!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xəzər üzərində yelləncək” kitabı Azərbaycana olan sevgimin simvoludur” – Mariya Suvorovskaya

!Reklam – Yazi

“Oxucu kitabda özünü, hisslərini, problemlərini, sevgisini, ağrısını, məqsədini tapırsa, deməli, o kitab boş yerə yazılmayıb”.

“Biznes-Dialoq-Media” nəşriyyat-kommunikasiya qrupunun baş direktoru, “Russian Business Guide” nəşrinin baş redaktoru, Moskva vilayəti Jurnalistlər İttifaqı İdarə Heyətinin üzvü, iş xanımı, ictimai xadim, yazıçı Mariya Suvorovskayanın Yenicag.ru-ya eksklüziv müsahibəsini təqdim edirik:

– Mariya, siz Azərbaycanda bir neçə dəfə olmusunuz. Ölkəmizə rəğbətiniz haradan yarandı?

– İlk dəfə 2012-ci ildə Azərbaycana gəldiyim zaman qonaqpərvər insanların yaşadığı bu diyara aşiq oldum. Azərbaycan maraqlı yerdir və burada hava həmişə gözəl, insanların əhval-ruhiyyəsi də hər zaman yüksək olur. Azərbaycanda insan özünü hər zaman nikbin hiss edir, yaradıcılığa, o cümlədən, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına yönəlik müxtəlif layihələrin həyata keçirilməsinə köklənir. Fəal bir insan kimi Azərbaycan auditoriyası üçün faydalı və lazımlı işlər görmək istədim. Əvvəllər bu istək sosial-humanitar layihələrdə öz əksini tapdı, daha sonra isə biznes layihələri və kitablarda da təzahür etdi.

– Müsahibələrinizin birində qonaqpərvərliyin azərbaycanlıların qanında olduğunu söyləmisiniz. Bunu özünüz üçün necə müəyyənləşdirdiniz?

– Birincisi, azərbaycanlıların yanında ac qalmaq mümkün deyil (gülür). Sizdə hər görüş, hər söhbət yeməklə müşayiət olunur. İkincisi, Azərbaycanda kimdənsə hər hansı bir ünvanı soruşanda, onun özü sizi ora aparıb çıxaracaq. Üçüncüsü isə burada özünüzü evinizdəki kimi hiss edirsiniz. Bu, ən böyük göstəricidir.

– Ölkəmizdə populyar olan “Xəzər üzərində yelləncək” kitabının müəllifisiniz. Sizi bu kitabı yazmağa nə ilhamlandırdı?

– Azərbaycana, onun mədəniyyətinə, adət-ənənələrinə qarşı xüsusi hisslərim var. Bu mənada “Xəzər üzərində yelləncək” kitabı bu gözəl ölkəyə qarşı sevgimin bir simvolu oldu. Təəccüblüdür ki, azərbaycanlı və rus oxucuların bu kitab haqqındakı rəyləri oxşardır. Kitab haqqında oxuculardan ən çox aldığım rəy isə ədəbi qəhrəmanın oxucuya bənzəməsi idi. Oxucu kitabda özünü, hisslərini, problemlərini, sevgisini, ağrısını, məqsədini tapırsa, deməli, o kitab boş yerə yazılmayıb.

– Azərbaycanlı həmkərlarınızla ortaq layihələr həyata keçirmək kimi bir planınız varmı?

– “Xəzər üzərində yelləncək” kitabının auditoriyası genişləndikcə, oxucular tərəfindən eyni motiv əsasında film çəkilməsi kimi istəklər səsləndirilir. Hazırda bu barədə müzakirələr aparırıq. Bunu gerçəkləşdirməyi çox istəyirik. Düşünürəm ki, bu gün üçün fantastik hesab edilən bir fikri gələcəkdə Allahın köməyi ilə həyata keçirmək olar. Amma ümumilikdə gerçəkləşdirməyi planlaşdırdığım istər mədəni, istərsə də işgüzar layihələr var. Hesab edirəm ki, mənim artıq Azərbaycanla milyonlarla bağım var.

– Oxucularımıza nə demək istəyirsiniz?

– Oxucularımıza sevməyi, sevgi ilə qalmağı, sağlamlıq, xoşbəxtlik və harmoniya arzulayıram. Qoy həyatlarının hər bir anı xoş olsun.

Söhbətləşdi: Cəmilə Amirova-Çebataryova
Tərcümə: Aqil Bəkir

www.yenicag.az

10224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv