Bu gün sevilən sənətkar Səxavət Məmmədovun doğum günüdür.
Yaxın dostu, xalq artisti Möhlət Müslümov sənətkarla bağlı xatirələrini Yenicag.az-la bölüşüb:
“Sağ olsaydı, 65 yaşını qeyd edəcəkdik. Amma əcəl aman vermədi. Doğum günlərini xüsusi təmtəraqla qeyd etməyi sevməzdi. Çox vaxt onun doğum günlərini səfərdə olduğumuz ölkələrdə qeyd edirdik. Sonuncu ad gününü Hindistanda keçirdik. Ölümündən əvvəl yuxu görmüşdü. Xarici ölkədən qayıdanda yuxusunu danışdı. Yuxuda görüb ki, qəbiristanlıqla üzbəüz çadır qurulub, orada çal-çağırdır. Çox narahat idi ki, görən bu nə yuxudur. Üstündən az vaxt keçdi. Ölüm xəbərini aldıq. İki xarici pasportu vardı. Onunla Mədəniyyət Nazirliyində olan sonuncu görüşümüzdə pasportun birini mənə verdi. Dedi ki, birdən xaricə dəvət edərlər, qeydiyyat üçün lazım olar. Amma lazım olmadı, ölümündən sonra həmin pasportu atasına təhvil verdim”.
Möhlət Müslümov Səxavətin əvəzsiz dost və olduqca əliaçıq bir insan olduğunu bildirib:
“Səxavətin dost, insan kimi əvəzi yox idi. Çox əliaçıqdı, adı kimi səxavətli insan idi. Ondan iynənin ucu qədər inciyən adam olmayıb. Sentyabrın 30-da qəzada dünyasını dəyişdi, oktyabrın 27-si ad günündə yuxu gördüm. Yuxuda mənə dedi ki, nə oturmusan, dur get atamgilə, səni gözləyirlər. Ayılanda qəfildən yadıma düşdü ki, Səxavətin doğum günüdür. Heç 40-ı çıxmamışdı, getdim evlərinə, gördüm hamı ağlaşır”.
Cəvahir