!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gəncə batalyonu”nun “Qəqəni”si: “Xocalıda qətliam törədən “Arabo”nu biz məhv etdik”

!Reklam – Yazi

Ermənilərin məşhur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmaya start verdiyimizi diqqətinizə çatdırmışdıq.

Ötən yazı “Gəncə batalyonu”nun döyüşçüsü Mahir Nağıyevin döyüş yoluna həsr olunmuşdu. Yazıda Mahir Nağıyevin “Həsənqaya əməliyyatı”ndakı fəaliyyəti və qısa döyüş yolundan bəhs etmişdik.

Elə həmin müsahibədə oxuculara tezliklə, “Qəqəni” ləqəbli Razim Dəmirovla müsahibəni təqdim edəcəyimiz barədə xəbər vermişdik.

Qısa arayış:

Razim Təbiət oğlu Dəmirov – 22.03.1977-ci ildə Şəmkir rayon İrmaşlı kəndində anadan olub. 1992-ci ilin yanvar ayında könüllü olaraq müharibəyə yollanıb, 1993-cü ildə aldığı güllə və qəlpə yaralarından sonra ordu sıralarından tərxis olunub. II qrup Qarabağ müharibəsi əlilidir.

– Necə oldu ki, 15 yaşında müharibəyə getdiniz?

– Əmim oğlu Rafiq Dəmirov Şuşada döyüşürdü, sonradan şəhid oldu. Arada evə gəlib-gedirdi. Döyüşlərdən, şəhidlərimizdən danışırdı. Bu da mənə yer edirdi. Yəqin ki, döyüşmək, vətəni qorumaq hissi məndə tez oyanmışdı. 1992-ci ilin yanvar ayında qərar verdim ki, Şuşaya, əmim oğlunun yanına gedim. Üz tutdum Gəncəyə… Gəncədəki qərargahda dedilər ki, uşaqsan, müharibə sənlik deyil. Orada döyüşə getməyimə razılıq vermədilər. Mən də qarşıma çıxandan “Qarabağa necə getmək olar?”- deyə, soruşurdum. Axırda oradan Yevlax avtovağzalına gəldim. Bir döyüşçü ilə rastlaşdım. O, yaralanmışdı, xəstəxanadan çıxıb, Qarabağa gedirdi. Adı Zakir idi. Hələ tam sağalmamışdı, çiyni, qolu sarıqlı idi. Onu söhbətə tutdum. Soruşdum ki, “hara gedirsən?”. Dedi ki, “gedirəm döyüşə, qardaşlar orda qalıb”. Soruşdum, “hansı bölgəyə gedirsən?” Dedi, “Şuşaya”. Dedim, “elə mən də Şuşaya gedirəm”. Güldü, “orda müharibə gedir, sənin nə işin var?”- deyə soruşdu. Mən də qayıtdım ki, “nə olsun ki, yaşım azdır; ən azı güllə daşımağa gücüm çatar”. Bir az zarafat elədi mənimlə. Sonra soruşdu ki, “Şuşaya niyə gedirsən?” Dedim, Şuşada əmim oğlu döyüşür. Adını dedim, tanıdı. Zakirə dedim ki, “onsuz da gedəcəm, aza-aza getməkdənsə, məni də özünlə apar”. Zakir güldü, sonra razılaşdı. Onunla yol maşınlarını dəyişə-dəyişə Ağdama gəldik. Ağdamda Laçına gedən benzindaşıyan maşına mindik. Yolda məni yuxu tutub yatmışam, ayılanda gördüm ki, Laçın rayonunun Qayğı qəsəbəsində əsgərlər maşını saxlayıb. Oradan qarşı tərəfə yoxlanışla buraxırdılar. Hamı sənədini verdi. Mən isə doğum şəhadətnaməsini uzatdım. Dedilər, “ay uşaq, hara gedirsən?” Dedim, “döyüşə”. Yenə mənə güldülər, sonra başa saldılar ki, “ora döyüş bölgəsidir, səni buraxmağa ixtiyarımız yoxdur”. Özümü “didib-dağıtdım”, yenə qoymadılar. Dedilər, “əgər qalmaq istəyirsənsə, buradakı əsgərlərə qoşul. Hamısı 18-20 yaşlı gənclərdir. Onlara təlim keçir, döyüşə hazırlayırıq”. Öz-özümə fikirləşdim ki, nə fərqi var ki? Onsuz da ordu ordudur. Zakirlə vidalaşdım, onlar getdilər. Orada 1 ay yarım qaldım. Hər gün məşqlər olurdu, qaçırdıq, güllə atırdıq. Sonra komandir dedi ki, evinə xəbər vermək lazımdır, yəqin ki, səni evdəkilər axtarır. Komandir məni apardı Laçın rayonunun mərkəzi poçtuna… Əmimgilə zəng vurub, dedim ki, “narahat olmasınlar, Laçındayam”.

Yaşım az olduğu üçün məni daha çox sınayrdılar ki, bəlkə bezib evə qayıdam. Bir dəfə kros qaçmalı idik. Silah, zirehli jilet, başımda da kaska… 15 yaşlı uşaq, heç biri də əynimə olmur. Jilet dizimə qədər düşürdü, kaska başımda oynayırdı, avtomat da az qala yerə dəyirdi. Qaçmağa başladıq. Bir neçə dəqiqə sonra gördüm ki, taqətdən düşürəm, qaça bilmirəm. Komandir də arxamızca, UAZ maşında gəlirdi. Arada deyirdilər ki, gəl inadından əl çək, otur maşına. Maşını yanımda saxladılar ki, məni götürsünlər, zirehli jiletimlə kaskanı maşına atıb qaçdım. Komandirlərim mənə gülürdülər.

1 həftə sonra isə səhər tezdən dağın yamacında qaçırdıq. Birdən avtobus dayandı, bizi düzdülər; mən də boydan balaca olduğum üçün sıranın ən axırında dayanmışdım. Gördüm, kimisə soruşurlar. Orada demək olar adımı bilən yox idi, hamı mənə “Malış” deyirdi. Eşitdim ki, hamı bir-birinə ötürür ki, “Razim kimdir?”. Dedim, “komandir, mənəm”. Gördüm ki, atam avtobusdan düşüb, mənə tərəf gəlir. Görüşdük, sonra getdik hərbi hissəyə. Atam üz vurdu ki, uşaqsan hələ, qayıt evə; komandir əsgərləri düzdü, mənimlə vidalaşdılar. Qayıtdım evə.

– Sonra necə oldu ki, yenidən cəbhəyə gedəsi oldunuz?

– 1992-ci ilin fevral ayının 26-na qədər evdə qaldım. Xocalıdakı faciə barədə eşidəndə gecə yata bilmədim. Gecə saat 4-də məktub yazdım. Yazdım ki, “ata, 4 övladın var, biri də olmasın”. Gecə ilə evdən çıxıb, Gəncəyə gəldim. Gəncədə 1 saylı internatda oxuduğum üçün şəhəri tanıyırdım.

Həyatda çox şeyi Mehman Ələkbərovdan öyrənmişəm. O, Gəncədə 1 saylı internat məktəbində müəllim işləyirdi, sonra isə mənim komandirim oldu. O insanı görəndən vətənpərvərliyin nə olduğunu anlamışdım. Eşitdim ki, Mehman Ələkbərov batalyon yığıb, Tərtərdədir. Fikirləşdim ki, Şuşaya gedə bilmirəm, heç olmasa Mehman Ələkbərovun yanına gedim. Getdim, onunla görüşdüm, əvvəlcə başa saldı ki, yaşın azdır, bura da döyüş bölgəsidir. Dedim, “onsuz da evə getməyəcəm, başqa batalyona gedirəm”. Bundan sonra Mehman Ələkbərovun batalyonunda qaldım.

Laçında təlim keçdiyim üçün silahdan istifadəni yaxşı bilirdim.

– 15 yaşınız vardı deyə, sizə güzəşt edirdilər, yoxsa hamı kimi siz də döyüşür, postda dururdunuz?

– Döyüşlərdə bəzən irəli atılanda tutub qolumdan dartırdılar ki, “ay uşaq, çəkil kənara, ölüb eliyərsən”. Bəziləri elə bilir ki, postda durmaq asandır. İndi bəlli postlar var, şərait yaradılıb. O vaxt nə bəlli yer vardı, nə də səngər… Elə olub arxda, öz qazdığımız yerdə dururduq. Qışda Qarabağın necə soyuq olduğunu anlatmağa dəyməz. Qarın, yağışın altında dururduq. İndiki kimi 2 saatdanbir dəyişənimiz də olmurdu. Səhərə qədər qardan qar, yağışdan yağış vururdu. Hava işıqlaşanda qayıdırdıq batalyonun olduğu yerə, elə olurdu dəyişəcək geyim tapmırdıq, paltar əynimizdə quruyurdu. Gecələr yatmaq da olmurdu. Dəfələrlə olub ki, postdan çıxıb döyüşə girmişəm. Döyüşdə məni qorusalar da, postlara həmişə gedirdim.

– İlk döyüşə nə zaman qatıldınız?

– Batalyona gələndən 10 gün sonra birinci Marquşavan döyüşü oldu. Batalyonumuzda 140 nəfər əsgər vardı, 50-yə yaxın avtomat… Döyüş alınmadı, yaralılarımız oldu, geri çəkildik.

İkinci Marquşavan döyüşü də baş tutmadı. Texnikamız olmadığı üçün kəndi götürə bilmədik.

Bundan sonra bir neçə döyüşlərimiz oldu: Goranboyla Tərtər arasındakı yüksəklikləri aldıq. Bir neçə gün sonra Aşağı Çaylını, Yuxarı Çaylını, Marquşavanı və əlavə bir neçə kəndi də geri qaytardıq. Bizim batalyon Həsənqayada dayandı. Qaytardığımız evlərdə postlarımızı qurduq.

Ağdərə əməliyyatı hazırlanmağa başlandı. Tez-tez kəşfiyyata gedirdik. Mən də kəşfiyyat bölüyündə idim. Ağdərə əməliyyatına görə kəşfiyyata gedib, məlumat gətirirdik. Bir gün gecə Mehman Ələkbərov gəldi və yeni məlumatın daxil olduğunu dedi. Məlumata görə, ermənilərin Qarabağda qırğınlar törədən, Xocalıda amansızlıq göstərən terrorçulardan ibarət batalyonu olduğumuz əraziyə gəlirdi. Mehman dedi ki, onların mövqelərinin harada olduğunu öyrənmək lazımdır.

Həmin gecə “Üçüncü sovxoz” deyilən ərazi tərəfə irəlilədik. Gördük ki, qarajlarda düşmən əsgərləri var. Onlar elə mövqe tutmuşdular ki, bizim geri qaytardığımız kəndləri almaq planı qurduqları bilinirdi. Həm də onların mövqeyi birbaşa bizim batalyonla üzbəüz idi. Mehman dedi ki, geri çəkilirik, gedib hazırlaşmaq lazımdır. Sonra da planını açıqladı: “Çalışıb onları öz üzərimizə çəkməliyik”.

“Arabo” batalyonunun məhvi

– Biz üzüm bağının aşağı hissəsində mövqe tutmuşduq. Onların mövqeyi də qarajların üstündəki təpəlik idi. Səhərəyaxın – saat 5-ə işləmiş atışma başladı. Mehman Ələkbərov əsas qüvvədən əlavə arxada 40 nəfərə yaxın əsgər saxladı. Ermənilər əvvəlcə öndəki postlarımız istiqamətində hücum etmişdilər. Komandirimiz elə bir qərar verdi ki, biz də çaş-baş qaldıq. Ermənilər başqa istiqamətdən hücum etdikləri halda bizi digər istiqamətə tərəf yönləndirdi. Mehman Ələkbərov özü də “QAZ 66” maşının üstünə pulemyotu qoyub irəlilədi. Mahir Hüseynov qumbaraatanla düşmənin cəmləşdiyi yeri vurdu. Onun qumbaraatanla gördüyü iş çox işimizə yaradı. Mehman Ələkbərov da pulemyotla imkan vermədi ki, ermənilər başlarını qaldırsınlar. Onları üzümlüyə çəkdikdən sonra 20-yə yaxın əsgərlə düşdük kanalın içərisinə və qaça-qaça irəlilədik. Komandir 3 nəfəri – Məqsədi, Elmanı və məni narlığı yoxlamağa göndərdi. Kanaldan çıxanda gördüm ki, ermənilər narlığın içərisində durublar. Orda 5-6 nəfər idilər, 100-dən çoxu isə üzümlüyün yanındakı dərin arxın içərisində gizlənmişdi. Mənimlə gedən Elmanla Məqsəd erməni dilini gözəl bilirdilər. Ermənilər bizim qarşıdakı əsas postumuzla üzbəüz atışırdılar. Elmana dedim ki, narlıqda ermənilər var. Mehman Ələkbərova əl elədik. Atəş açmağa başladıq. Oradakıları yerindəcə öldürdük. Onlar nə baş verdiyini anlamamışdılar. Sayca bizdən qat-qat çox olduqları üçün ağıllarına gəlməzdi ki, biz hücum edib, onları mühasirəyə alarıq.

Ermənilər bizim postla üzbəüz atışır, biz isə 30-a yaxın əsgərlə onların yan və arxa hissəsinə keçmişdik. Onları atışa-atışa mühasirəyə alırdıq. Birinci narlıqda olanları öldürdük. Arxın içərisindəkilər isə vuruşdular. Təxminən 2-3 saat döyüş oldu. Hərdən atışmanı saxlayıb, qışqırırdıq ki, təslim olun. Təslim olmadılar. Aralarında təslim olmaq istəyənlər vardı, onları da özləri öldürürdü. Gözümün qabağında qumbaranı çəkib, ortalarına qoyub özlərini partladanlar da oldu. Bir nəfər belə sağ qalmadı. Hamısını öldürdük. Oradan kiminsə sağ çıxması mümkün deyildi. Biz 124 düşmən meyiti saydıq.

Həmin döyüşdə 3 nəfər yüngül, bir nəfər isə ağır yaralımız vardı, sonradan xəbər gəldi ki, xəstəxanaya aparılanda dünyasını dəyişib. Yaralılardan biri də bizim cəsur tibb bacımız Yetər xanım idi.
Bu yaxınlarda ermənilərin “Arabo” batalyonu ilə bağlı çəkdiyi filmi izlədim. Orada döyüşdən əvvəl danışırdılar ki, qisas almağa gələcəklər və kim qaçsa yanındakı onu öldürsün. İndi başa düşürəm ki, onlar tam peşəkar idilər.

124 düşməni 30-a yaxın əsgərlə məhv etdik. Silahları yığıb, 703 saylı hərbi hissəyə təqdim etdik.
Təbii ki, düşmənlə üzbəüz duran əsgərlərimiz də çox iş gördü, ancaq onların əsas işi baş qatmaq idi, onlar “Arabo”nun başını qatdı, biz isə hamısını məhv etdik.

Həmin döyüş üçün əvvəlcədən apardığımız kəşfiyyata görə Mehman Ələkbərov 7 nəfərimizə dedi ki, sizin adınızı “Milli Qəhrəman”lığa təqdim edəcəm.

– Döyüşdən sonra çəkiliş oldu?

– Döyüşdən az sonra Yevlaxdan İlhami adlı reportyor gəlmişdi. Onunla əraziyə gedib, çəkiliş edik. İlhaminin bizim yanımıza ilk gəlişi deyildi. Video görüntüdən də görürsüz ki, mənimlə zarafat da edir. Döyüşlərin birində o da bizimlə idi. Döyüş bitmişdi, yeməyimiz yox idi. Hamı ac idi. İlhami çox dedi ki, yemək olsa yeyərdik. Ətrafı gəzəndə gördüm ki, mərminin parçaladığı bir nəfərin ayağı var. Götürüb, İlhaminin yanına gəldim. Ona uzadıb, zarafatla dedim ki, “al, sənə yemək gətirdim”. Qaranlıq idi, göz-gözü görmürdü. İlhami də ayağı götürdü, sonra gördü ki, insan ayağıdı, tulladı yerə. Videoda da mənə deyir ki, “verdiyin ayağı yedim”.

– Bu döyüşü öz üstünə götürmək istəyənlər var idi?

– Açığı, çoxları çox şey deyirdi. Sirr kimi saxladığımız bəzi məsələlər də var. Biz kiminsə haqqına girməmişik, əksinə, bizim haqqımıza girmişdilər. Tərtər batalyonunun döyüşçüləri ilə söhbət zamanı da onların etirafını eşitdiniz. Onlar batalyon şəklində yox, cəmi bir neçə nəfərlə iştirak ediblər.

– Necə oldu ki, ordudan tərxis olundunuz?

– Batalyon ləğv edildi, Milli Ordu yarandı. Bizim kəşfiyyat bölüyümüzü əvvəlcə Gədəbəyə göndərdilər. 2 dəfə düşmənin arxasına keçdik, mövqelərini çəkdik, canlı qüvvələri və texnikaları barədə məlumat topladıq. Sonra bizi Bakıya yola saldılar. Bakıdan da yarımızı Ağdama, yarımızı da Murov istiqamətinə göndərdilər. Murovda xidmət edəndə bir dəfə ayağıma kimyəvi silahın qəlpəsi girdi. Bir müddət buna görə xəstəxanada yatdım. Sağalıb, geri qayıdandan sonra 1993-cü ilin may ayında yenə açıq qəlpə yarası aldım. İkinci yaram ağır oldu. Xəstəxanada yatarkən xəbər gəldi ki, döyüşçü yoldaşlarım Murovda şəhid olub. Həkimlər icazə vermədi deyə, hospitaldan qaçdım. Şəhidlərimizin dəfnində iştirak etdim. Bundan sonra hərbiyə qayıtmadım. Əsgərlik yaşıma çatanda məni əsgər aparmadılar. II dərəcəli Qarabağ müharibəsi əliliyəm.

Sonda bildirmək istəyirəm ki, o döyüşdə iştirak edən hər kəs qəhrəmandır. Bizim də bəxtimizə Qaradağlıda, Xocalıda qətliam törədən batalyonu məhv etmək düşüb. Buna görə hardasa özümdə rahatlıq tapıram.

Səxavət Məmməd

COP29

www.yenicag.az

7926
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv