!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Arabo" sayımızı bilsəydi, nəticə başqa cür olardı" - "Gəncə batalyonu"nun "Çalpapağı"

!Reklam – Yazi

Ermənilərin məhşur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmaya start verdiyimizi diqqətinizə çatdırmışdıq.

Ötən yazı “Gəncə batalyonu”nun döyüşçüsü, sonradan komandiri olan Mahir Hüseynovun döyüş yoluna həsr olunmuşdu. “Arabo”nun məhv edilməsi zamanı Mahir Hüseynovun qumbaraatandan açdığı atəşlər nəticəsində düşmənin çaş-baş qalmasından bəhs etmiş, onun şücaətindən söz açmışdıq.

Elə həmin müsahibədə “Çalpapaq” ləqəbli Mahir Nağıyevlə reportaj edəcəyimizin anonsunu vermişdik.

Yenicag.az “Çalpapaq”la reportajı təqdim edir:

Qısa arayış:

Mahir İsa oğlu Nağıyev – 1963-cü ildə Gəncə şəhərində anadan olub. 1989-cu ildən 1991-ci ilə qədər Dağlıq Qarabağda baş verən hadisələr zamanı yaradılan partizan dəstələrinin üzvü olub. 1991-ci ilin noyabr ayından 1994-cü ilə qədər milli ordu sıralarında xidmət edib. Qarabağ müharibəsi zamanı 5 dəfə yaralanıb. 818 saylı Gəncə batalyonunun tağım komandiri olub. Ləqəbi “Çalpapaq”dır.

– Öncə gələk ləqəbinizə. Niyə “Çalpapaq”?

– Uşaq vaxtı “Arşın mal alan”a baxmışdım. Orda Süleymanın başındakı papağı görəndən sonra başıma o papaqdan qoymuşam. Onu müharibə zamanı da başımdan çıxartmamışam. Mənimlə döyüş yolu keçən papaq evdədir. Elə o vaxtdan uşaqlar nədənsə, mənə “Çalpapaq” deyirdilər.

– “Həsənqaya əməliyyatı”na qədər hansı döyüşlər oldu?

– 1989-cu ildən 1994-cü ilə qədər döyüşdüyüm bütün istiqamətlərdə gedən proseslərin hamısından xəbərim var. Mehman Ələkbərovun komandanlığı altında 818 saylı Gəncə batalyonu təkcə Tərtər rayonunda yox, Ağdərədə də böyük işlər görüb. Həmişə nağıllarda əfsanəvi qəhrəmanlar olub. Biz o cür qəhrəmanları gözümüzlə görmüşük. İndi isə onlar barədə övladlarımıza danışırıq. Mehman Ələkbərov sözün əsl mənasında əfanəvi komandir idi. Öncə “Marquşavan əməliyyatı”ndan danışacam. İlk Marquşavan əməliyyatı Xocalı faciəsindən sonra idi. Orda bütün batalyonlar yaxşı döyüşdü və çoxlu sayda erməni əsgəri öldürdük. Düzdür, itkimiz də oldu. Buna qisas əməliyyatı da deyə bilərik, ancaq Xocalının yanında bu, qısas da deyildi. “Həsənqaya əməliyyatı”na qədər çox uğurlu əməliyyatlarımız oldu. Əvvəlcə “Aşağı Çaylı” kəndini aldıq. Həmin gecə orada gecələdik. Səhərisi gün gəldik Həsənqayaya. Orada mövqeyimizi bərkitdik, postlar qurduq.

– “Arabo”nun sizin mövqelərə tərəf gəlməsi barədə məlumatınız var idi?

– Heç nə bilmirdik. Ancaq uğurlu hücum əməliyyatlarından sonra qarşı tərəfdən əks hücumun olacağı gözlənilən idi; hər dəqiqə əks həmlə gözləyirdik. Postlar qurmuşduq. Hər gecə kəşfiyyata gedirdik. Gecə saat 4-dən sonra ermənilər həmin postlarımıza hücum etdilər. Həmin postda rəhmətlik Araz, Qabil, İsmayıl olub. Arazla İsmayıl postda qalıb, Qabili bizə xəbər vermək üçün göndəriblər. Öncədən bir şey deyim ki, Mahir Hüseynov qumbaraatanla düşməni çaş-baş salmasaydı, Arabonu qırmaq mümkün olmayacaqdı. O döyüşdə iştirak edən 30-a yaxın döyüşçünün heç birinin əməyini danmaq olmaz, ancaq Mahir Hüseynovun qumbaraatanla gördüyü iş əvəzsiz idi. Komandirimiz Mehman Ələkbərov da UAZ-ın arxasına qoyduğu pulemyotla düşməni baş qaldırmağa imkan vermədi.

– Hansı istiqamətdə oldunuz?

– Döyüş başlayan kimi komandirimiz Mehman Ələkbərovun verdiyi ani qərarlar çox həlledici oldu. Mən o döyüşə yarım saat sonra qoşuldum. Açığı, biz onları məhv edəndə kim olduqlarını bilmirdik. Sonradan xəbər gəldi ki, bəs Rusiyanın hansısa kanalında deyilib ki, ermənilərin xüsusi qüvvələrini “Gəncə batalyonu” məhv edib. Gəncəyə gedəndə hamı bizi təbrik edirdi. Açığı, bütün uşaqlar əla döyüşdü. Kimin əlində hansı silah var idi, bir nöqtəyə çevirmişdi. Onlar da çaş-baş qalmışdılar. Bəlkə də onları bilsədilər 30-a yaxın döyüşçünün mühasirəyə aldığını bilsəydilər, nəticə başqa cür olardı.

Güllənin səsini eşitmiş, döyüşün dəhşətini görmüş, səhərə qədər postda gözünü yummayan hər bir oğlana minnətdaram. Kim ki, bu torpaq uğrunda döyüşüb, onların hamısı qəhrəmandır. Bizim bəxtimizə də “Arabo”nu qırmaq düşdü. Açığı, çox şey danışa bilərəm, sadəcə səhhətim imkan vermir. İllərlə danışa bilməmişəm, yaralarım o qədər ağır olub ki, nitqim də tutulmuşdu. Ailəm səsimi eşitmək üçün illərlə gözləyib. Elə döyüş yoldaşlarım da səsimə həsrət qalmışdı. Ona görə də qısa danışmaq məcburiyyətindəyəm.

Söhbət zamanı hiss edirəm ki, “Çalpapaq” ləqəbli Mahir Nağıyev danışa bilmir, təngnəfəs olur. Ona görə də söhbəti yarımçıq kəsmək məcburiyyətində qalıram.

P.S. Növbəti yazı həmin döyüşün digər iştirakçısı “Qəqəni” ləqəbli Razim Dəmirovun döyüş yolundan bəhs edəcək.

Səxavət Məmməd

COP29

www.yenicag.az

7914
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv