“40 gün nə tez gəlib keçdi, amma yoxluğunla hələ də barışa bilmirəm…”
Bunu bu gün 40 mərasimi olan mərhum aktyor Ramiz Novruzla bağlı danışarkən Xalq artisti Rafiq Əzimov Yenicag.az-a açıqlamasında deyib.
“Bu gün Ramizin ölümündən 40 gün keçir. Amma hələ də onun yoxluğuna inanmaq olmur. Teatra gedəndə hər yerdə gözüm onu axtarır. Sonuncu dəfə də onunla teatrda görüşmüşdük. Ağır xəstəliklə mübarizə aparsa da, üzdə bunu qətiyyən büruzə vermirdi. Çox nikbin insan idi, sağalacağına ümid edirdi. Bərabər bir çox tamaşalarda səhnə bölüşmüşük. Son görüşümüzdə ona dedim ki, “Müfəttiş” tamaşasında birgə səhnəyə çıxmağa nə vaxt gəlirsən? Cavab verdi ki, toparlanım, gələcəm. Amma amansız xəstəlik onun bir də səhnəyə çıxmasına aman vermədi. Ramiz obrazları ilə hər zaman tamaşaçı qəlbində yaşayacaq. Çünki o cür sənətkarlar hər zaman ölümsüz olur. Gözəl aktyor olmaqla bərabər, Ramiz həm də gözəl insan, ata, baba və gözəl dost idi. Ölüm ona heç yaraşmırdı. Heyif, aramızdan çox tez getdi”.
Cəvahir
www.yenicag.az