“Ermənistan qlobal əhəmiyyətli bu dəhlizin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”.
Bunu Yenicag.az-a açıqlamasında Zəngəzur dəhlizinin reallaşması perspektivlərindən danışan Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, kapitulyasiya aktına imza ataraq Ermənistan 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə Zəngəzur dəhlizinin açılması öhdəliyini götürdü:
“İndi isə həmin öhdəliyi yerinə yetirməlidir. Ümumi yanaşdıqda isə Zəngəzur dəhlizi iki aspektdən bizim üçün vacibdir: ən önəmlisi Azərbaycandan-Azərbaycana maneəsiz şəkildə gedişin təmin olunmasıdır. Düzdür, hazırda Zəngəzur Ermənistanın tərkibindədir, lakin bu ərazi qədim Azərbaycan torpaqlarıdır”.
“Digər tərəfdən isə Zəngəzur dəhlizi bizi türk dünyası ilə birləşdirir. Həmçinin bu dəhlizin dünya iqtisadiyyatı üçün çox böyük əhəmiyyəti olacaq. Qərb-şərq, şərq-qərb nəqliyyat logistikasında Zəngəzur dəhlizinin rolunu xüsusi vurğulamaq lazımdır. Bir sözlə, Ermənistan qlobal əhəmiyyətli bu dəhlizin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az