“ “ASAN xidmət” mərkəzlərini könüllülər olmadan təsəvvür etmək mümkün deyil”.
Bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev “ASAN Akademiya”nın növbəti məzun günündə bildirib.
V.Quliyev çıxışında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. O, gənclər üçün yaradılan imkanlardan, onların təşəbbüslərini dəstəkləyən Gənclər Fondunun fəaliyyətindən, regionlarda inşa edilən gənclər evlərindən, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının uğurlarından, Azərbaycanın beynəlxalq gənclər hərəkatında fəal təmsilçiliyindən, gənclərimizin beynəlxalq idman və musiqi yarışlarında qazandığı nailiyyətlərdən söhbət açıb.
Azərbaycanda könüllülük hərəkatının inkişaf tarixinə nəzər salan Vüsal Quliyev, ASAN könüllülərinin timsalında gənclərin bu sahəyə daha çox marağının artdığını diqqətə çatdırdı. Bildirdi ki, bu gün ölkəmizdə könüllülük fəaliyyətini tənzimləyən qanunvericilik bazası, habelə könüllülərin təcrübə toplaması üçün kifayət qədər qeyri-hökumət təşkilatları, habelə dövlət qurumları və özəl müəssisələr mövcuddur.
Şübhəsiz ki, “ASAN xidmət” mərkəzləri könüllülər üçün ən səmərəli təcrübə məkanıdır.
Könüllülər də öz növbəsində həmin mərkəzlərin aparıcı qüvvəsidir. Bu gün həmin mərkəzləri könüllülər olmadan təsəvvür etmək mümkün deyil. O, “ASAN Akademiya” layihəsinin əhəmiyyətini qeyd edərək, könüllü fəaliyyətin gəncləri faydalı əməyə, insansevərliyə alışdırdığını qeyd etmiş, onların vətənpərvər, milli köklərə bağlı, müasir dünyagörüşlü, şəxsi keyfiyyətləri yüksək olan vətəndaş kimi formalaşmasında böyük rol oynadığını vurğuladı. Könüllülərə Azərbaycan dövlətinin onlar üçün yaratdığı imkanlardan səmərəli istifadə etməyi, yaxşı təhsil almağı, dövlətçilik maraqlarına hər zaman sadiq olmağı tövsiyə etdi.
www.yenicag.az