Vitse-prezident: “Rövşən Bayramov papağını qarşısına qoyub fikirləşməlidir”

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov Yeniçağ.az-a müsahibə verib. O, millini tərk edəcək idmançılar və Üçqat Olimpiya mükafatçısının həyat yoldaşının federasiyadakı rolundan danışıb.

– Güləş üzrə yığma komandaların hazırki durumu rəhbərliyi qane edir?

– Hazırda millilərimiz təlim-məşq toplanışındadırlar. Bu günə kimi yığmalarımız müəyyən Qran-Pri turnirlərində iştirak ediblər, uğurlar qazanıblar. Sərbəst güləşçilərimiz Dünya kubokunda 3-cü yerə layiq görüldü. Yunan-Roma güləşçilərimiz komanda hesabında 2-ci yeri tutdu.

Hazırlıq davam edir. 23 yaşa qədər olan komandalarımız Avropa Çempionatından nəticə ilə qayıdıblar. Təbii ki, bütün bunlar rəhbərliyin diqqəti sayəsindədir. Buna görə də komandalarımız bütün yarışlarda yüksək yerlər uğrunda mübarizə aparmağı qarşıya məqsəd qoyublar.

Qadınlardan ibarət millimiz Ukraynanın Kiyev şəhərində, Sərbəst və yunan-Roma güləşçilərimiz isə paytaxtda məşqlərini davam etdirir. Avropa çempionatına hazırlıq gedir. Yarış mayın 6-10 Serbiyada baş tutacaq. Ondan bir neçə gün sonra da güləşçilərimiz Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında iştirak edəcəklər. Hələ ki, heç bir problem yoxdur. İdmançılar da, məşqçilər də üzərilərinə düşən məsuliyyəti anlayır.

– Bildiyimiz kimi komandalarda gəncləşmə siyasəti aparılır. Bəs millimizi tərk edənlər kimdir?

– Komandadan gedənlər var. Təbii ki, bu qərarı idmançı özü verir. Hələ indiyədək heç kimə deməmişik ki, bu gündən sən zala gəlmə, idmanı tərk elə. Onun üçün bir zaman yetişməlidir. Bilirsiniz ki, Xetaq Qazyumçov böyük idmanı tərk etdiyini elan edib, hazırda öz ölkəsinin millisini çalışdırır. Biz ona nə deyə bilərik? Ona deyə bilmərik ki, yox getmə, gəl idmançı kimi çıxış et.

Amma konkret olaraq yaşının çox olduğunu deyib, getmək üçün müraciət edənlər yoxdur. Yığmamızda olanlar son sözlərini demək istəyirlər. Hansı nəticə ilə böyük idmandan vidalaşacaqlarını da zaman göstərəcək.

– Qadınların millisində olan Yuliya Ratkeviç və yunan-Roma komandasının üzvü Rövşən Bayramov… Hər iki idmançı karyerasını davam etdirir, yoxsa…

– Hələ bu barədə qəti qərar verməyiblər. Rövşən Bayramov hələ yığmanın tərkibindədir, məşqlərə gəlir. Onların gedib-getməməyi müəyyən yarışlardan sonra bəlli olacaq. O, yarışlara qatılacaq, əgər uğur qazansa davam edəcək. Yox əgər uduzsa, özü papağını qoyub qabağına fikirləşəcək.
Düzdür, hər bir ölkənin millisində yaşlı idmançılar var. Amma biz 2020-ci ildə keçiriləcək Tokio Olimpiadasında uğurla çıxış etmək istəyiriksə, gənclərə geniş yer verməli, onlarla günü bu gündən ciddi çalışmalıyıq.
Bu da yığmamızın məşqlər korpusunun nəzərindədir, bu istiqamətdə də işlərimizi davam etdiririk.

– Gənclər Federasiya rəhbərliyinin etimadını doğrulda bilirmi?

– Bəziləri doğruldur, bəziləri doğrultmur. Doğruldanlar istəyirlər ki, ölkənin birinci yığma komandasında öz sözlərini desinlər, yerlərini möhkəmləndirsinlər. Məncə, yaşlı idmançılar bir növ mesaj verirlər. Yəni mən də bu yerə iddialıyam, Olimpiadada ölkəmizi bu çəkidə də təmsil etməyə hazıram.

– Elçin müəllim, etiraf edək ki, qadınlardan ibarət yığmamızda idmançılar azdır. Hətta olanlar da “milliləşmiş” güləşçilərdir.

– Mən deyərdm ki, ora gələnlərin əksəriyyəti yerlilərdir. Dünyanın bir çox ölkələrində “milliləşmə”dən istifadə edilir. Deyəsən, bu məsələ təkcə bizdə belə qabardılır. Hansısa idmançı gəlir, həmin ölkədə yaşamaq və onun bayrağıını qaldırmaq istəyir. Elə həmin ölkənin də qanunlarına tabe olur. Burada qəbahət yoxdur. Qeyd edim ki, biz ehtiyac olan çəkilərə əcnəbi idmançı dəvət edirik. Rəsul Çunayevin, Hacı Əliyevin yerinə əcnəbi gətirmək olar? Bu, nəyimizə lazımdır ki?

Ağrılı hal odur ki, ailələr qızlarını idmana çox buraxmırlar. Bu da deyəsən mentalitetdən asılıdır. Bu, tək güləşdə yox, bütün idman növlərində belədir. Amma ümidvaram ki, get-gedə bu problem də aradan qalxacaq. Hazırda bu istiqamətdə işlərimizi davam etdiririk.

– Bizdə olan məlumata görə, Mariya Stadnikin həyat yoldaşı millimizdə çalışır.

– Andriy Stadnik Mariya Stadnikin həyat yoldaşı olmaqla yanaşı, həm də şəxsi məşqçisidir. O da millimizin məşqlərində təkcə Mariya Stadniklə işləmir. O, yığmanın məşqçilər korpusunda yer alırsa, həm şəxsi tələbəsi – həyat yoldaşıyla, həm də digər güləşçilərlə işləyir.

 

Aygün İlqarqızı
Yeniçağ.az