“Peyvənd vurdurmağın könüllülük prinsipinə əsaslandığı bildirilsə də, reallıqda vəziyyət fərqlidir”.
Bu fikirləri bir sıra ölkələrdə daxili iğtişaşlara səbəb olan məcburi vaksinasiya cəhdlərinin Azərbaycanda da neqativ proseslərə yol açma ehtimalını dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, vaksinasiyanın könüllü olduğunu deyib, gerçəkdə insanları buna məcbur etmək doğru deyil:
“Vaksinasiya ətrafında yaranmış anlaşılmazlıqları aradan qaldırmaq üçün maarifçilik işləri genişləndirilməli, əhali arasında bu prosesə etimadı artıran addımlar atılmalıdır.
Azərbaycanda vaksinasiya ilə bağlı təzadlı vəziyyət yaranıb. Peyvənd vurdurmağın könüllülük prinsipinə əsaslandığı bildirilsə də, reallıqda vəziyyət fərqlidir. Elə bir şərait yaradılır ki, insanların istəmədən peyvənd vurdurmaqdan başqa yolları qalmır.
Lakin mən bir daha xatırlatmaq istərdim ki, prezident İlham Əliyev də öz çıxışlarında peyvənd vurdurmağın könüllü olduğunu bir neçə dəfə diqqətə çatdırıb. Hesab edirəm ki, bu yanaşma üzərində maarifçilik xarakterli təşəbbüslər olmalı, normal izahat işləri aparılmalıdır. Vaksinasiyanın könüllü olduğunu deyib, gerçəkdə insanları buna məcbur etmək doğru deyil.
Müşahidə etdiyimiz kimi, bir sıra ölkələrdə məcburi vaksinasiyaya görə iğtişaşlar baş verir, daxili qarşıdurma güclənir. Mənə belə gəlir ki, Azərbaycanda vəziyyətin o dərəcədə gərginləşməsi üçün səbəb yoxdur.
Eyni zamanda, əgər yoluxma sayı ilə əlaqədar vəziyyət kəskinləşərsə, o halda vaksinasiyanın məcburi olması haqda qərar qəbul edilə bilər və bu məsələ ətrafında spekulyasiya da dayanar”.
A.Zeynalov
www.yenicag.az