Yol Polisi “Baku 2015”-dən nə qədər “qazandı”?
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) sürücülərə müraciət edib.
BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, may ayının 29-dan bu gün səhər saat 10-a qədər Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda müvafiq icazəsi olmayan 1841 nəqliyyat vasitəsi barədə inzibati protokol tərtib edilib.
V. Əsədov sürücülərə bir daha bu zolaqlarda hərəkət etməməyi tövsiyə edib.
Qeyd edək ki, may ayının 29-dan iyul ayının 1-ə qədər paytaxtın bəzi küçə və prospektlərində Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.
Sarı zolaqla bağlı cərimə 40 manat olaraq nəzərdə tutulub. Bu da DYP-nin büdcəsinə 73640 manat cərimə pulunun daxil olması deməkdir.