Zatulin Paşinyan rejimini sərt tənqid etdi
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqqını açıq-aşkar şəkildə ödəmir.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
O qeyd edib ki, İrəvan Qərbə doğru yönəlmək istəyir, lakin bununla yanaşı, Rusiya ilə iqtisadi əlaqələrdən istifadə etməkdə davam edir: “Hesab edirəm ki, üzvlük haqlarının ödənilməməsi Ermənistanın KTMT-də real iştirakını müzakirə etmək üçün ən mühüm səbəb deyil. Görünən odur ki, onlar KTMT çərçivəsində hər hansı əməkdaşlığı dayandırıblar, lakin eyni zamanda Avrasiya İttifaqında qalmaqda davam edirlər”.
Zatulinin sözlərinə görə, Ermənistanın taleyi və istiqaməti gələn il keçiriləcək seçkilərdə müəyyənləşəcək: “Əlbəttə, Ermənistanın bundan sonra hara gedəcəyi barədə getdikcə daha çox danışılır… Mən, həqiqətən, ümid edirəm ki, nəhayət, Ermənistanda hər şeyini itirmiş, hər şeyi təslim etmiş, hər şeyə xəyanət edən və hakimiyyətdə qalmaqda davam edən hakimiyyətə dair suallar veriləcək”./unikal