Yaşar TÜRKSOY: Soyuq baxışlar arasında cəhənnəmi özləyirəm…

media-hightechnic-468x90

image

 

 

 İlahi, insanlarının soyuq baxışları arasında donarkən cəhənnəmini özləyirəm…

Barışmaq olmur nə bu həyat, nə də onun varlıqları ilə. Zamanla da barışa bilmirəm. Barışa bilmirəm insanların məchul olan niyyətləri, barışa bilmirəm haqqa gedərkən haqsızlıqlarla üzləşmələri ilə, hüzursuz olan hər şeylə,  fəlsəfəsiz  alqıladıqlarımızla, barışa bilmirəm vicdansızlıqla və barışa bilmirəm bəlkə də özümlə, onda ki, qürurumu sıxan əllərim sustalır!
İlahi, insanlarının soyuq baxışları arasında donarkən cəhənnəmini özləyirəm. Sən demə, havanın çirklənməsinin səbəbi kapitallar arxasında gizli cərəyan edən çirkin varlıqların çirkin oyunlarıymış.
Sayğının ölçülməyən qiymətinə təcavüz olunduqdan bəri sayğı da sayğısızlara qalmış. Barışmaq olmur, and olsun tapılmayan şərəfə. Hər şey kütləviləşir, satqınlıq da, xəyanət də, saxtakarlıq da. Üsyan edirəm dırnaq arasına girən bütün mənalara, güzgülərin lallığına, kamilləşmədən öldürülən ruhlara, düz üzərində qurulan əyri oyunlara, insana pilləkən kimi baxan məxluqlara və üsyan edirəm üsyanı yaradan dünyaya!
Ömür “zənn”lər içində, “yəqin”lər yaratmaq illüziyasında keçir. Nisbilik həqiqət ikən tamlıq yalanıla yatıb, xəyallara dalarıq. Ayağımız yerdə ikən mutsuzuq, məhz buna görə səmalara üz tuturuq. Yorulduq ikili yollardan və seçimin ikicə formasından. Nə o yolda, nə də bu yolda anlaşılmadıq. Bəlkə də əlacımız üçüncü yoladır. Hansı ki, Şəms Təbrizi onu belə anladır:
“O xəttat üç çeşid xətt yazdı. Birinci xətti özündən başqa kimsə oxuya bilmədi, ikinci xətti həm özü oxudu, həm də başqaları. Üçüncü xətti isə nə özü oxuya bildi, nə də başqaları. O üçüncü xətt mənəm!”

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600