Yerdə maqnit qasırğası gözlənilir
Yerdə maqnit qasırğası gözlənilir.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Yenicag.az-a verilən xəbərə görə, hazırda Günəş aktivliyi aşağı səviyyədədir.
Günəşdə bir neçə oblastda Yerə, demək olar ki, təsiri olmayan C sinif alışmaları baş verıb. Hazırda Yerə istiqamətlənmiş tac kütlə atılması yoxdur. Əvvəlki alışmaların tarixcəsinə və Günəş səthində dəyişən aktiv oblastların potensialına əsasən, 8 – 10 dekabr tarixlərində M (R1/R2 – mülayim-orta) və X (güclü) alışmaların baş verəcəyi ehtimal olunur.
Bildirilib ki, dekabrın 4-də Günəşi tərk edən tac kütlə atılmasının dekabrın 8-də sürüşkən təsiri müşahidə oluna bilər.
Dekabrın 9-da baş verəcək təsir isə dekabrın 6-da Günəşi tərk etmiş tac kütlə alışması ilə bağlı olacaq. Nəticədə geomaqnit aktivliyi orta coğrafi enliklərdə dekabrın 8-də 1-4, dekabrın 9-da nisbətən yüksək olmaqla 5-6 və sonrakı tarixlərdə normal 2-4 intervalında olacaq. Yüksək coğrafi enliklərdə dekabrın 8-də aktivlik 2-4, dekabrın 9-da 5-7, dekabrın 10-da isə 5-6 intervalında olacaq.
Geomaqnit sahə dekabrın 4-də Günəşdən atılan tac kütləsi hesabına mülayim səviyyədə olacaq. Bu hal dekabrın 6-da baş vermiş tac kütlə atılması hesabına 10 dekabr tarixində də davam edəcək.
Sonrakı tarixlərdə geomaqnit sahənin sakit-dəyişkən olacağı proqnozlaşdırılır.












