Zəngəzur planında YENİ MƏRHƏLƏ: Regionda Türkiyə izi böyüyür

media-hightechnic-468x90

“Türkiyənin iştirakı həm layihənin həyata keçirilməsini sürətləndirə, həm də Azərbaycan üçün etibarlı təhlükəsizlik zəmanəti kimi çıxış edə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

media-elchin_mirzebeyli_yeni_1760352740

Deputat, Ermənistanın Zəngəzur dəhlizi boyunca 1200 kv.km-lik ərazini Azərbaycanın nəzarətinə verməyi planlaşdırdığı və Türkiyənin bu bölgədə xüsusi inzibati nəzarət əldə edəcəyi ilə bağlı iddiaları şərh edib. O, bildirib ki, belə bir ssenarinin reallaşması ehtimalı regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından çoxşaxəli nəticələr doğura bilər:

“Azərbaycan son illərdə regionda dayanıqlı sülhün və qarşılıqlı faydalı əməkdaşlığın bərqərar olunması istiqamətində ardıcıl siyasət aparır. 2020-ci il Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar, eləcə də 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpası regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdəndir. Zəngəzur dəhlizinin açılması isə təkcə Azərbaycanın Naxçıvanla quru əlaqəsinin bərpası deyil, həm də bütövlükdə Cənubi Qafqazda iqtisadi inteqrasiyanın və beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsi baxımından strateji layihədir.

Əgər Ermənistan bu dəhliz boyunca maneəsiz tranzit mexanizminə razılıq verərsə, bu, tərəflər arasında qarşıdurma risklərini minimuma endirə bilər. Bu bölgə üçün yeni iqtisadi imkanlar yaradar, regionun logistika potensialını artırar və beynəlxalq ticarət axınlarını canlandırar. Azərbaycan və Türkiyə arasında mövcud strateji ittifaq, eləcə də Azərbaycan-Gürcüstan nəqliyyat xətti bu inteqrasiya modelinin əsasını təşkil edə bilər. Belə bir rejim, əgər beynəlxalq hüquqa uyğun şəkildə tənzimlənərsə, Ermənistan üçün də yeni iqtisadi və siyasi imkanlar aça bilər. Bununla yanaşı, dəhlizin işləməsi ilə yaranacaq infrastruktur və tranzit gəlirləri Cənubi Qafqazı enerji və ticarət baxımından mühüm qovşağa çevirə bilər”

Millət vəkili Türkiyənin Zəngəzur dəhlizi layihəsindəki potensial roluna toxunaraq, onun xüsusi inzibati və təhlükəsizlik funksiyasına malik olması ehtimalını yüksək qiymətləndirib:

“Türkiyənin bu prosesdə xüsusi inzibati və ya təhlükəsizlik roluna malik olması ehtimalı da beynəlxalq münasibətlər sistemində yeni reallıqlar yarada bilər. Türkiyənin iştirakı həm layihənin həyata keçirilməsini sürətləndirə, həm də Azərbaycan üçün etibarlı təhlükəsizlik zəmanəti kimi çıxış edə bilər. Türkiyənin iqtisadi və texnoloji potensialı nəzərə alınarsa, onun dəhliz infrastrukturunda operator rolunu oynaması nəqliyyat və ticarət sahəsində səmərəliliyi artırar, regionun iqtisadi dinamikasını canlandırar.
Regional sabitliyin təmin olunması üçün əsas məsələ bu proseslərin beynəlxalq hüquqa qarşılıqlı etimada əsaslanmasıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, məqsədi kommunikasiyaların açılması yolu ilə regionda uzunmüddətli sülh və inkişaf mühitinin yaradılmasıdır. Bu baxımdan, əgər dəhliz rejimi şəffaf, hüquqi əsasda və zəmanət mexanizmləri ilə təmin olunarsa, regionda təhlükəsizlik və etimad mühiti əhəmiyyətli dərəcədə möhkəmlənə bilər.

Zəngəzur dəhlizi təkcə nəqliyyat layihəsi deyil, həm də Cənubi Qafqazda iqtisadi və siyasi əməkdaşlığın yeni mərhələsini müəyyən edə biləcək strateji platformadır. Bu layihə Azərbaycanın və Türkiyənin təşəbbüskarlığı ilə formalaşmaqla, regionun gələcək iqtisadi inteqrasiyasına, beynəlxalq ticarət əlaqələrinin şaxələndirilməsinə və ümumilikdə sülh gündəminin güclənməsinə xidmət edə bilər. Əgər proseslər konstruktiv məcrada inkişaf edərsə, Zəngəzur dəhlizi Cənubi Qafqazın uzun illər davam etmiş qarşıdurma məkanından əməkdaşlıq məkanına çevrilməsi üçün real addım ola bilər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa