Azərbaycanla Ermənistan arasındakı gərginlik artan xətlə davam edir. Tərəflər ara-sıra pozitiv mesajlar versələr də, masa arxasında danışmırlar, sahədə isə atəşkəsin pozulması halları intensivləşir. Ona görə də toqquşma, müharibə kimi iddialar ortaya atılır və bunda qeyri-adi bir halın olduğunu düşünmürəm.
Son günlər gərginliyin artmasına əsas səbəb isə Rusiyanın Zəngəzur dəhlizinin açılması yönündə atdığı addımlar, səsləndirdiyi bəyanatlardır. Rusiya əvvəllər də prosesin içində idi, ancaq indi aktiv şəkildə qoşulub. Rusiyanın prosesə qoşulmasının müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, buna qədər sahədə Azərbaycan bufer kimi istifadə olunurdu. Qarşıda Ermənistan, Fransa, ABŞ və İran vardı. Bu ölkələr konkret olaraq Azərbaycanı hədəf alırdı, İran isə Azərbaycanı ittiham edirdi. Rusiyanın aktivlik göstərməsindən sonra İran sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğu barədə bəyanat verdi və bunu birbaşa Rusiyaya ünvanladı. Beləcə zərbə dalğası parçalanmış oldu.
Məsələnin mənfi tərəfinə gəldikdə isə Rusiyanın Zəngəzur dəhlizində oturmaq istəyi və qarşı tərəfdəki ABŞ və Fransanın o dəhlizi Rusiyaya buraxmamaq məqsədi sahədə Azərbaycan və Ermənistanı toqquşduracaq. İran bütün yolların məhz onun ərazisindən keçməsini istəyir və böyük layihələrdən kənarda qalmaq niyyətində deyil.
Zəngəzur düyünündə əsas fiqurlardan biri də Türkiyədir. Türkiyə Rusiyanı, yoxsa üzv olduğu NATO-nu seçəcək? – əsas cavabı tapılmalı suallardan biri də budur. Hazırkı Türkiyə hakimiyyətinin illərdir apardığı siyasətə nəzər saldıqda bu sualın cavabı daha da qəlizləşir. Türkiyə ilə Azərbaycan münasibətləri, Şuşa Bəyannaməsi, rəsmi Ankaranın BRİCS-ə üzv olmaq üçün müraciət etməsi müəyyən işartılar verir, ancaq NATO-ya üzvlük faktoru yenə də gözardı edilməməlidir.
Tarixə nəzər salsaq, böyük güclər maraqlarını təmin etmək üçün sahədə vuruşduracaq xalqlar tapırlar. Cənubi Qafqazda da bu xalqlar ermənilər və azərbaycanlılardır. ABŞ və Rusiyanın Zəngəzur dəhlizində uzlaşacağını düşünmürəm. Ona görə də yenidən bu xalqları toqquşduracaqları istisna deyil.
“Bir kəmər, bir yol” layihəsinin Ermənistanın hansı ərazisindən keçəcəyi, əslində, məlum deyil. Hesab edək ki, bu yol hərbi müdaxilə ilə açılacaq. O zaman Arazqırağı mümkünsüz kimi görsənir. Çünki bu məsələdə İranın atacağı addımları nəzərə almaq lazımdır. İrandan isə müsbət cavab gələcəyi gözlənilmir. Çünki İranda siyasi hakimiyyət hətta buna razılıq versə belə, SEPAH qətiyyən Azərbaycanla bağlı müsbət addım atmayacaq. Qalır, digər variant. Ən qısa məsafə olan Kəlbəcər-Naxçıvan istiqaməti. Hesab edək ki, hərbi müdaxilə oldu və bu yol açıldı. O zaman daha çətin sual ortaya çıxır: Dağlarla o yolu çəkmək nə qədər mümkün olacaq? Hələ Azərbaycana qarşı görüləcək tədbirlər, sanksiyaları nəzərə almıram. Yol qış aylarında nə qədər rentabelli ola bilər?
Siyasi həll ilə məlum yolun açılması baş tutmayacaqsa, o zaman hərbi müdaxilə, qısa zamanda Ermənistana ağır zərbənin vurulması rəsmi İrəvanın kapitulyasiyaya getməsi ilə nəticələnə bilər. Beləcə ordu ərazidən geri çəkilir, yol açılır. Geri çəkilmənin özü də böyük bir problemdir. Nəzərə alsaq ki, bu, itkisiz mümkünsüzdür, o zaman geri çəkilməni xalqa izah etmək, özü də xalqın inanacağı tərzdə izah etmək lazım gələcək.
Ermənistan və Azərbaycan tərəfinin atdığı addımlara baxdıqda ordularda hərəkətlənmə müşahidə olunmur. Ancaq Ermənistan tərəfi sürətli şəkildə müdafiə xətti çəkir. Mühəndis-istehkam işləri görür. Hazırda baş verənləri hazırlıq mərhələsi adlandırmaq olar. Ermənistan tərəfinin atdığı addımlar da anormal xarakterlidir. Bir yandan Azərbaycan tərəfinin hücum edəcəyini iddia edirlər, digər tərəfdən isə atəşkəsi özləri pozurlar.
Ermənistan qədər Rusiyanın qırmızı xəttində oynayan ikinci bir dövlət yoxdur. Bir yandan ərazisini Fransa, ABŞ hərbçilərinə açıb, KTMT-də fəaliyyətini dondurub, digər yandan isə Rusiya üçün ən önəmli sayılan rus dilini əsas fənlər siyahısından çıxarıb. Yeni tədris ilindən Ermənistanda rus dili orta məktəblərdə tədrisi vacib olan baza dilləri siyahısından çıxarılıb. Faktiki olaraq Ermənistan Rusiyanın qırmızı xətti elan etdiyi hər şeyi tapdalayır. Rusiya Ermənistanı özü tapdalayacaq, yoxsa həmişəki kimi Azərbaycana tapdaladacaq – əsas düşündürcü məqam budur. 10 Noyabr bəyanatının 8 bəndinin Azərbaycan tərəfindən icra olunduğunu nəzərə alsaq, 9-a deyiləcək sözüm yoxdur.
www.yenicag.az