Yanacaq alan sürücülər aldadılırmı?
“Dövlət sürücülərin hər il artan tələbatını ödəmək üçün Aİ-92 markalı benzinin istehsalını artırdı”.
Bunu açıqlamasında neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi. Onun sözlərinə görə, vətəndaşlar adi gözlə benzinin markasını və keyfiyyətini müəyyən edə bilməzlər:
“Əgər vətəndaşlar yanacaqdoldurma məntəqəsində ona keyfiyyətsiz benzin satıldığını iddia edirsə, o zaman Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət eləsin. Əvvəllər yanacağın keyfiyyətinə ARDNŞ-nin nəzdində nəzarət edən xüsusi qurum var idi. Amma sonra bu dəyişdirilərək səlahiyyətlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verildi. Digər tərəfdən də vətəndaşlar ictimai təşkilatlar vasitəsi ilə də öz hüquqlarını müdafiə edə bilərlər. Azad İstehlakçılar Birliyi və başqa bu kimi təşkilatlara da müraciət edərək hüquqlarını müdafiə edə bilərlər. Bildiyiniz kimi, hazırda Azərbaycanda Aİ-95 markalı benzin istehsal edilmir. Dövlət sürücülərin hər il artan tələbatını ödəmək üçün Aİ-92 markalı benzinin istehsalını artırdı və razılaşmaya əsasən Aİ-95 markalı benzin altı ay müddətində xaricdən idxal ediləcək. İdxal olunacaq ölkə isə səhv etmirəmsə, Rumıniyadır”.
Benzinin keyfiyyətində problem yoxdur Ölkənin benzin satışı ilə məşğul olan ən iri iki şirkətindən bir hesab edilən “Azpetrol”un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Camal Zeynaloğlu yayılan xəbərləri təkzib edir: “Deyilənlər tam yalandır. Bu vaxta qədər heç bir vətəndaş yanacağın keyfiyyəti ilə bağlı bizə şikayət etməyib. Təklif edilən benzinin qiymətində də problem yoxdur”.
Xatırladaq ki, artıq bir neçə gündür kütləvi informasiya vasitələrində ölkədə “Aİ-95 premium” adı ilə 93 qəpiyə satılan benzinin tərkibinin aşağı olması ilə bağlı məlumatlar gəzir. Sürücülər yüksək keyfiyyətli benzinin yerinə Aİ-92 və ya Aİ-95 markalı benzinin satıldığını iddia edirlər. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın istehsal etdiyi Aİ-95 markalı benzinin satış qiyməti 80 qəpik idi. İdxal olunan “Premium Euro-95” markalı benzin isə 93 qəpiyə satılır. Aİ-92 benzin isə hazırda 70 qəpiyə təklif edilir(axar.az).