Sabir Rüstəmxanlı: “İranda baş verənlər bütün dünyanı narahat etməlidir“

media-hightechnic-468x90

 

Dünya Azərbaycanlıları Konqresi İranda baş verən son hadisələrlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

İran İslam Cümhuriyyətinin bir çox şəhərlərində başlanan kütləvi aksiyalar bu ölkənin dərin sosial-siyasi, mədəni və etnik-milli böhranlar içində boğulduğunu bir daha bütün dünyaya göstərmiş oldu. İran vətəndaşı olan milyonlarla azərbaycanlının taleyini düşünən hər bir soydaşımız dünyanın harasında yaşamasından asılı olmayaraq gedən prosesləri maraq və nigarançılıqla izləyir. İnsan dəyərlərinin ən ali məqam sayıldığı, sosial, milli haqların ümumbəşəri ideyalara çevrildiyi XXI yüzildə demokratik prinsiplər heç bir dövlətin daxili işi deyildir. İranda indiki rejim yaşadıqca daxili problemlərin demokratik islahatlar, insan haqları və milli dəyərlərə sayğı çərçivəsində həllinin mümkünsüzlüyünü görür və prezident Pezeşkyanın bu sahədə göstərdiyi səylərin nəticə vermədiyinə təəssüflənirik.

Dünya Azərbaycanlıları Konqresi olaraq İran etirazçılarının tələblərini haqlı saymaqla yanaşı, bu etirazlardan süni şəkildə digər qüvvələrin öz maraqları üçün istifadəsini qətiyyətlə pisləyirik. Azərbaycan Respublikasının qonşuluğunda yeni qanlı Liviya, Suriya ssenarilərini istəmirik.

Çağımızda qlobal dəyişikliklər gedən dünyadan təcrid olunmuş vəziyyətdə yaşamaq mümkün deyil. Dövlətə etimadsızlıq göstərən vətəndaşlara qarşı zor tətbiqini qətiyyətlə pisləyir, yüzlərlə vətəndaşın qətlə yetirilməsini rejimin vandalizmi sayırıq.

Dünya Azərbaycanlıları Konqresi olaraq bütün problemlərin demokratik, dinc və siyasi yolla həllinin tərəfdarıyıq. Ümid edirik, İranda insan haqları, demokratiya, söz azadlığı, milli dildə danışmaq, təhsil almaq, mətbuata sahib olmaq kimi haqlar tanınacaq, İran Konstitusiyasının 15-ci maddəsi nəhayət işə düşəcək, İranda yaşayan Azərbaycan türkləri və digər xalqlar da öz hüquqlarından istifadə edə biləcəklər.

Dünya Azərbaycanlıları Konqresi həm Pəhləviləri diriltmək, həm də indiki fars-molla rejimini qorumaq istiqamətində aparılan təbliğatların səmərə verməyəcəyinə inanır, Azərbaycan türklərinin hürriyyət və istiqlalının ancaq milli iradəyə bağlı olduğunu qətiyyətlə ifadə edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa