Yerevana çevrilən İrəvan

media-hightechnic-468x90

Qədim türk şəhərinin ruhunu sildikləri saxta erməni paytaxtı

Tarixin dərin qatlarında öz köklərini möhkəm salmış İrəvan şəhəri, əsrlər boyu Qərbi Azərbaycanın, ümumilikdə Azərbaycan türk-müsəlman dünyasının mühüm mədəni, iqtisadi və inzibati mərkəzi olmuşdur. Lakin XIX əsrin ortalarından başlayaraq, Rus imperiyasının işğalı, daha sonra Sovet hakimiyyətinin qurulması ilə İrəvanın türk-müsəlman simasını sistemli şəkildə dəyişdirməyə, hətta tamamilə yox etməyə yönəlmiş siyasətlər həyata keçirildi. Bugünkü Ermənistanın paytaxtı Yerevan isə bu proseslərin nəticəsi olaraq formalaşmış, tarixi və mədəni dəyərləri, xalqının izləri silinmiş saxta bir erməni paytaxtıdır.

İrəvanın tarixi və memarlıq irsi: Türk-müsəlman mədəniyyətinin incisi

İrəvan qədim zamanlardan Azərbaycanın türk-müsəlman şəhəri kimi məşhur olmuşdur. Zəngi çayının sıldırımlı sahilində yerləşən Dərə məhəlləsi, Dərə bağları, Təpəbaşı, Şəhər, Dəmirbulaq kimi məhəllələr min illər boyunca türk-müsəlman əhalinin yaşadığı, zəngin memarlıq və mədəni həyatın mərkəzi olmuşdur. Xanlığın ticarət mərkəzi kimi İrəvan, XVII-XIX əsrlərdə ticarət karvansaraları, məscidlər, hamamlar, sənətkar məhəllələri ilə seçilirdi. Hər bir məhəllənin öz sənətkarları, öz mədəni irsi vardı: şiləçilər, boyaxçılar, toxucular, dəyirmançılar, çəltikçilər… Bunlar şəhərin iqtisadi həyatının dayaqları idi.

Lakin 1801-ci ildən başlayaraq Rusiya imperiyası tərəfindən işğal edilən torpaqlarda bu mədəni irsə qarşı planlı şəkildə mənfi təsirlər göstərilməyə başlandı. 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra şəhərin demoqrafik və mədəni tərkibində ciddi dəyişikliklər baş verdi.

XIX əsrin sonları və XX əsr başlanğıcında İrəvanda demoqrafik dəyişikliklər və memarlıq soyqırımı

1850-ci illərdə İrəvan şəhərinin yenidən qurulması ilə bağlı ilk planlar hazırlandı. 1863-cü ildə həyata keçirilən layihə çərçivəsində şəhərin türk-müsəlman simvolu olan məscidlərin minarələri, “təhlükə” bəhanəsi ilə sistemli şəkildə söküldü. Göy məscidin minarəsi istisna idi. Əvəzində isə şəhərin ən görkəmli yerlərində erməni kilsələri ucaldıldı. Bu proses şəhərin milli simasını dəyişdirmək məqsədilə aparılırdı. Məhz bu siyasət nəticəsində İrəvanın qədim məscidləri və digər memarlıq abidələri ya tamamilə dağıdıldı, ya da erməni kilsələrinin tikintisinə əvəz edildi. Şəhərin su təminatı da əsasən Zəngi çayı, bulaqlar və kəhrizlərlə təmin olunurdu. 1898-1903-cü illərdə Gedər çayından 19 km uzunluğunda su kəməri çəkildi ki, bu işdə əsas maliyyə mənbəyi azərbaycanlı zənginlər olmuşdur.

Bu dövrdə şəhərin zəngin azərbaycanlı zadəganları – Abbasqulu Xan İrəvanski, Pənah Xan Makinski və Əli Xan Makinski kimi şəxslər memarlıq baxımından şəhərin inkişafına mühüm töhfələr vermiş, Pənah Xan Makinskinin evi və gəlir evləri həm yaşayış, həm də mədəniyyət ocağı kimi xidmət etmişdir. İrəvan 19-cu əsrin sonları – 20-ci əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynadı. 1882-ci ildə Vasaq Məmmədovun “Tamahkarlıq düşmən artırar” pyesi ilə Azərbaycan teatr truppası yaradıldı və yerli əhali arasında böyük rəğbətlə qarşılandı. Cəlil Məmmədquluzadə kimi ziyalılar İrəvanda teatr fəaliyyətində yaxından iştirak edirdi. 1912-ci ildə Mirzəxan Quliyevin rəhbərliyi altında Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun” operası böyük maraqla nümayiş olundu.

Bu illərdə İrəvanda milli ruh, milli mədəniyyət yaşamağa davam edirdi. Lakin siyasi proseslər və 1918-1920-ci illərdə Azərbaycan Milli Şurasının İrəvanın ermənilərə güzəştə getməsi nəticəsində azərbaycanlıların böyük əksəriyyəti şəhəri tərk etmək məcburiyyətində qaldı. 1920-ci ildə Ermənistan SSR-də sovet hakimiyyəti qurulduqdan sonra şəhərin azərbaycanlı əhalisinə və mədəni irsinə qarşı soyqırımı siyasəti başlandı. 1924-cü ildə Aleksandr Tamanyanın hazırladığı baş plan çərçivəsində qədim azərbaycanlı məhəllələri söküldü.

1926-cı ildən başlayaraq memarlıq abidələri və qəbiristanlıqlar məhv edildi, şəhərin azərbaycanlı məhəllələri boşaldıldı. Xaricdən kütləvi şəkildə ermənilərin köçürülməsi başlandı və onlar əsasən İrəvanda məskunlaşdırıldı. Köçürülən ermənilər fərqli dil və mədəniyyətə malik idilər, amma azərbaycanlılarla daha asan ünsiyyət qura bilirdilər.

İrəvanda yaşayan xüsusi etnik qruplardan biri də “Boşalar” idi – Hindistan, İran və başqa ölkələrdən gəlib burada məskunlaşmış erməni qaraçıları. XIX əsrdə 50 minə qədər Boşa İrəvana köçmüşdü. Lakin 20-ci əsrin sonlarında və XXI əsrdə onların sayı demək olar ki, yoxa çıxdı.

1936-cı ildən başlayaraq SSRİ və Ermənistan SSR rəhbərliyi Qərbi Azərbaycanın coğrafi adlarını erməniləşdirməyə başladı. İrəvanın adı “Yerevan” olaraq dəyişdirildi. Bu, şəhərin tarixi kimliyinin silinməsi və tamamilə saxta erməni mədəniyyəti üzərində yenidən qurulması prosesinin bir hissəsi idi.

Yeni məhəllələrin yaradılması və etnik boşluğun doldurulması

Azərbaycanca danışan, tarixi qohumluq bağları olan azərbaycanlıların kompakt yaşadığı məhəllələr boşaldıldı. Onların yerinə “Yeni Maraş”, “Yeni Zeytun”, “Yeni Kilikiya”, “Yeni Butaniya” kimi adlandırılan qondarma erməni məhəllələri salındı. Buradakı sakinlərin əksəriyyətinin şəhərlə heç bir tarixi, mədəni bağlılığı yox idi. Xatırladaq ki, 1964-cü ildə sovet hakimiyyəti uydurma erməni soyqırımının 50 illiyini qeyd etməyə razılıq verdi. 1967-ci ildə “Qanlı təpə”də abidə açıldı. Bu abidə erməniləri nifrət və torpaqlarına yiyələnmə ideologiyası ətrafında birləşdirdi. 1968-ci ildə Urartu kitabələri ortaya çıxarıldı və İrəvanın “Erebuni” kimi qondarma tarixə malik olması iddia edildi. Bu addımlar şəhərin erməni milli kimliyinin yaradılması üçün atılmış strateji addımlar idi.

Azərbaycan mədəniyyətinin İrəvanda mübarizəsi

Azərbaycanlıların sayı azalmasına baxmayaraq, 1960-70-ci illərdə İrəvanda milli ruh yaşamaqda davam edirdi. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrı öz fəaliyyətini davam etdirirdi. 1968-ci ildə Hidayət Orucovun rəhbərliyi ilə teatr gücləndi və Ermənistan teatrları arasında seçilən kollektivə çevrildi. Lakin onlara doğma şəhərdə bina verilmir və millətçi münasibətlə qarşılaşırdılar.

İrəvanın gələcəyi və tarixi ədalətin bərpası

İrəvanın azərbaycanlıların mədəni irsindən və milli kimliyindən məhrum edilməsinə baxmayaraq, tarix və zaman həmişə öz hökmünü verir. Qarabağ, Şərqi Zəngəzur və İrəvan kimi qədim torpaqlara qayıdış milli ədalətin bərpasıdır. Gələcəkdə Yerevan yenidən İrəvan olacaq – necə ki, Xankəndi, Ağdərə, Xocavənd öz doğma adlarına qovuşdular.

İrəvan üzərində aparılan etnik, mədəni və memarlıq soyqırımı Azərbaycanın milli kimliyi, tarixi və mədəniyyəti üçün hələ də davam edən bir mübarizədir. Bu mübarizədə hər bir addım, hər bir abidə və hər bir sənət əsəri milli yaddaşımızın qorunması və haqqımızın bərpası üçün böyük əhəmiyyətə malikdir./cebheinfo

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa