Zelenski: “Putin savaşı yaşam strategiyasına çevirib”
Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammiti çərçivəsində Haaqada keçirilən müdafiə sənayesi forumunda çıxışı zamanı Alyansın hərbi xərclərlə bağlı yeni hədəfini – ÜDM-in 5%-i səviyyəsində müdafiə büdcəsi ayırma planını dəstəklədiyini bildirib.
Yenicag.az xəbər verir ki, Zelenski bu xərclərin bir hissəsinin Ukrayna Silahlı Qüvvələrinə yönəldilməsinin vacibliyini vurğulayıb. O, Rusiyanın bütün sülh təkliflərini, o cümlədən ABŞ tərəfindən irəli sürülən təşəbbüsləri rədd etdiyini xatırladıb və Prezident Vladimir Putinin savaşı siyasi yaşamaq strategiyasına çevirdiyini bildirib.
“Putin üçün yaşamaq – öldürmək deməkdir. Bizim kəşfiyyatımız bunu təsdiqləyir. Rusiya NATO ərazisində də yeni hərbi əməliyyatlara hazırlaşır. Ukraynada apardığı müharibə isə ona bu planlara hazırlaşmaq üçün fürsət yaradır”, – deyə Zelenski qeyd edib.
Prezident bildirib ki, Putinin məqsədləri Ukrayna ilə məhdudlaşmır və ona görə də Avropa ölkələri müdafiə xərclərini artırmalıdır:
“Biz hesab edirik ki, ÜDM-in 5%-i müdafiə üçün doğru səviyyədir. Birləşmiş Avropa Rusiyanın Avropada müharibə ilə nəyəsə nail ola biləcəyi illüziyasını darmadağın etməlidir”.
Zelenski əlavə edib ki, Avropa İttifaqı ölkələri hər il ÜDM-lərinin azı 0,25%-ni Ukraynanın müdafiəsinə ayırmağı öhdəlik kimi qəbul etməlidirlər. O, həmçinin Qərb dövlətlərini Rusiyanın yüksək dəqiqlikli müasir silahlarında istifadə olunan komponentlərin təchizat yollarını qapatmağa çağırıb.