Xameneinin Moskva SİRRİ: Müalicə, yoxsa qorunma?
“Ehtimal olunur ki, o, ciddi şəkildə yaralanmayıb, sadəcə müəyyən səbəblərə görə ölkədən çıxarılıb”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, İranın yeni ali rəhbəri Müctəba Hüseyni Xameneinin Rusiyada olması və səhhəti ilə bağlı yayılan iddiaları şərh edib.
Politoloq bildirib ki, Xameneinin Moskvada müalicə almasını mən qaçış kimi qiymətləndirmirəm:
“Daha çox belə görünür ki, İranda onun təhlükəsiz şəkildə müalicə olunması çətin hesab edilir. Böyük ehtimalla, ölkə daxilində həyati risk olduğunu düşündükləri üçün onu Rusiyaya aparıblar ki, daha təhlükəsiz şəraitdə müalicə alsın. Görünən odur ki, sağaldıqdan sonra geri qaytarılması planlaşdırılır.
Digər ehtimal isə budur ki, o, ciddi şəkildə yaralanmayıb, sadəcə müəyyən səbəblərə görə ölkədən çıxarılıb. Əgər proses birbaşa ‘ölkədən çıxarıldı’ kimi təqdim olunsaydı, cəmiyyətdə aqressiya yarada bilərdi. Amma ‘yaralanıb və müalicə üçün Rusiyaya aparılıb’ formasında təqdim edilməsi daha sakit qarşılanır və qısa müddətdə geri qayıdacağı mesajı verilir.
Bunun Bəşər Əsəd ssenarisinə bənzəyəcəyini düşünmək tam real görünmür. Daha məntiqli ehtimal onun müalicə alıb geri qayıtmasıdır. Çünki Rusiyada daha təhlükəsiz müalicə imkanlarının olduğu düşünülür. Digər tərəfdən, İran daxilində Mossad və ABŞ kəşfiyyat şəbəkələrinin fəal olduğu iddia edilir. Əgər yüksək rütbəli şəxslərə qarşı hücumlar baş veribsə, bu, belə bir qərarın verilməsinə səbəb ola bilər”, – deyə o bildirib.
Nəsimi Ələsgərli













