Yenicag.az Bizimesr.com-a istinadən bildirir ki, yayılan görüntülərdən də görünür ki, küçənin bəzi hissələrində piyada səkisi müxtəlif obyektlərin istifadəsinə verilib və vətəndaşların sərbəst hərəkəti üçün nəzərdə tutulan ərazi əhəmiyyətli dərəcədə məhdudlaşıb. Nəticədə piyadalar hərəkət etmək üçün yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsinə çıxmağa məcbur qalırlar.
Sakinlər yaranmış vəziyyətdən narazılıq edərək bildirirlər ki, şəhərsalma və tikinti qaydalarına uyğun olaraq piyadaların təhlükəsiz hərəkəti təmin edilməli olduğu halda, burada əks mənzərə müşahidə olunur.
Maraqlıdır, piyada səkilərinin bu vəziyyətə düşməsinə kim icazə verib və buna görə hansı qurum məsuliyyət daşıyır?
Piyada səkilərinin müxtəlif obyektlərin istifadəsinə verilməsi şəhər infrastrukturunun əsas prinsiplərinə ziddir və insanların gündəlik hərəkətində ciddi çətinliklər yaradır.
Qeyd edək ki, sözügedən ərazi Xətai rayonunun inzibati sərhədlərində yerləşir. Rayonun icra başçısı Rafiq Quliyevdir. Sakinlər aidiyyəti qurumları məsələyə münasibət bildirməyə və yaranmış vəziyyətin aradan qaldırılması üçün tədbirlər görməyə çağırırlar.
Mövzunu diqqətdə saxlayacağıq.













