“Xoşbəxt, gözəl günləri Azərbaycanda yaşamışam”
Əməkdar artist Manananın müsahibəsi:
– Yaradıcılığınızda hansı yeniliklər var?
– Dinləyicilərimə gözəl mahnılar təqdim etmək mənim üçün çox önəmlidir. Yeni mahnılar üzərində işləyirəm. “Payız”, “Gözlərin danışsın”, sözləri Leyla Əliyeva, musiqisi Kamal müəllimə məxsus olan mahnıları təqdim etmişəm. Dinləyicilər tərəfindən sevilib.
Bir neçə mahnı yazmışam, seçim edirəm ki, hansını təqdim etsəm, maraqla qarşılanar. Albom təqdim etmək istəyirəm, keçən il ana olduğum üçün albomu təxirə saldım. 2015-ci ildə albomum da işıq üzü görəcək. Çox istəyirəm ki, özüm bəstələdiyim mahnıya klip çəkdirim.
– Konsert vermək haqda düşünmürsünüz?
– Konsert verməyi arzulayıram, lakin bu kifayət deyil. Mütləq hazırlaşmalıyam. İstəyirəm fərqli konsert olsun. Repertuarımda müxtəlif janrlarda mahnılar var. Çoxdan gözlənilən konserti tam tamaşaçıların ürəyincə olmasının tərəfdarıyam. Mənim konsertim akademik konsert olacaq, orkestr lazımdır, hazırda danışıqlar gedir. 20 gün məşq etməliyəm.
– Həmkarlarınız xarici ölkələrin, xüsusilə Türkiyə şou-biznesinə qatılır. Sizin belə bir arzunuz varmı?
– Xarici ölkələrə qastrollara gedirəm. Tez qayıdıram ki, uşaqların yanında olum. Mən xarici ölkələrə gedən ilk müğənnilərdənəm. Mənim Avropada prodüserim var, ingilis dilində albomumu çıxartdı. 2014-cü ilin əvvəlində Fransada, sonunda Praqada oldum. Türkiyədə layihəyə dəvət ediblər. Başqa ölkədə qalıb, orada çalışmaq arzum yoxdur. Hər işə məsuliyyətlə yanaşmaq lazımdır. Türkiyə xalqının qarşısında baş əyirəm, amma Azərbaycanda mənə çox rahatdır, 16 ildir ki, burada yaşayıram, bura mənə doğmadır. Bütün çətin, xoşbəxt, gözəl günləri Azərbaycanda yaşamışam.
– Televiziyalarda gec-gec görünməyinizin səbəbi nədir?
– İndi internet dövrüdür. Yaradıcılığımda yeni mahnı, klip olanda internetdə, televiziyalarda təqdim edirəm. Mən səs-küylü sənətçilərdən deyiləm. Mənim sənətimlə maraqlanan insanlar üçün hər zaman yeniliklərim var.
– Həm ailəli olub, həm yaradıcılıqla məşğul olmaq çətin deyil?
– Ailəmə və yaradıcılığıma qarşı çox həssas insanam Çox gözəl və mehriban ailəm var. Evdəkilər daim mənə dəstək olur. Çox xoşbəxtəm, həyatım belə davam etsə, daim pozitiv olaram. Ailəsi gözəl olan insanın daim gözləri gülür və ətrafındakılar xoş enerji ötürür. Ailəsində xoşbəxt olan sənətçinin yaradıcılığında da uğurları bol olur.
– Geyimlərinizi seçərkən nələrə diqqət edirsiniz? Hansısa stilistlə çalışırsınız?
– Stilistlərlə çalışmıram. Azərbaycanda və Gürcüstanda iki butik var, onlar Fransadan, İtaliyadan geyimləri gətirəndə jurnaldan seçirəm. Geyimlərimin qiyməti haqda danışmağı sevmirəm. Ən sevdiyim brend “Francin Elizabeth”dir. Öz geyimlərimdən razıyam. Geyimlərimi bəyənməyənlərin də qarşısında baş əyirəm. Çünki zövqlər müxtəlifdir. Hər kəs mənim geyimimi bəyənə bilməz. Əsas odur ki, mənə yaraşanı geyinirəm.
– Həyat yoldaşınızın geyimlərinizə qadağa qoyurmu?
– Həyat yoldaşım heç vaxt geyimimə qarışmayıb. O, mənə ancaq komplimentlər deyir. Hər zaman söyləyir ki, Manana, nə geyinsən yaraşır. Həyat yoldaşım sadə insandır, ona görə də onu çox sevirəm(qafqazinfo).