Zəfər sərkərdəsi – Ruhiyyə Əliyeva yazır

Uğurlu liderlik missiyasını 18 ildir ardıcıl nailiyyətlərlə davam etdirən cənab İlham Əliyevin xalq tərəfindən aldığı son ümummili etimaddan 3 il ötür. 2018-ci il aprelin 11-də Azərbaycanın alternativsiz rəhbəri olmaq statusunu yeniləyən Prezident bu gün qlobal miqyasda tanınan, qəbul edilən, bölgənin əsas söz sahibinə çevrilən liderdir. Mükəmməl dövlət idarəçiliyi xüsusiyyətlərini dahi siyasi xadim Heydər Əliyevdən mənimsəyən dövlət başçımız həyatının bütün mərhələlərində kamil liderlik, yüksək peşəkarlıq, ən əsası isə ali vətənpərvərlik xüsusiyyətlərini nümayiş etdirmiş, tariximizə mühüm izlər salmışdır.

Müstəqilliyimizin ilk illərində ölkəmiz ağır siyasi durumla yanaşı, həm də böhranlı iqtisadi vəziyyətdə idi. Dövlət xəzinəsi boşalmış, zavod və fabriklər yararsız vəziyyətə düşmüş, bir sözlə, ölkənin iqtisadi dayaqları tamamilə laxlamışdır. Belə bir vəziyyətdə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev ölkə iqtisadiyyatını qısa müddətdə dirçəltmək üçün xarici şirkətləri Azərbaycana dəvət edərək Xəzər dənizində olan neft yataqlarına maraq yaratmaq istəyirdi. 1994-cü ilin martında Bakıda başlayan danışıqlar sonralar İstanbul və Hyuston şəhərlərində davam etdirildi. Xarici investorları Azərbaycan neftinə sərmayə qoymağa inandırmaq üçün çox gərgin əmək sərf olunmalı idi. Xarici şirkətlərin əksəriyyəti öz maraqlarından çıxış edirdi. Belə bir vaxtda Ulu Öndər Dövlət Neft Şirkətinin Xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində işləyən İlham Əliyevi Vaşinqtona göndərdi. İlham Əliyev kamil diplomatik məharəti ilə bu danışıqlarda mümkünsüzü mümkünə çevirərək tərəfdaşları layihəyə inandıra bildi və beləliklə, “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Bu neft kontraktı Azərbaycanı inkişaf yoluna çıxardı və neft sənayesinin, bütövlükdə isə ölkənin sonrakı taleyində həlledici rol oynadı. Buradan başlayan missiyanın davamı olaraq, cənab İlham Əliyevin ölkənin elə bir sahəsi olmadı ki, orada müsbət töhfəsi, pozitiv təsiri olmasın.

2003-cü ildə xalqımız müdrik seçim edərək gələcək taleyini Ulu Öndərin siyasi varisi İlham Əliyevə etibar etdi. Son 18 ildə Azərbaycan yeni və müasir keyfiyyət mərhələsinə qədəm qoydu, istər sosial-iqtisadi, istərsə də siyasi baxımdan inkişafın Azərbaycan modeli yarandı. Bu illər ərzində dünyada Azərbaycan qədər inkişaf edən və müsbət mənada dəyişən ikinci bir dövlət olmadı. İnsanların sosial-rifahı və yaşam tərzləri inanılmaz dərəcədə yüksəldi. İlk əvvəllərdə Azərbaycan dövlətinin iqtisadi dayaqları neftdən gələn gəlirlərlə möhkəmlənsə də, sonradan neftdən olan asılılıq tədricən aradan qaldırıldı. Ölkəmizdə baş verən misilsiz inkişafın səbəbləri, əlbəttə, tək neft amili deyil. Dünyada Azərbaycandan nefti, qazı və digər təbii sərvətləri qat-qat çox olan dövlətlər var ki, orada əhali səfalət və yoxsulluq içərisində yaşayır. Burada əsas amil ölkə rəhbərinin idarəçilik və liderlik bacarığıdır.

İlham Əliyevin ağıllı və müdrik dövlət siyasəti, uzaqgörən və prinsipial idarəçilik bacarığı Azərbaycanı ön sıralara çıxardı. Müasir Azərbaycanın inkişafı, dövlət və milli maraqlarımızın qorunması, xalqın rifah halının yüksəlməsi dövlət başçımızın ali keyfiyyətləri sayəsində mümkün olmuşdur. İlham Əliyev özünün əsas vəzifəsini xalqına xidmətdə görməklə tabeliyində olan hər bir məmurdan da bunu təkidlə tələb etməsi onu insanlarımıza sevdirən amillərdən biridir. Onun siyasətinin mərkəzində daim Azərbaycan vətəndaşının mənafeləri durur. Bu səbəbdən də hər bir Azərbaycan vətəndaşı ona inanmaqla daim etimad göstərir. İlham Əliyev o liderlərdəndir ki, prezidentlik dövründə bir dəfə də olsun reytinqi aşağı düşməmiş, əksinə, daim yüksəlmişdir.

Hakimiyyətə gəldiyi ilk gündən Qarabağ məsələsi Prezidentin xarici, eləcə də daxili siyasətinin əsas xəttini təşkil edirdi. İştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Azərbaycanın 20 faiz torpaqlarının erməni qəsbkarları tərəfindən işğal edildiyini bildirməklə həmin torpaqların bizə məxsus olmasını tarixi fakt və arqumentlərlə dünyaya çatdırır, xalqımızın milli maraqlarını qoruyur və bu məsələdə ikili standart yürüdən dünya dövlətlərini, həmçinin beynəlxalq təşkilatları tənqid edirdi. İlham Əliyev hər bir zaman Dağlıq Qarabağ məsələsinin danışıqlar yolu ilə həll olunmasına çalışmış və qarşı tərəfi sülhə çağırmışdır. Müharibənin baş verməsini istəməyən Prezident mümkün insan tələfatından qaçmaqla problemi qansız həll etməyə səy göstərmişdir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” deməsi elə danışıqlar prosesinə də nöqtə qoydu. İlham Əliyev hələ Soçidəki “Valday” forumunda çıxışı zamanı buna münasibətini bildirmişdir: “Qarabağ əsl Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır və nida işarəsi”.

İlham Əliyev əminliklə bildirirdi ki, əgər sülh danışıqları nəticə verməsə, istənilən yolla Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Bunu nəzərə alan Ali Baş Komandan İlham Əliyevin daim ordu quruculuğuna diqqət və qayğı göstərməsi ordumuzu dünyanın ən güclüləri sırasına yüksəltmişdi. Və nəhayət, o gün gəldi: 27 sentyabr 2020-ci il…

Həmin gün Ermənistan növbəti dəfə təxribat törədərək Azərbaycan torpaqlarına göz dikdi. Dərhal Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi və dövlət başcısı iclasda qətiyyətlə dedi ki, Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır. Ali Baş Komandanın bir çağırışı ilə Azərbaycan xalqı onunla birlik, həmrəylik, yüksək vətənpərvərlik və əzmkarlıq nümayiş etdirməklə bir nəfər kimi bu haqq işində dövlət başçısının yanında olduğunu göstərdi. Əli silah tutan hər bir kəs ordu sıralarına yazılmaq üçün növbəyə durdu. Bu, İlham Əliyevin uğurlu siyasətinin nəticəsi və yeni tarixin başlanğıcı idi. Bu siyasətin və birliyin nəticəsində Azərbaycan Ordusu 44 gün ərzində işğal olunmuş torpaqlarımızı azad edərək mənfur düşməni bütünlüklə darmadağın etdi. İlham Əliyevin qətiyyət və iradəsi, xalq-dövlət birliyi, Azərbaycan əsgərinin peşəkarlığı və qəhrəmanlığı sayəsində Ermənistan şərtsiz kapitulyasiyanı qəbul etmək məcburiyyətində qaldı. Bu 44 gün müddətində Ali Baş Komandan həm bir siyasətçi, həm də bir ordu sərkərdəsi kimi vuruşdu.

Həmin dövrdə dünyanın bəzi media qurumları qərəzli informasiya müharibəsi aparmaqla Azərbaycanın haqq işinə kölgə salmağa çalışdı. Ermənipərəst jurnalistlərin təxribat xarakterli suallarına Prezident soyuqqanlı və məntiqi cavablar verməklə onları susdurur və Azərbaycanın bu müharibədə haqlı tərəf olduğunu bir daha dünyaya tutarlı faktlarla sübut edirdi. Ali Baş Komandan Qarabağ məsələsində hətta dünya siyasətində güc nümayış etdirən dövlətləri də məhz onların ədalətsiz mövqelərinə görə tənqid edirdi.

İlham Əliyevin çevik siyasəti nəticəsində dünyada heç bir güc mərkəzi Azərbaycanı ədalətsizlikdə ittiham edə bilməzdi. Müharibə günlərində Prezidentin çıxışları hər bir azərbaycanlının döyüş ruhunu yüksəldirdi. Hər kəs Prezidentin ard-arda verdiyi qələbə xəbərlərini səbirsizliklə gözləyirdi.

Prezidentin dəmir yumruğu birliyimizin simvolu idi. Məhz İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə bizə təkcə itirilmiş torpaqlarımızı qaytarmadı, həm də özünəinamı bərpa etdi, yüksək əzm, iradə, cəsarət və mübarizlikdən yoğrulmuş qəhrəmanlıq ruhumuzu oyatdı, bizi utanc və ümidsizlikdən xilas etdi, bizə böyük qalibiyyətdən doğan yüksək fəxarət hissi yaşatdı. İlham Əliyevin böyük təmkini, uzaqgörən siyasəti, diplomatik bacarığı, sarsılmaz iradəsi və qətiyyəti bizi Şanlı Qələbəyə addım-addım yaxınlaşdırdı. Qədim və doğma şəhərimiz olan Şuşa şəhərinin azad edilməsini məhz Şəhidlər xiyabanından elan etməsi, birinci xanım Mehriban Əliyeva ilə birlikdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək onun vəsiyyətini yerinə yetirdiyini bildirməsi bizi çox duyğulandırdı və eyni zamanda da qürurlandırdı.

İlham Əliyev müharibədən sonra işğaldan azad edilmiş torpaqlarımıza səfərlər edərək erməni vandallığını bir daha dünyaya nümayiş etdirdi. Dağılmış məscidləri, yerlə yeksan olmuş, daşı-daş üstündə qalmayan evləri şəxsən dünya mediasına göstərən Ali Baş Komandan ermənilərin bu torpaqlarda etdikləri vəhşiliklər barədə vaxtilə dediyi sözlərdə nə qədər haqlı olduğunu bir daha əyani olaraq yerində göstərdi.

İlham Əliyev bizlər üçün yalnız Prezident deyil, o, xilaskardır və ən əsası, əsl vətəndaşlıq nümunəsidir…

İlham Əliyev Azərbaycan tarixində iz qoyan qalib Sərkərdədir…

Ruhiyyə ƏLİYEVA,

Yeni Azərbaycan Partiyasının üzvü, sahibkar