“Dünənə kimi soruşurdular neçə yaşın var, deyirdim 62. Bir yaş özümü cavanlaşdırırdım…”
Bunu doğum gününü qeyd edən tanınmış aktyor, Xalq artisti Qurban İsmayılov təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.
Aktyor rəqəmlərin onun üçün əhəmiyyət daşımadığını bildirib:
“Rəqəmlərin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Yaşlanmaq belədir ki, dünən etdiyin zarafatları bu gün etmirsən. Düşünürsən ki, daha cavan deyilsən, güya ağsaqqalsan. Amma mən yenə də elə dostlar arasında özümü yaşlı aparmağı xoşlamıram. Uşaqla uşaq, böyüklə böyüyəm.
Doğüm günlərimi qeyd etməklə aram yoxdur. Düşünürəm, yaşlanırıqsa yaş üstünə də yaş gəlməlidir. Amma dünənə kimi soruşurdular ki, neçə yaşın var, deyirdim 62. Bir yaş özümü cavanlaşdırırdım. Amma bu gün dəqiqləşdi ki, yaş artıq 63-dür. Daha özümü cavanlaşdıra bilmirəm”.
O, özəl günlərini qeyd etmədiiyndən hədiyyə də almadığını deyib: “Hədiyyələri hamı sevir, mən də. Amma məsələ burasındadır ki, mən doğum günlərimi qeyd etmədiyim üçün hədiyyə də almıram. Bacım, qardaşım zəng edir, xoş sözlər deyir, soruşurlar. Deyirəm, yaşımı qeyd etmirəm. Hamıya deyirəm 65-i qeyd edəcəm. Elə hədiyyələrinizi də saxlayın 65-ə”.
Aktyor ən böyük arzusunu da dilə gətirib:
“Aktyorun ən böyük arzusu yaradıcılığı ilə bağlıdır. İstəyirəm çoxlu filmlər çəkilsin, mən də oynayım, çoxlu tamaşalar hazırlansın, mən də rol alım”.
Cəvahir
www.yenicag.az