“Ölkəmizin ehtiyatları, xarici valyuta ehtiyatlarımız hazırda ən yüksək həddədir. Mərkəzi Bankın ehtiyatları, fiskal ehtiyatlar, Neft Fondunun birgə ehtiyatları – hamısı 52 milyardı üstələyir”.
Yenicag.az xəbər verir ki, bunu Birinci vitse-prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində bildirib.
X.Əhədov, həmçinin daxili bazarda xarici valyutaya tələbatdan da danışıb: “Bizim əhalinin, ümumiyyətlə iqtisadi agentlərin nağd şəkildə manatları var, yəni əhalinin əlində olan nağd vəsaitləri, onların banklardakı hesablardakı qalıqları, müddətli depozitlər, hüquqi şəxslərin, şirkətlərin hesablarındakı manat qalıqları hamısı bir yerdə, təqribi, 18 milyard manat təşkil edir. Əlindəki manatı xarici valyutaya döndərən iqtisadi agentin yenə həmin valyutaya ehtiyacı olacaq. Məcbur olacaq ki, onu mübadilə məntəqəsinə aparsın satsın və həmin vəsaitdən istifadə etsin”.
Onun sözlərinə görə, milli valyuta narahat kütlə tərəfindən mübadilə məntəqələrinə aparılır və dəyişdirilir: “Bu vəsaitlər sabah tələbat yarandıqca dəyişəcək”.
www.yenicag.az