“İkinci Fələstin dövləti yaranmayana qədər proses qanlı şəkildə davam edəcək”.
Bu sözləri İsraillə HƏMAS arasında atəşkəsin əldə olunmasını Yenicag.az-a dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.
O, bildirib ki, atəşkəs müvəqqəti xarakter daşıyır:
“56 ildir ki, İsrail-ərəb ölkələri münasibətləri ilə maraqlanıram. Bu prosesin hər bir mərhələsi yadımdadır. İndi də 2 milyon insanı 15 il heyvan kimi qəfəsdə saxlayırlar. Sərhədləri bağlı, iş yox, şərait yox. Varlı ərəb ölkələri fələstinlilər acından ölməsin deyə pul verirdi. Hərdən də bəziləri İsrailə keçib qara işlərdə işləyirdilər. İsrail də deyirdi ki, Qəzzada demokratiya yoxdur, iqtisadi inkişaf yoxdur. Həbsxanada iqtisadi inkişaf ola bilər? Fələstinliləri hətta dənizə çıxmağa belə icazə vermirlər”.
Z. Əlizadə əlavə edib ki, 7 oktyabrda çox müəmmalı hadisə baş verdi:
“Fələstin ərəbləri çoxlu cinayət törədib. Ancaq hadisələri təhlil etmiş adamlar hadisələrdəki müəmmalara diqqət çəkirlər. Necə oldu ki, dünyanın ən mükəmməl xəbərdarlıq sistemi əməliyyat ərəfəsində söndürüldü. Necə oldu ki, musiqi festivalı üçün Qəzza ilə sərhəddəki hərbi hissənin ərazisində keçirildi? Suallar çoxdur”.
Analitikin fikrincə, burada İsrailin 3 hədəfi vardı:
“Birinci hədəfi HƏMAS-ı ləğv etmək; ikinci hədəfi girovları azad etmək; üçüncü hədəfi isə İsrailə itaət edən hökumət qurmaq. Lakin bu hədəflərin heç biri həyata keçirilməyib. İsraildə çox sevinirdilər ki, Tramp gələcək, onlara hamilik edəcək. Beynəlxalq mənbələrə inansan, Trampın sərt göstərişindən sonra İsrail özünün əsassız göstərişlərindən geri çəkilib atəşkəsə razılıq verib. HƏMAS-ın əlində girovlar var. HƏMAS-ın hər azad etdiyi girova görə İsrail həbsxanalarındakı 100 fələstinli geri veriləcək. 3.400 məhbus azad ediləcək, 34 girov qaytarılacaq. Bu Netanyahunun məğlubiyyəti deməkdir.
Bir müddət sonra onlar yenə də bir-birini qıracaqlar. Çünki münaqişənin kökündə İsrailin Fələstin xalqının torpaqlarını işğal etməsi və məskunlaşmasıdır. İkinci Fələstin dövləti yaranmayana qədər proses qanlı şəkildə davam edəcək”.
Səxavət Məmməd
www.yenicag.az