Üzeyir Cəfərov: “Bu addımın yeganə məqsədi çətin anlar yaşayan Ermənistanı vəziyyətdən çıxarmaq üçün atılan addımdır”
Azərbaycanla Ermənistan yenidən atəşkəslə bağlı razılığa gəldilər. Cəbhədə silahlar susmasa da, tərəflər kağız üzərində yenidən güllə atmamağa qərar verdilər.
Görəsən, atəşkəsə səbəb nə oldu?
Yenicag.az-a açıqlamasında hərbçi ekspert Üzeyir Cəfərov atəşkəs elan olunubsa, bunun müqabilində Azərbaycana konkret nəsə vəd olunmalıdır: “Əməliyyatların dayandırılması ilə bağlı ilkin razılıq var. Döyüş bölgəsində əməliyyatların dayandırılmasını təklif edənlərin səmimiliyinə inanmıram. İnanmıram ki, onlar bunu xoş niyyətlə ediblər. Bu addımın yeganə məqsədi çətin anlar yaşayan Ermənistanı vəziyyətdən çıxarmaq üçün atılan addımdır. Əlbəttə ki, əməliyyatların davamı gəlsəydi, daha yaxşı olardı. Ermənilər həddən artıq böyük itkilərə məruz qalıb, panik vəziyyətdədirlər. Hətta proqnozlaşdırırdım ki, əməliyyatlar davam etsə Ermənistanın prezidenti və müdafiə nazirini istefaya göndərəcəkdilər. Keçən dəfə Azərbaycan əməliyyatların dayandırılması ilə bağlı qərar qəbul edəndə düşünürdü ki, Ermənistan da düzgün qərar qəbul edəcək. Amma təəssüf ki, bu baş vermədi. Azərbaycan atəşkəs elan olunandan sonra da dəyərli oğullarını itirdi. Mülki vətəndaşlarımızdan da həyatlarını itirən oldu. Düşünürəm ki, atəşkəs elan olunursa bunun müqabilində Azərbaycana konkret nəsə vəd olunmalıdır. Ya Dağlıq Qarabağla bağlı məsələ yaxın zamanlarda öz həllini tapacaq. Ya da Azərbaycan müəyyən bəlli vaxt çərçivəsindən sonra döyüş əməliyyatlarının yenidən başlanması ilə əlaqədar öz qərarını verə bilər. Hər halda düşmən və havadarları Azərbaycan ordusunun nəyə qadir olduğunu gördü. Düşünürdüm ola bilsin bu gün hansısa bir neçə rayonun da işğaldan azad olunması xəbərini eşidərdik. İnşallah bu da olacaq. Nəhayət beynəlxalq qurumlar Ermənistanı beynəlxalq qanunara əməl etməyə dəvət etsin”.
ELÇİN
www.yenicag.az