“Bu xoşbəxtliyin ömrü nə qədər qalıbsa, elə belə də davam etsin.”
Bunu bu gün doğum günü olan tanınmış yazar-jurnalist, teleaparıcısı Vüsalə Məmmədova təəssüratlarını bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.
Aparıcı rəqəmlərin onu qətiyyən qorxutmadığını bildirib:
“Tək qadınların yox, bütün insanların həyatında elə bir yaş mərhələsi var ki, onlar yaşdan, rəqəmlərdən qorxur. Olub elə bir vaxtım, amma mən həyatımın o mərhələsini adlamışam. Qarşıdan gələn illəri sevgi ilə gözləyirəm. Bilirəm ki, özü ilə ancaq gözəllik gətirəcək. Mən həyatın yaş mərhələsindən yox, hər saniyəsindən həzz alan, həyatı o qədər sevən bir insanam. Ona görə də yaş məni qorxutmur. Yaşayacağın ömür, görəcəyin işlər, hədəflərin varsa, uğrunda yaşadıqların, nəfəs aldıqların və hər şeyi gözə alacağın insanlar və dəyərlər mövcuddursa, o zaman yaş səni qorxutmamalıdır. Və məni qorxutmur”.
Vüsalə taleyin ən gözəl hədiyyəsini də aldığını söyləyib:
“Maddi olaraq əldə edilənləri hədiyyə kimi görmürəm. Taleyimə hədiyyə saydığım insanlar var həyatımda. Misal üçün iki bacım var və hesab edirəm ki, onlar taleyin mənə hədiyyəsidir. Anam mənim üçün hədiyyədir. Onlardan daha möhtəşəm hədiyyə təsəvvür edə bilmirəm. Hər il təqvim dəyişəndə, ayın 3-dən 4-nə keçəndə anamın məni qucaqlayıb təbrik etməsi yer üzündə heç nəyin misli-bərabəri olmayacaq qiymətdə dəyərdir. Mənim üçün sevgi çox önəmlidir. Mənim üçün önəmli odur ki, ətrafımda barmaqla sayılacaq qədər insan olsun, amma hər şey səmimi olsun. O insanlar üçün bir məna kəsb edim. Ona görə də deyə bilərəm ki, yeni yaşıma çox xoşbəxt girmişəm. Bu xoşbəxtliyin ömrü nə qədər qalıbsa, elə belə də davam etsin. Təbii ki, bu xoşbəxtlik artan xətlə davam edərsə, mən daha mutlu olaram.
2019-cu ildə doğum günümdə jurnalist dostum Aydın Bağırov məni, “Vüsalə bir gün öz hədiyyəsini alacaq, onun hədiyyəsi yurdunun azad olunması olacaq”, – deyə təbrik etmişdi. Çox səmimi bir dilək idi, bir il içində də də yerinə yetdi. Hələ də hər il “Facebook” onu xatırladır. Ad günümdə artıq Ağdam azad olunmuşdu. Səmimi qəlbdən, ürəklə edilən arzu, əslində ən gözəl hədiyyəyə çevrilir”.
“Tamaşaçı sizi bir aparıcı olaraq daha çox nəyə görə sevir?”, – sualına Vüsalənin cavabı belə oldu:
“Tamaşaçı məni niyə sevir sualına cavab verə bilmərəm, onu tamaşaçı dəqiq deyə bilər. Hər gün dünənki Vüsalədən bacardıqca heç olmasa, daha bir addım öndə olmağa çalışıram. İnsan kimi də, jurnalist kimi də. Ailəmdə də övlad, bacı kimi də çalışıram dünənkindən yaxşı olum”.
Cəvahir
www.yenicag.az