Bu gün xalq artisti, sevilən aktrisa Həmidə Ömərovanın doğum günüdür.
Özəl gününü çəkiliş meydançasında keçirən xalq artisti təssüratlarını Yenicag.az-la bölüşüb:
– Doğum günündə hansı əhval-ruhiyyədəsiniz?
– “Ata ocağı” serialının növbəti seriyası çəkilir, iş başındayıq. Sevincliyəm, hamı xoş sözlər deyir, təbrik edir. Mənim üçün yaradıcılıq sevinci nəyə desən dəyər.
– Rəqəmlərin sizin üçün əhəmiyyəti varmı? Yaşı nəzərdə tuturam…
– Hərdən öz-özümə deyirəm ki, başım o qədər işə qarışdı, heç qocalmağa vaxtım da qalmadı. Düzünü deyim ki, yaşımı hiss etmirəm. Daxilən özümü çox gənc sayıram. Təəssüf ki, bioloji yaşımız bəzən daxili yaşımızı-hisslərimizi qabaqlayır.
– “Gözləriniz çox gözəldir” – yəqin bu komplimenti sizə tez-tez edirlər?
– Təəssüf ki, yaş öz sözünü deyir və insan zaman keçdikcə dəyişir. Amma həmişə mənə deyirlər ki, gözləriniz heç vaxt dəyişmir, qocalmır, necə varsa, elə də qalıb. Əlbəttə baxışlar, gözlər hər zaman qəlbin aynasıdır.
– Yəqin ki, getdiyiniz məkanlarda sevənləriniz sizə yaxınlaşıb ürək sözlərini söyləyir. İndiyə qədər hansı sözlər sizi təəccübləndirib, hətta ağlamaq istəmisiniz?
– Bəzən köhnə nəsildən olan insanlar məni görəndə təəccüblənirlər ki, necə dəyişmisiniz. Bircə gözləriniz və səsiniz eynidir. Onda təəccüblənirəm, fikirləşirəm ki, yəqin çox dəyişmişəm.
– Deyirlər qadınlar sevəndə öz yaşını hiss etmir…
– Mən xəstələnməyəndə çox pozitiv və enerjili oluram, yaşımı hiss etmirəm. Qaldı ki, sevgiyə, gəncliyimdən ta bu yana bütün sevgimi ona-yaradıcılığıma vermişəm. Məni tanıyanlar da bunu gözəl bilir.
– Qadın olaraq özünüzü bəxtigətirmişlərdən sayırsınız?
– Bəxtim həmişə gətirib ki, belə gözəl rollarda oynamışam.
– Mən sənət baxımından deyil, qadın nöqteyi-nəzərdən soruşdum.
– Mən kişi olaraq cavab vermirəm ki, elə qadın olaraq danışıram də…(gülür)
– Siz aktrisa kimi xoşbəxtliyi nəzərdə tutursunuz…
– Axı xoşbəxtlik anlarla olur. İnsan hər zaman xoşbəxt ola bilməz.
– Yaxşı onda deyin görək, xoşbəxt anlarınız çox olub?
– Əlbəttə çox olub.
– Arzuladığınız, amma hələ də oynamadığınız rollar varmı?
– Hər bir dramatik aktyor istəyər ki, özünü komik rollarda sınasın. Komediya aktyoru da əksinə dramatik rollarda oynamağı arzulayır. Mən də istərdim ki, komik obrazlarda görünüm. Tamaşaçımı təəccübləndirməyi, dəyişikliyi xoşlayıram.
Cəvahir
www.yenicag.az