!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yerusəlimi heç vaxt ərəblərə güzəştə getmərik” – İsrailli ekspert

!Reklam – Yazi

İsrailli politoloq, “Davud Evi” hərəkatının baş katibi Rami Suris Yenicag.ru-ya müsahibəsində Qüdsün statusu və Türkiyə-İsrail münasibətlərinin mövcud vəziyyətini dəyərləndirib.

– Qüds ətrafında yaranmış son durumu necə qiymətləndirirsiz? Cərəyan edən hadisələr nə ilə nəticələnə bilər?

– Trampın Yerusəlimi İsrailin paytaxtı olaraq tanıması qərarı ətrafında baş verən hadisələrə sakit baxmaq lazımdır – Tramp məlum olanı etiraf edib. Ancaq onun bəyanatı o qədər də müəyyən deyil. Sözügedən bəyanat adi deklorasiyadır və orada aydın göstərilib ki, şəhərin statusu sülh danışıqları çərçivəsində aparılan danışıqlarda öz həllini tapmalıdır, eyni zamanda, ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi də bir neçə il çəkə bilər. Əslində isə Yerusəlim bu və ya başqa formada bölünmüş şəhər vəziyyətindədir.

O baxımdan, Trampın Yerusəlimlə bağlı bəyanatı hər hansı qlobal nəticələrə səbəb olmayacaq. Düzdür, onun Yerusəlimə dair bəyanatı gözlənilməz idi və etiraf edək ki, ABŞ prezidentinin bu çərçivədə dedikləri İslam aləminin qəzəblənmiş siyasətçilərinə müəyyən “kart”lar verdi. Həmin siyasətçilər Yerusəlimlə əlaqədar populist çıxışlar edərək bir-biriləri ilə yarışaraq, “populyarlıq yorğanı”nı daha çox öz üstlərinə çəkməyə çalışırlar. Başqa bir şey yoxdur.

– İsrail Türkiyənin Qüds məsələsindəki fəallığını necə qiymətləndirir?

– Yenə də tam sakitliklə və nə olacağını bilərək… Çünki ərəb dünyasında öz əvvəlki nüfuzunu itirən Ərdoğandan başqa addımlar gözləmək çətindir. Ancaq etiraf olunmalıdır ki, Ərdoğanın səs-küylü bəyanatlarına baxmayaraq, “medal”ın başqa üzü də var. Bu, Türkiyə ilə İsrailin müxtəlif sahələri, o cümlədən, hərbi sferanı əhatə edən əməkdaşlığıdır. Bəzi faktlara diqqət yetirin:

* 2017-ci ildə Türkiyədən İsrailə ixracat 30 faiz artıb. Türkiyə qarşıdakı 5 ildə İsrailə ərzaq məhsullarının ixracını 2 dəfə artırmağı planlaşdırır.

* Noyabrın 26-27-də Tel-Əviv və Yerusəlimdə “Türkiyə günü” münasibətilə mədəniyyət və kulinariya sərgisi keçirilib. Bundan 2 gün sonra – noyabrın 30-da açılan “IsraFood 2017” beynəlxalq sərgisində Türkiyənin ərzaq məhsulları ən geniş çeşiddə nümayiş etdirilib.

* İki həftə əvvəl Türkiyə ilə İsrail arasında “Isuzu” avtobus parkının modernləşdirilməsinə dair geniş müqavilə imzalanıb.

* Türkiyə Silahlı Qüvvələrinin “mexanikləşdirilmiş park”ının modernləşdirilməsi istiqamətində əməkdaşlıq bərpa olunub.

Siyasi məsələlərdə, xüsusilə Suriya böhranı üzrə Türkiyə ilə İsrailin müəyyən ümumi maraqları mövcuddur: Türkiyə də İsrail kimi, İranın Suriyada rolunun güclənməsində qətiyyən maraqlı deyil. Ona görə də tərəflər Suriyada öz hərəkətlərini koordinasiya edirlər.

Sonda onu əlavə etmək olar ki, 2016-cı ilin iyununda Türkiyə ilə İsrail arasında diplomatik münasibətlərin bərpasına dair üç dildə – ivrit, türk, ingilis – qəbul edilmiş sənəddə tərəflər “Ankara” və “Yerusəlim” (türk dilində “Əl Qüds”) kimi göstərilib. Bu da o deməkdir ki, Türkiyə hələ Trampın bəyanatından çox əvvəl dolayısı ilə Yerusəlimi İsrailin paytaxtı kimi tanıyıb. Bundan başqa, Türkiyənin səfiri ölkəsinin nota və məktublarını İsrail hökumətinə məhz Yerusəlimdə təqdim edir.

Bütün bunlardan çıxış edərək söyləmək olar ki, Türkiyə bu kimi bəyanatları ilə 2019-cu ildə keçiriləcək prezident seçkiləri ərəfəsində populyarlıq üçün “oynayır”.

Eyni sözləri başqa müsəlman ölkələrinin liderləri haqqında da söyləyə bilərik. Onlar həm İslam aləmində, həm də İsrail və ABŞ-la münasibətlərində öz maraqlarını güdürlər.

– İsrail Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıya bilər?

– Tanıya bilməz. İsrail çoxdan Yerusəlimi özünün bölünməz paytaxtı elan edib. Bu, qanunvericilikdə də təsbit olunub və İsrailin əsas hökumət kompleksləri Yerusəlimdədir.

Nizamlama prosesində istifadə olunan müəyyən ritorika var. Həmin prosesdə bu müddəa yerinə yetirilməsi mümkün olmayan bir sıra digər müddəalarla şərtlənir.

Onu da qeyd edək ki, nizamlama prosesi siyasi xarakterdən çox maliyyə xarakteri daşıyır. Bu, elə bir prosesdir ki, burada İsraillə yanaşı, ərəb dünyasının minlərlə məmuru, o cümlədən, BMT, Avropa İttifaqı, YUNESKO və başqa beynəlxalq qurumların nümayəndələri, həmçinin, Əbu Mazen kimi milyarderə çevrilmiş şəxslər “yemlənə” bilirlər. Hətta artıq HƏMAS-da İsrail ərazilərinin onun nəzarətində olmayan qruplaşmalar tərəfindən bombalanmasında maraqlı olmadığını bəyan edir.

Ona görə də hazırda Yerusəlim ətrafında yaranmış vəziyyəti siyasi texnologiya və təbliğat prizmasından qiymətləndirmək daha doğrudur.

Nicat Hacıyev

www.yenicag.az

2377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv