Xəzərin qeyri-müəyyən qalan statusu: günahkarı harada axtaraq?
“Xəzərin hüquqi statusunun bu günə qədər müəyyən edilməməsində əlbəttə ki, Qərbin transmilli şirkətlərinin mühüm təsiri vardır. Xüsusilə bu şirkətlərin aid olduğu ölkələr daha təhlükəsiz gəlir götürmək üçün yerli hökumətlərə təsir göstərirlər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mais Gülalıyev bildirdi:
“Xəzər dənizinin hüquqi statusunun müəyən edilməsi xəzərətrafı ölkələrin hamısına sərf edir. Çünki dənizin karbohidrogen ehtiyatlarının rahat istismarı, nəqliyyatın təhlükəsizliyi, həm də ümumiyyətlə, Xəzərin hərbiləşdirilməməsi üçün tərəflər statusun tez həllini tapmasında maraqlıdır. Yəni status məsələsinin baş tutmasında ən çox elə xəzəryanı ölkələr maraqlıdır. Lakin bunu Qərb ölkələri, onların transmilli şirkətləri ilə bağlı demək olmaz.
Qərbin özü, xüsusən Xəzər hövzəsində hasilat işlərilə məşğul olan şirkətlərin aid olduğu ölkələr isə nə qədər mümkündürsə, dənizin statusunun həlli məsələsinin reallaşmasını əngəlləməyə çalışırlar. Çünki statusun gecikdirilməsinə təsir göstərmək həmin mənbələrdən qaz-neft hasilatı məsələsində onların maraqlarına xidmət edir. Hazırda status məsələsində əsas narahatçılıq Azərbaycanın Türkmənistan və İranla olan münasibətlərinə bağlıdır.
Çünki bu ölkələr məsələyə hələ ki, razılıq bildirməyiblər. Amma ciddi fikirayrılıqları da yoxdur. Fərq yalnız bölgünün necə aparılması istiqamətindədir. Ancaq kənar üçüncü qüvvələrin hərbi donanmasının Xəzərdə olmaması, hövzənin hərbləşdirilməməsilə bağlı məsələlərdə fikirayrılıqları yox səviyyəsindədir. Status məsələsi elə bir formada həll olunmalıdır ki, bu ölkələrin təhlükəsizliyi təmin olunsun. Neft şirkətləri dolayısı ilə bütün hallarda daha çox kiçik ölkələrin siyasətlərinə təsir göstərirlər. Həm Qazaxıstan, həm də Azərbaycanın xarici siyasətlərinə bu şirkətlər müəyyən dərəcədə təsir göstərirlər. Bağlanan müqavilələr isə daxili qanunlardan yüksək hesab olunur. Qeyri-rəsmi şəkildə olsa da transmilli şirkətlər çalışır ki, Xəzər karbohidrogen ehtiyatlarının hasilatı prosesində onların marağı təmin olunsun. Ümumiyyətlə, hazırda regional siyasətə mane olan əsas aktorlar məhz transmilli şirkətlərdir. Bu hal özünü Afrika və Cənub-Şərqi Asiya ölkələrində də göstərir. Transmilli şirkətlər ölkələrin xarici, hətta bir sıra hallarda daxili siyasətlərinə də ciddi təsir göstərməyə çalışırlar. Xəzərin statusunun bu günə qədər müəyyən edilməməsində də əlbəttə ki, transmilli şirkətlərin mühüm təsiri vardır. Xüsusilə bu şirkətlərin aid olduğu ölkələr daha təhlükəsiz gəlir götürmək üçün yerli hökumətlərə təsir göstərirlər”.
ELÇİN
Yenicag.az