Son günlər bələdiyyələr tərəfindən vətəndaşlara əmlak vergisinin ödənilməsi ilə əlaqədar bildirişlər gəlir. Vergini zamanında ödəmədikdə isə müəyyən məbləğdə cərimə olunacaqları ilə bağlı xəbərdarlıq olunur. Bu da vətəndaşların bir qədər narahat olmasına səbəb olur.
Mövzu ilə bağlı Yenicag.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, verginin tələb olunması üçün ilk növbədə xəbərdarlıq gəlməli, vətəndaş vergini ödəmədiyi təqdirdə bələdiyyələr tərəfindən bu məsələ İcra və probasiya şöbəsinə yönələrək, vətəndaşın əmlakına, avtomobilinə, hətta ölkədən çıxışına belə qadağa qoyula bilər.
“Qanunvericiliyə əsasən bütün əmlaklar vergiyə cəlb olunur. Bunlar həm torpaq, həm də əmlak vergisidir. Torpaq sahələrində tikilmiş fərdi yaşayış evləri torpaq və əmlak vergilərinə, çoxmənzilli yaşayış binalarındakı mənzillər isə əmlak vergisinə cəlb olunur. Əmlak və torpaq vergiləri bələdiyyə tərəfindən yığılır. Hər hansı əmlakın vergiyə cəlb olunması üçün mütləq şəkildə həmin əmlakın çıxarışı olmalıdır. Çıxarışı olmayan əmlaklardan da bəzən vergilər toplanılır. Çıxarışı olmayan əmlaklar var ki, onların mülkiyyət hüququ formalaşması da, həmin əmlakların uzun illər yaşama hüququ formalaşdığına görə, bəzən bu tip əmlaklardan da vergilər yığılır”, – deyə o əlavə edib.
Bundan əlavə, ekspert qeyd edib ki, mənzil-istimar idarələrindən və çoxmənzilli binalarda yığılan kommunal pullarla bu tip vergiləri vətəndaşlar bəzən ayırd edə bilmirlər.
“Yığılan kommunal pullar həmin əmlakların saxlanılması üçün sərf olunur. Lakin əmlak və torpaq vergiləri qanunvericiliyə uyğun olaraq büdcəyə yönələn pullardır. Qeyd etdiyim kimi, bu tip əmlakların vergisinin yığılması bələdiyyəyə həvalə olunur. Bələdiyyələr vətəndaşlardan bəzən daha əvvəlki illərə qədər vergi tələb etsələr də, onlar tərəfindən vətəndaşlardan verginin tələb olunması üçün ilk növbədə xəbərdarlıq gəlməli, vətəndaş vergini ödəmədiyi təqdirdə, bələdiyyələr tərəfindən bu məsələ İcra və probasiya şöbəsinə yönələrək, vətəndaşın əmlakına, avtomobilinə, hətta ölkədən çıxışına belə qadağa qoyula bilər. Məhkəmə qaydası ilə isə həmin pullar vətəndaşlardan alına bilər”.
İsmayıl Bakuvi
www.yenicag.az