasının müharibənin amansız qanunlarına içdən gələn etirazı idi. Birinci xanım həm də göz yaşlarını eynəyi altında gizlətməyə çalışırdı ki, düşmən görüb sevinməsin. Həmin günlərdə başqa bir səhnənin də şahidi olduq. Qarşı tərəfin birinci xanımı əlindəki avtomatı Azərbaycan əsgərinə tuşlayıb statusu və analıq fitrəti ilə uyuşmayan fotoşəkillər paylaşırdı. Bu iki səhnəni xatırlatmaqda məqsədim əsla şəxsiyyət müqayisəsi aparmaq deyil. Çünki əlində avtomat tutub başqa bir ananın balasını öldürməyi təşviq edənlə Vətən övladının həyatını, sağlamlığını itirdiyinə görə qəlbi göynəyən, göz yaşı tökən Xanımın dəyərləri o qədər fərqlidir ki, bu dəyərlərin daşıyıcıları müqayisə edilə bilməz. Məqsədim dəyərlər fərqini göstərməkdir…

Əldə etdiyimiz Qələbə həm də bu cür milli dəyərlərimizdən yoğruldu. O dəyərlərdən ki, hər zaman haqqa və ədalətə, saflığa və dürüstlüyə xidmət edib və bu gün də etməkdədir. Ona görə də Uca Tanrı ana və bacılarımızın, onların hər birinin ürək ağrısını qəlbində daşıyan Birinci xanımın dualarını eşitdi.

Sivil ölkələrdə Birinci xanım statusu həm ictimai persona, həm də cəmiyyətlə dövlət başçısı arasında birbaşa ünsiyyət yarada bilən ən etibarlı şəxs deməkdir. Sözsüz ki, bu missiyanın uğurlu icrası Birinci xanımların şəxsi xarakterindən, ictimai öhdəliyin yerinə yetirilməsinə yanaşmadakı həssaslıq və səmimilik amilindən xeyli dərəcədə asılıdır. Mehriban xanımın adı gəldikdə gözlərimiz önündə ilk canlanan obraz milli dəyərlərimizə, tarixi, mədəni və dini irsimizə bağlılıqla əlaqədar olur. Birinci xanımın bu sahədə fəaliyyəti o qədər çoxşaxəlidir ki, kiçik bir yazıda onların hamısını əhatə etmək mümkün deyil. Lakin bir məsələni xüsusi qeyd etmək istəyirəm. Son 30 ildə Qarabağ dedikdə hər dəfə bu qədim diyarımızın təbii gözəlliyi ilə yanaşı, muğam incilərimiz də yadımıza düşürdü. Qarabağın işğalından sonra, sanki, muğam sənəti də Qarabağsız yaşamaq istəmirdi. Mehriban xanımın rəhbərliyi ilə Beynəlxalq Muğam Festivalları təşkil olundu. Birinci xanım bu təşəbbüsü ilə hər birimizə deyirdi ki, muğamı mütləq yaşatmalıyıq, vaxt gələcək, onu yenidən Qarabağda, Şuşada dinləyəcəyik. Belə də oldu, Birinci xanımın təşəbbüsü ilə möhtəşəm Xarıbülbül festivalı məhz Şuşada keçirildi və Qarabağ Şikəstəsini Şuşadan eşitdik.

Mədəniyyəti, incəsənəti qorunan xalq və millət heç vaxt çətinliklərə təslim olmur, keçmişini yaşada bildiyinə görə ruhu sağlam qalır və heç şübhəsiz ki, bu da qələbəyə inamı artırır. Millətin və xalqın dünya tərəfindən tanınması, ilk növbədə, onun tarixi və mədəni irsinin layiqli təqdimatından keçir. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü sayəsində Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı, Qobustan Dövlət Tarix və Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına salındı. Yenə də Birinci xanımın təşəbbüsü ilə Novruz bayramı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, kəlağayı və Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi dinlər və mədəniyyətlərarası dialoq mühitinin yaradılmasındakı xidmətlərinə görə bu mötəbər təşkilatların ən ali mükafatlarına layiq görülüb.

Birinci xanımın dini dəyərlərimizə sidq ürəkdən bağlılığı cəmiyyətimizdə heç kim üçün sirr deyil. Mehriban xanımın işğaldan azad olunmuş Qarabağa hər səfərində düşmənin uçurub-dağıtdığı məscidlərimizi ziyarət səhnələrini hər birimiz izləmişik. Onun da şahidiyik ki, Şuşada, Ağdamda və azad edilən digər rayon və şəhərlərimizdə məscidlərimizin bərpasını Birinci xanımın təşəbbüsü ilə rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürüb. Necə ki, bu illər ərzində Mərdəkandakı “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovnadakı “Cümə” və bir çox digər məscidlərdə əsaslı təmir və bərpa işlərini Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu həyata keçirib.

Mehriban xanımın adı gələn yerdə gözlərimiz önündə həssas və mərhəmətli Azərbaycan xanımının obrazı canlanır. Televiziya ekranlarında dəfələrlə şahidi olmuşuq ki, sağlamlığında ciddi problem olan körpələr ona necə sarılır və ümid dolu gözlərlə ona necə baxırlar. Körpələr və uşaqlar isə hisslərində yanılmırlar. Allahın rizası, Mehriban xanımın köməkliyi ilə neçə-neçə körpə bu illər ərzində sağlamlığına qovuşub. Tarixi Qələbəmizin təməlində həm də bu körpələrimizin duaları dayanır.

İstənilən millətin, istənilən xalqın inamlı sabahı yetişməkdə olan gənc nəslin təhsil səviyyəsi və elmi hazırlığı ilə birbaşa bağlıdır. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxşaxəli layihələr sırasında təhsillə bağlı olan təşəbbüslər hər zaman prioritet təşkil edib. “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” proqramları bu sahədəki fəaliyyətin kiçik bir hissəsidir. Həmin proqramlar çərçivəsində üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilib. Pandemiya dövründə, 2020-2021-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilib. Müharibədə əsas yükü məhz milli ruhda və vətənpərvərlik ovqatında yetişdirilmiş gənclərimiz çəkdilər. O gənclərimiz ki, Vətən sevgisi və milli qürurun qorunması artıq amallarına çevrilib.

Mehriban xanım Əliyeva Birinci xanım statusuna görə ictimai şəxs olmaqla yanaşı, həm də dövlət adamı və siyasi xadimdir. Bu da təsadüfi deyil. Çünki Prezident İlham Əliyev kimi Mehriban xanım da Ümummilli Lider Heydər Əliyev məktəbinin ən layiqli məzunu və ləyaqətli davamçısıdır. Elə Birinci vitse-prezident statusu da Mehriban xanımın uğurlu fəaliyyətinin nəticəsidir. Prezident və Xanımı həyatda olduğu kimi, siyasətdə və dövlət idarəçiliyində də ən yaxın silahdaş və həmfikirdirlər. Məhz bu səbəbdən eyni səngərdə çiyin-çiyinə qətiyyətlə dayanıblar. Buna görə Uca Tanrının kölgəsi altında bütün çətinlikləri birlikdə inamla dəf edə bilirlər. Onları həm də Vətənə sonsuz məhəbbət və xalqımıza xidmət kimi müqəddəs, saf amallar birləşdirir. Əslində, tandemin uğur sirri də göz önündədir: elin gücünə, dəstəyinə söykənənlər, haqqa xidmət edənlər heç vaxt məğlub olmurlar, qalibiyyət onların alın yazısıdır!

Ülvi Quliyev
Milli Məclisin deputatı