“Artıq Yaxın Şərqdəki vəziyyət nəzarətdən çıxmağa doğru gedir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Siyasi təhlilçi Yaxın Şərqdə gərginləşən siyasi vəziyyətdən, habelə İsrail və Livan arasındakı kiçikçaplı hərbi eskalasiyadan söz açıb.
Onun sözlərinə görə, vəziyyətin nəzarət altına qaytarılması üçün isə əslində, böyük güclər səfərbər olmalı və danışıqlar masası yenidən qurulmalıdır:
“Lakin indiki halda, nə Rusiya, nə ABŞ, nə də ki, regionda söz sahibi olan digər güclər masaya oturmur. Hətta görünən odur ki, İsmayıl Haniyənin İranda vurulması Tehran administrasiyasını qıcıqlandırdı və İran nəticədə proksi qruplar üzərindən İsraili hədəfə alır.
Düşünmürəm ki, dünən İsrailin vurulması “Hizbullah”ın işidir, çünki “Hizbullah”ı silahla təmin edən birinci ölkə İrandır. Ona görə də İran bu hücumu birbaşa özü yox, əksinə, “Hizbullah” üzərindən həyata keçirməyi daha məqsədəuyğun görüb”.
Mütəxəssisin fikrincə, bölgədə vəziyyət daha da kritikləşəcək:
“Mənə elə gəlir ki, İsrail dayanmayacaq, əksinə, Təl-Əvivin cavab zərbələri endirməsi istisna edilmir. Lakin burada bir məsələ də var ki, İsrail dövləti HƏMAS-ın əlində olan israilli əsirlərin geri qaytarılmasını istəsə də, bunun doğru yolunu tapa bilmir. Düşünürəm ki, İsrailin cavab zərbələri, habelə “Hizbullah”ın İsraili hədəf alması, əslində, qarşılıqlı şəkildə müharibəni gərginləşdirməyə xidmət edən və kənar güclərin əlinə oynayan bir prosesdir.
Əgər prosesə vaxtında müdaxilə olunmazsa, sözügedən məsələ tamamilə xəttindən çıxa, hətta böyük qarşıdurmaların baş verməsinə, eləcə də regional müharibəyə çevrilə bilər. Lakin indiki halda, birmənalı şəkildə buna müdaxilə olunmalıdır. Dünyanın bu məsələnin həllindən başqa alternativ çıxışı yoxdur”.
Rafi Müslümov
www.yenicag.az