“Hamıya baş sağlığı verirəm, çox üzüntülü gündür. Hər bir Azərbaycanlının borcudur bu günki günün bədəlini tələb etmək, ona nail olmaq. Bu sahədə araşdırmalar aparılır və yenə də davam etdirilir. Xocalı soyqırımına siyasi, hüquqi qiymət verilməsi və cinayətkarların məsuliyyətə cəlb olunmasının təmin edilməsi üçün hüquqi mexanizmlər tətbiq etmək lazımdır”.
Yeniçağ.az xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, bunun üçün beynəlxalq qurumlarla əməkdaşlıq çox vacibdir:
“Bir tribunalın, tanınmış hüquqşünaslardan ibarət olan hüquqi mexanizmlərin yaradılması vacibdir ki, bəşəriyyətin ən böyük faciələrindən biri olan, 20-ci əsrin sonlarında baş vermiş cinayəti törədənlər məhkəmə qarşısına çıxsın, cinayət məsuliyyətinə cəlb edilsin. Çünki bu, daim insanları düşündürməlidir ki, insanlığın vicdanını yumaq lazımdır. Bunun yuyulması üçün yeganə yol həmin cinayəti törətmiş təşkilatların, hərbçilərin, terrorçuların mütləq öz cəzalarını almasıdır. Biz bilirik ki, bu cinayəti törədənlərin çoxu bu gün siyasətlə məşğul olur, Ermənistan hakimiyyətində yuva qurub, Ermənistanın hərbi rejiminin başında durur. Buna görə də bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Mən düşünürəm ki, Azərbaycanın hər bir vətəndaşı, damarında Azərbaycan qanı axan hər bir şəxs bu istiqamətdə öz töhfəsini verməlidir. Ən azı heç olmasa, dünyaya biz tanıtmalıyıq ki, Azərbaycan xalqına qarşı belə bir cinayət baş verib və bu cinayətin səbəbkarları məsuliyyətə cəlb olunmayıb. Bu istiqamətdə hər kəs öz borcunu yerinə yetirməlidir”
Nazir müavini son günlər erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində həyata keçirdiyi təxribatlara da münasibət bildirib:
“Bu, Ermənistan hakimiyyətinə xas olan xüsusiyyətdir. Dünya ictimaiyyəti münaqişənin həlli üçün addımlar atanda, razılaşmalar əldə edildikdə və bu razılaşmalar icra edilməyə başlayanda Ermənistan bu cür işlərə əl atır, təmas xəttində vəziyyəti gərginləşdirir. Ermənistan tərəfi bu yolla dünya ictimaiyyətini danışıqlar prosesindən yayındırmağa çalışırlar. Artıq bunlar qəbul olunmur. Azərbaycan 1990-cı illərin əvvəllərində olan ölkə deyil, hazırda bir dövlət kimi nüfuza malikdir, regionun aparıcı dövlətidir. Potensialına görə Ermənistandan qat-qat yüksəkdədir. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamağa nail olmayacaq. Onlar bu fikirlərindən əl çəkməlidirlər. O zaman regionda Təhlükəsizlik təmin olunacaq. Azərbaycanın hərbi potensialı imkan verir ki, düşmənin hər bir həmləsinə cavab versin. Biz istərdik ki, münaqişənin həllinə cəlb edilən ölkələr Ermənistanın çirkli məqsədindən nəticə çıxarsınlar, Ermənistanı sülhə vadar etsinlər. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməsə, digər üsullardan istifadə edərək torpaqları azad edəcəyik. Yaxın dövrlərdə danışıqlar prosesində əlavə təkanlar, impulslar olmalıdır. Ermənistan sülhə vadar edilməsə, regionda müharibənin bütün məsuliyyəti Ermənistanın üzərində olacaq”.
Gülnarə Eynullaqızı
Yeniçağ.az
www.yenicag.az