“Kimin iqtisadiyyatı, hərbi qüdrəti güclü olacaqsa, onlar gələcək dünya nizamında xüsusi rol alacaqlar”.
Bu sözləri dünyanın bölüşdürülməsi prosesi, rəqiblərin müttəfiqə, müttəfiqlərin rəqiblərə çevrilməsini Yenicag.az-a şərh edən politoloq Nəsimi Məmmədli deyib.
O, bildirib ki, hazırkı xaotik vəziyyət bir neçə il davam edəcək:
“Yeni dünya nizamı yaranır. Bu nizamın yaranması ilə bağlı bütün tərəflər öz maraqlarını, mövqelərini beynəlxalq siyasi müstəviyə çıxarıblar. Hər kəs burdan qazanclı çıxmağa çalışır. Kimin iqtisadiyyatı, hərbi qüdrəti güclü olacaqsa, onlar gələcək dünya nizamında xüsusi rol alacaqlar”.
Onun sözlərinə görə, mövcud olduğumuz dünya nizamı, xüsusən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü, yəni bu sistem özünü doğrultmadı:
“Bu sistem nə beynəlxalq hüququn işləməsində, nə xalqların öz müqəddəratını təyin etməsində, nə ərazi bütövlüyünün təmin edilməsində həlledici rola sahib olmadı. BMT-nin “mavi dəbilqəlilər” deyilən sülhməramlı missiyası var idi. NATO ondan qat-qat qüdrətli idi. Ancaq NATO da dünya nizamını saxlayacaq güc strukturu deyildi. Özünü doğrultmayan sistem dəyişməlidir. Bununla bağlı ABŞ-nin, Çinin, Rusiyanın, Böyük Britaniyanın, Avropanın özündə müxtəlif baxışlar var. Vahid baxış olsaydı, məsələnin həlli daha real ola bilərdi. Ancaq qeyri-müəyyənliklərə görə, indiki dəyişkən dönəmdə müttəfiqlər rəqiblərə, rəqiblər müttəfiqlərə çevrilə bilər. Bu dönəm qarşıdakı bir neçə il davam edəcək. Xüsusən də hərbi məsələlər intensiv şəkildə davam edəcək”.
Səxavət Məmməd
www.yenicag.az