“Son dövlərdə qlobal istiləşmə ilə bağlı anomal hava şəraitini daha tez-tez müşahidə edə bilirik”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında son dövrlər yaz aylarında baş verən anomal istilərin səbəbləri haqda danışan meteroloq Cavidan Əliyev deyib.
Onun sözlərinə görə, anomal istilər əvvəlki illərə nisbətən daha çox davam etməyə başlayıb.
“Müəyyən dövrlərdə aprel ayında anomal isti hava şəraiti Azərbaycanda müşahidə olunub. Sadəcə, son dövlərdə qlobal istiləşmə ilə bağlı anomal hava şəraitinə daha tez- tez müşahidə edə bilirik. Anomal istilərin davamiyyəti əvvəlki illərə nisbətən daha çox olmağa başlayıb. Əvvəlki illərdə bu 2-3 gün davamlı baş verirdisə, indi bu davamiyyət artıb. Biz bunun yayda avqust ayında şahidi olmuşuq. Əvvəlki illər 2-3 gün hava 41 dərəcəyə qədər yüksəlirdisə, indi bu 1 həftə çəkə bilir”, – deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, hazırda aprel ayında hökm sürən isti havanın səbəbi Qərb axınının dayanması, antisiklonun o axını blok etməsi ilə əlaqədardır:
“Yəni bu blok edən antisiklonun təsiridir. Düşünürəm ki, əvvəlki dövrlərə də baxsaq, bu cür havaların keçməsi artıq normal xarakter daşıyır. Ümumiyyətlə, havanın temperaturunda olan dəyişikliyə həmin ölkənin iqlimi və digər xüsusiyyətləri də öz təsirini göstərir. Hətta bəzi illərdə anomal soyuqlar da müşahidə oluna bilər”.
İsmayıl Bakuvi
www.yenicag.az