Vüqar Abbasov: “Hun elində Azərbaycan havası”
Onunla tanışlığımızın tarixi o qədər də çox deyil. Hardasa dörd ilə yaxındır ki, internet üzərindən söhbət edirdik və biz, hər ikimizin dostu, həmkarım Elnur Eltürkün vasitəsilə tanış olmuşduq. Bu yerdə bir şeyi etiraf edim ki, sözü gedən həmkarım məni dünyanın müxtəlif ölkələrində yaşayan bir çox soydaşımız ilə tanış edib. Açığı tanışlığımızın ilk vaxtlarında bu adamın özündən bir qədər razı olduğu təəssüratı yaranmışdı məndə.
Diaspor fəaliyyətindən söz düşdükcə özünün Macarıstandakı əlaqələrindən, yaşadığı ölkənin dövlət idarələri ilə olan münasibətlərindən söhbət açardı. Bir dəfə isə ona zarafatla: “Ramiz müəllim, bəlkə bir qədər təvazökarlıq edəsiz” –dedikdə, gülərək və əhvalını pozmadan: “Mən elə təvazökarlıq edərək hamısını demirəm”, – dedi. Doğrusu düşündüm ki, əlimə düşən ilk fürsətdə sənin nə qədər təvazökar olduğunu araşdıracam. Söhbətlərimizdə tez-tez Macarıstanda həbsdə olan Ramil Səfərovdan danışardıq. “Darıxma, lap yaxınlarda hər şey yaxşı olacaq. İstəyirsən gəl, səni onunla görüşdürüm” – deyirdi və mən də bu cür danışıqlardan sonra “əlimə düşəcək fürsəti” gözləyirdim, heç bunu onun özündən də gizlətmirdim. Əslində təbiətən fürsətcil deyiləm, məni yaxından tanıyanlar bilirlər və əgər bu “fürsət” əlimə düşsə idi belə, bu barədə qəzetə yazmayacaq, sadəcə onun gözlərinin içinə baxacaqdım.
Yanvar ayının əvvəli idi. Növbəti danışığımız zamanı mənə: “Vüqar, ayın sonunda burda bir tədbir keçirdəcəyik, gəl iştirak et”, – dedi. Doğrusu ora getməyə bir o qədər də həvəsli deyildim, həm də iş-gücdən qalmalı olacaqdım. Nəhayət yanvar ayının 25-də, növbəti görüntülü danışığımız vaxtı məni sonuncu dəfə Macarıstana, tədbirə dəvət etdi, həm də özünə məxsus şəkildə: “Demirdin ki, fürsət gözləyirsən. Gəl bura, bu da fürsət. Ancaq bilmirəm bu, kimin üçün fürsət olacaq, mənə – dediklərimi sübut etmək üçün, yoxsa sənə – mənim gözümün işinə baxman üçün. Gəl görək nə edirik”. Doğrudan da əla fürsət idi. Ən azından Bakıdan tədbirə gələcək olanları, tədbirin təşkilatçılarından olan, “Soyqırım həqiqətlərini tanıtma” ictimai birliyinin sədri Ceyhun Ələkbərovu, jurnalist həmkar və dostlarım Elnur Eltürkü, Əli Zülfüqaroğlunu və nəhayət uzun illərdir internet üzərindən söhbət etdiyim, bayaqdan bəri söhbət açdığım, Macarıstan-Azərbaycan “Qardaşlıq” cəmiyyətinin sədri Ramiz Əmirlini görəcəkdim. Bunlara görə vaxt və para ayırmağına dəyərdi. Elə Ramiz müəllimlə danışa-danışa biletimi aldım (indi bilet almağa nə var, internetin xidməti bunu asanlaşdırıb, yetər ki, hesabında pul olsun). “Gəlirəm, ayın 27-də orda olacami”, – dedim. Nəhayət dediyim vaxta Budapeşt hava limanında idim. Ramiz müəllim hələ gəlməmişdi. Zəngləşdik və bir neçə dəqiqəyə orda olacağını dedi. Onu görəndə isə çaşıb qalmışdım. “Səni kiməsə oxşadıram”, – dedim. Gülə-gülə: “Hə, aktyor Ramiz Novruza. Hamı məni ona oxşadır. Bir dəfə Bakıda taksi ilə bir yerə getdim. Düşəndə nə qədər etsəm də məndən pul götürmədi: ”Ramiz müəllim, sizin kimi sənətkardan pul almaram”, – dedi sürücü. Nə qədər mənim həmən Ramiz olmadığımı desəm də, inanmadı”, – dedi. Yolboyu Budapeştdən, şəhərin tarixindən söhbət açdı və nəhayət hansı oteldə qalmaq istədiyimi soruşdu. Mən tədbirin keçiriləcəyi oteldə qalmağa üstünlük verdiyimi dedim…
Sizi çox yormayım. İlk günümüz bir qədər şəhərlə tanışlıq və istirahətlə keçdi. Növbəti gün tezdən isə tədbirə hazırlıq başladı, hərə öz bildiyi formada. Nəhayət tədbir keçiriləcək yerə yığışdıq. Qonaqlar yığışdıqca dilimizdəki sözlər eşidilməz olmaqdaydı, zal macarlarla dolduğundan, bu dildə danışanların səsi daha çox çıxırdı. İlk dəfə idi ki, dilimizin az qala eşidilməz olduğuna sevinirdim. Bu dəfə macarlar bizim problemləri öz dillərində deyəcək, digər macarlar isə bu dildə eşidəcəkdilər, bu idi məni sevindirən. Bu yerdə bir şeyi xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tədbirə yüksək mənəvi dəstək göstərirdi. Hətta səfir cənab Vilayət Quliyev tədbirdən xeyli öncə gəlib hər şeyi müşahidə edirdi. Türkiyənin bu ölkədəki böyük elçisi, cənab Şakir Fakili da tədbirə qatılanlar sırasında idi. Tədbir barədə geniş yazmayacam, mətbuatımızda bu barədə kifayət qədər məlumat verildi. Tədbirdə macar araşdırmaçı, Azərbaycanşünas Borbala Obrusanszkynin və “Soyqırım həqiqətlərini tanıtma” ictimai birliyinin sədri Ceyhun Ələkbərovun həmmüəllif olduqları “Qafqazın parlayan ulduzu-Azərbaycan” kitabının təqdim etməsi oldu və XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında danışıldı. Ramiz Əmirli tədbiri açıq elan etdikdən sonra, tədbirə qatılan səfirlər, kitab müəllifləri, Macar siyasət və elm adamları, Macar araşdırmaçıları və bu sətirlərin müəllifi ardıcıllıqla çıxış etdilər. Tədbirin sonunda isə Ramiz bəyin oğlu, Macarıstanın gənc şairi adını almış Rüstəm Əmirlinin çıxışı, şeirlərindən oxumasının da öz yeri var idi. Tədbirdə eyni zamanda onun da “Nigarançılıq” adlı kitabının təqdim edilməsinə yer verildi. Tədbiri işıqlandırmağa isə çoxsaylı jurnalistlər qatılmışdı. Zalda Azad Azərbaycan televiziyasının Avropa müxbiri, həmkarım Şahin Abasovla bərabər, yerli Macar televiziyalarının bir neçəsinin jurnalistlərini, kameralarını da görmək mümkün idi.
Tədbirin gedişatında nümayiş olunan qısa filmdə isə Ramiz müəllimin neçə müddətdən bəri mənə danışdıqlarının heç də uydurma olmadığını sübut edirdi. Ramiz müəllim mənə bir neçə dəfə eks prezident, rəhmətlik Heydər Əliyevlə Macarıstandakı görüşlərindən, aralarında olan səmimi münasibətlərdən danışmış, onunla etdiyi söhbətləri xatırlamışdı. Yuxarıda da qeyd etdiyim kimi, Ramiz müəllim Macarıstan dövlət qrumları ilə münasibətlərindən tez-tez söhbət açırdı. Bütün bunlar isə sözü gedən qısa filmdə öz əksini tapmışdı…
Macarıstan səfərimdən gəldiyim nəticə isə belədir. Ramiz Əmirlinin, necə deyərlər, dili varsa, dilçəyi də var. Demək ki, biz istəyəndə yaşadığımız ölkələrdə yüksək əlaqələr qura bilirik. Demək ki, istəyəndə sözümüzü deməyi bacarırıq. Sadəcə buna zaman lazımdır. Ancaq keçən zamanı düzgün dəyərləndirməyi bacarmalısan, həm yerli dili öyrənməli, həm də əlaqələr qurmağa çalışmalısan. Xarici ölkələrdə yaşayan soydaşlarımız arasında ramizlərimizin sayı çox olmalıdır. Diasporla İş Üzrə Dövlət Komitəsini ən çox tənqid edənlərdən biri də mənəm. Ancaq diaspor nümayəndələrimiz arasında bu cür əlaqələri olanlar nə qədərdir? Arada bir qədər özümüzə də baxsaq yaxşı olmazmı? Mən demək istəmirəm ki, fəal, məhsuldar işləyən diaspor təşkilatlarımız, diaspor nümayəndələrimiz yoxdur. Var və mən də onlar barədə imkan düşdükcə yazmışam və yenə də imkan olduqca yazmağa, onları sizlərə tanıtmağa davam edəcəm. Hə, sözü gedən komitənin fəal təşkilatlarımız və ayrı-ayrı fəal diaspor nümayəndələri, elə Ramiz Əmirlinin rəhbərlik etdiyi təşkilat ilə münasibətlərinin hansı səviyyədə olması isə başqa yazının mövzusudur. Növbəti yazılarımın birində bu mövzuya qayıdacam.
Ramiz müəllimə isə sözüm belədir. Ramiz müəllim, mən sənin gözünün içinə baxmaq fürsəti qazandım, həm də fəxrlə baxdım.
Vüqar Abbasov. Niderland.