Zatulinsayağı SƏRSƏMLƏMƏ: Kremldən gələn təxribata Bakı necə CAVAB VERƏCƏK?
“Buradan artıq Rusiyanın və Zatulin kimilərin xisləti ortaya çıxır”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Azərbaycanla bağlı səsləndirdiyi sərt sözlərə münasibət bildirib.
Deputat bildirib ki, Zatulin yenidən sərsəm açıqlamaları ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibəni şərh etməyə çalışıb:
“O, tamamilə yanlış və qeyri-ciddi mövqe ortaya qoyaraq Rusiyanın mövqeyini müdafiə etmək niyyətindədir. Artıq xarici ekspertlər tərəfindən Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyada vurulduğu sübut olunub. Təəssüf ki, Rusiyanın birbaşa təzyiqi nəticəsində hadisə ilə bağlı tədqiqatın yekun hesabatı hələ də açıqlanmır. Çünki reallıq göstərir ki, həmin təyyarənin vurulması Rusiyanın günahıdır. Lakin bu, Moskvanın maraqlarına uyğun gəlmir. Ona görə də proses yubadılır. Rusiya özündə cəsarət tapmayaraq hadisəni üzərinə götürməkdən boyun qaçırır”.
Onun sözlərinə görə, Prezident İlham Əliyev öz çıxışında bir məsələni təkrar xatırlatdı:
“Belə ki, vaxtilə Rusiya helikopteri səhvən vurulduqda, Azərbaycan dərhal üzrxahlıq edib, həm helikopterə görə, həm də həlak olan pilotların ailələrinə kompensasiya ödəmişdi. Rusiya isə bu nümunəvi hərəkəti edə bilmir. Nəticə isə iki ölkə arasındakı münasibətlərin soyumasına səbəb olur. Zatulin isə bunun əksini iddia edir, faktları danır. Hətta Azərbaycanın həmin hadisə ilə bağlı üzr istədiyini və kompensasiya ödədiyini də xatırlamadığını bildirir. Eyni zamanda o, artıq Rusiyanın Azərbaycanın işinə yaramadığını sübut etmək istəyir. Lakin Azərbaycan öz qonşuları ilə daim xoş münasibətlərin qurulmasında maraqlı olub”.
Müsahibimiz əmindir ki, təyyarə qəzasından sonra Rusiyada azərbaycanlılara qarşı qərəzli mövqenin sərgilənməsi, insanlığa xas olmayan davranış göstərilməsi, 20 il öncə hansısa cinayət işinə görə şübhəli şəxs qismində azərbaycanlıların həbs edilərək onlara qarşı qəddar davranış olunması, hətta iki nəfərin döyülərək öldürülməsi Azərbaycan-Rusiya münasibətlərinə soyuqluğa səbəb oldu:
“Rusiya siyasə rəhbərliyi proseslərin bu qədər iyrənc şəkil almasına imkan verməməli idi. Zatulin həmçinin İsrail məsələsinə toxunaraq sanki İranla münasibətlərimizi gərginləşdirməyə çalışır. Halbuki o, anlamır ki, Azərbaycan bütün dövlətlərlə balanslı və qarşılıqlı hörmətə əsaslanan əlaqələr qurmaqda maraqlıdır. Azərbaycanın İsraillə münasibətləri yüksək səviyyədə olsa da, qonşu İranla əlaqələrin normallaşması üçün də zəruri addımlar atılıb. Bir sözlə, Zatulin Rusiyanın ayıbını örtmək üçün müxtəlif bəhanələrə əl atır”.
N. Həmzəyev onu da əlavə edib ki, bu gün Rusiya Ermənistanda istənilməyən statusunu alıb:
“Səbəb isə özləridir. Əgər Rusiya öz səhvini etiraf etməzsə və yumşalma istiqamətdə addımlar atmazsa Azərbaycanda da Rusiyaya qarşı münasibət dəyişə bilər, hətta dəyişməkdədir. Rusiya ilə münasibətlərin pisləşməsini Ukrayna ilə qətiyyən əlaqələndirmək olmaz. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Rusiya ilə münasibətlər yaxşı olduğu dövrdə belə Ukraynaya humanitar yardımlarımız olub. SOCAR-ın anbarlarına olan hücumlar necə qiymətləndirilməlidir? Bəs bunu nə üçün Zatulin açıqlamır? Buradan artıq Rusiyanın və Zatulin kimilərin xisləti ortaya çıxır”.
“Qısacası, Zatulin sərsəmləməyə davam edir. Azərbaycan bərabərhüquqlu münasibətləri davam etdirmək üçün özündə cəsarət tapmayan, hələ də 1920-ci ildə işğal etdiyi ölkə kimi baxmaq istəyən Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlamağı istəməyə bilər. Səbəb isə birmənalı olaraq qarşı tərəfdir. Ümid edirik ki, Rusiya siyasi rəhbərliyi özündə cəsarət tapacaq, öz səhvlərini etiraf edəcək, Azərbaycanla münasibətlərin normallaşmasına çalışacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli