Zeynəb Xanlarova Rəqsanəni təkzib etdi – “O xanım konsertinə bu yolla tamaşaçı yığmaq istəyir” – Özəl
Hazırda İstanbulda səfərdə olan millət vəkili Zeynəb Xanlarova Yenicag.az-ın əməkdaşına özəl açıqlama verib. Sosial medianı silkələyən “Rəqsanə ilə duet” məsələsinə münasibət bildirən millət vəkili bildirib ki, belə bir məsələ yoxdur:
“Mən o xanımı heç tanımıram. Nəinki onunla görüşmüşəm. Bütün bunlar şaiyədir. Hesab edirəm ki, xaricdə olmağımdan xəbər tutan o xanım konsertinə bu yolla tamaşaçı yığmaq istəyir. Hər yerindən qalxan tanınmışların adından istifadə edir və bu sənətin əleyhinə işləyir”.
Z.Xanlarova qeyd edib ki, “Mən sənət fəaliyyətim boyunca səhnəmi nəinki tanınmamış biri ilə, heç bir korifeylə belə paylaşmamışam. Bu da mənim tamaşaçıma olan sevgi-məhəbbətimdən irəli gəlib. Çox şahidi oluruq ki, bir ətəkpul töküb konsertə gələn tamaşaçı sevdiyi müğənni ilə yanaşı digərlərini də dinləməli olur. Bu sənətkarın seçimidir. Ancaq mənim seçimimdə tamaşaçı ön sırada gəlir. O Zeynəb Xanlarovanı dinləməyə gəlibsə, onu dinləyəcək. Həm də fonoqrama ilə deyil, canlı olaraq. Mən heç vaxt fonoqrama ilə konsert verib, tamaşaçımın duyğularını qırmaram. O məni necə sevirsə, o şəkildə də sevgisinə cavab alır”.
Sevər ŞAKİRQIZI
Yenicag.az