“Yaradıcı Gənclərin Rəqəmsal Qalereyası” layihəsinə start verildi
Azərbaycanın yaradıcı gənclərinin inkişafına dəstək məqsədilə “Yaradıcı Gənclərin Rəqəmsal Qalereyası” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində yaradıcı gənclərin öz əsərlərini sərgiləyə biləcəyi innovativ rəqəmsal platforma hazırlanacaq. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctiai Birliyi tərəfindən həyata keçirilir.
Platformada hər bir gənc üçün fərdi portfel səhifəsi yaradılacaq və QR kod inteqrasiyası vasitəsilə onların əsərlərinə (rəsm, foto, animasiya, musiqi, video, əl işləri, ədəbiyyat nümunələri və s.) sürətli giriş təmin olunacaq. Bu yanaşma gənclərə öz işlərini geniş auditoriyaya təqdim etmək, şəxsi brendlərini formalaşdırmaq və coğrafi məhdudiyyətlərdən azad olmaq imkanı verəcək.
Layihənin məqsədi yaradıcı gənclərin rəqəmsal portfelini hazırlayaraq, onların həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanınmasına dəstək olmaq, rəqəmsal transformasiyanı və yaradıcı sahibkarlığı təşviq etməkdir.
Layihə iştirakçısına çevrilərək bu platformada fərdi portfelini yaratmaq istəyən gənclər [email protected] ünvanına “Yaradıcı gənc” başlığı ilə müraciətlərini göndərə bilərlər.
“Yaradıcı Gənclərin Rəqəmsal Qalereyası” layihəsi Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasına, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq həyata keçirilir.