!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncə batalyonunun həkimi: "Arabo"da döyüşənlərin çoxu Livandan gələn ermənilər idi"

!Reklam – Yazi

Ermənilərin məşhur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmamız davam edir.

Ötən yazı “Gəncə batalyonu”nun döyüşçüsü Əli Sadıqovun döyüş yoluna həsr olunmuşdu. Yazıda Əli Sadıqovun “Həsənqaya əməliyyatı”ndakı fəaliyyəti və qısa döyüş yolundan bəhs etmişdik.

Bu dəfəki müsahibimiz 1988-ci ildən 1992-ci ilin sonuna qədər müharibə baş verən ərazilərdə yaralılara yardım etmiş həkim Aftandil Quliyevdir. Yenicag.az müsahibəni təqdim edir:

Qısa arayış:

Quliyev Aftandil İsmayıl oğlu 3 mart 1957-ci ildə Samux rayonunda anadan olub. Orta məktəbi Bakıda bitirib. Tibb universitetinin bitirdikdən sonra Samux rayonunda təcili tibbi yardım xəstəxanasında həkim işləyib. Könüllü olaraq Gəncə batalyonuna həkim kimi qoşulub. 1988-ci ildən 1992-ci ilin sonlarına qədər ön cəbhədə yaralılara tibbi yardım göstərib. Hazırda Gəncə şəhərində 3 nömrəli xəstəxanada həkim işləyir.

– Müharibəyə nə zaman qoşuldunuz?

– 1988-ci ildən Qarabağda ermənilər aktiv fəaliyyətə başlayıb kəndlərimizə hücum edəndən sonra həkim kimi hadisə yerlərinə getmişəm. Çaykənddə, Ağcakənddə olmuşam. Orada yaralılara tibbi yardım göstərmişəm. Təcili tibbi yardımda işlədiyimə görə harada hadisə olurdu, ora göndərilirdim.

– Uğurlu “Həsənqaya əməliyyatı”ndan sonra hara yerləşmişdiniz?

– Həsənqayada idik. Batalyon öndə idi, biz isə 4 nəfər- 2 həkim, 2 feldşerlə bir qədər aralıda yerləşmişdik. Orada yaralılara yardım edirdik. Batalyonun əsgərləri şahiddir ki, mən gecələri də onlarla bir yerdə olurdum ki, yaralananda onlara kiminsə kömək edəcəyini bilsinlər.

– “Arabo”nun məhvini necə xatırlayırsınız?

– Hadisədən 3-4 gün əvvəl ermənilər artilleriya ilə kəndi vurdular. Ona görə də, bir neçə dəfə yerimizi dəyişməli olduq. Açığı döyüşün olacağını gözləyirdik. Bilirdik ki, ermənilər keçirdiyimiz uğurlu əməliyyatlara cavab verəcəklər.

Həsənqaya ilə Tərtəri birləşdirən enli asfalt yol var idi. Ön tərəf düzlükdü. Asfaltın aşağı hissəsində post qurulmuşdu. Ermənilərin bu qədər qüvvə ilə gələcəyini gözləmirdik. Həmin axşam xatırlayıram ki, gecə saat 2-yə qədər oyaq qalmışdıq. Baxmayaraq ki, qarşıda postlarımız var idi, ancaq təhlükəni hiss edirdik.  Ön postdan xəbər gəldi ki, erməni tankı yaxınlaşıb, sonradan geri çəkilib. Fikirləşdik ki, tank bizi yoxlamaq üçün gəlib. Gecə saat 2-də dincəlmək üçün yatdıq. Saat 4-ə yaxın əmr verildi ki, ermənilər ön postlara basqın edib, hamı döyüş üçün hazır vəziyyətdə olsun. Səhər saat 9-a kimi dayanmadan döyüş oldu. Saat 10-da döyüş tamamilə dayandı.

– Bəs döyüş bitdikdən sonra?

– Döyüş bitəndən yarım saat sonra əraziyə yollandıq. Ermənilərin meyitləri arxın içərisində idi. Bəzi meyitlərin kənarda olduğunu gördüm. Çox güman qaçmaq istəyərkən onlar da güllələrdən öz nəsibini alıblar.

– Meyitlərə baxış keçirdiniz?

– Meyitlərin üstünü yoxladıq. Üstlərində pasportları var idi. Çoxu Ermənistan vətəndaşı deyildi. Bəzi yazıları oxuya bilmirdik. Sonradan bildik ki, onlardan bəziləri Livandan gələn ermənilərdi . Üstlərindən pullar da çıxdı, sənədləri və pulları yerinə qoyduq. Silah işlərinə mən qarışmamışam. Bildiyim odur ki, silahlar briqadaya təhvil verildi.

– Yaralı erməni var idi?

– Bütün meyitlərə baxdım, orada bir dənə də olsun yaralı qalmamışdı.

– Meyitlərin taleyi necə oldu?

– Döyüş iyun ayının 29-da oldu, havanın necə dəhşətli isti olduğunu təsəvvür edin. Artıq bir saat keçməmişdi ki, meyitlərə milçəklər qonmağa başlamışdı. O meyitlər orada çox qala bilməzdi, 2 gün sonra gördük ki, üfunətə dözmək olmayacaq, xəstəlik yayıla bilər. Ona görə də, Mehman Ələkbərov bulduzer çağırdı və meyitləri olduqları yerdə, olduğu kimi də üstlərini torpaqlatdırdı. Bildiyimə görə, uzun illər ermənilər “Arabo” batalyonunun taleyindən xəbərsiz olublar.

– Həkim kimi yaralı düşmən əsgəri qarşınıza çıxıb?

– Olub, onlara da bir həkim kimi tibbi yardım etmişəm.  Biz dinc və köməksiz insanları öldürmürdük. Bəziləri elə bilər ki, biz orada vəhşilik etmişik. Qətiyyən! Biz torpaqlarımızı işğal etmək istəyən düşmənə qarşı döyüşmüşük və haqlı olaraq da onları məhv etmişik.

Səxavət Məmməd

COP29

www.yenicag.az

4368
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv