“Əgər zərgərlik nümunəsinin üzərində rəngi açıq, karatı iri, şəffaflığı daha çox olan daşlar varsa, bu həmin məmulatın dəyərini daha da artırır”.
Bu fikirləri zərgərlik vasitələrindən yatırım kimi istifadə olunmasının əhəmiyyətini şərh edən “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin sədri Toğrul Abbasquliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, yatırım zamanı qiymətli metallar içərisində qızıla daha çox üstünlük verilir:
“Qiymətli metallar və daşlar hər zaman ciddi yatırım aləti kimi qəbul olunub. Özəlliklə qiymətli metallar içərisində qızılı qeyd etmək mümkündür. Son dörd il ərzində qızılın birja qiymətində ciddi artım var.
2020-ci ilə qədər 1 qram 999 əyarlı qızılın qiyməti 40-42 dollar civarında dəyişirdisə, hazırda isə bu rəqəm 65-66 dollara qədər yüksəlib. Qızılın qiymətində 50 faizdən çox artımın olması çox ciddi göstəricidir. Qiymətli daşlarda, xüsusilə, brliyantın qiymətində də son bir neçə ildə 40-45 faiz artım qeydə alınıb.
Qiymətli daşlardan və metallardan hazırlanan zərgərlik nümunələrini ciddi yatırım aləti kimi qəbul etmək olar. Çünki zərgərlik vasitələri zamanla dəyər itirmir. Əgər zərgərlik nümunəsinin üzərində rəngi açıq, karatı iri, şəffaflığı daha çox olan daşlar varsa, bu həmin məmulatın dəyərini daha da artırır”.
Nuray Məmmədzadə
www.yenicag.az